Coğrafiyaçılar səs-küyün normadan artıq həddini təyin edirlər

Coğrafiyaçılar səs-küyün normadan artıq həddini təyin edirlər
  • Cəmiyyət

  • Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu Ekocoğrafiya şöbəsinin əməkdaşları tədqiqat planına uyğun olaraq Sumqayıt şəhərində avtonəqliyyat vasitələrinin yaratdığı səs-küyün intensivliyi, onun insan sağlamlığına təsir xüsusiyyətlərinə dair çöl-tədqiqat işləri aparırlar.

    İnstitutdan LEQAL.AZ-a bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının qənaətinə görə bu problem insan orqanizmində çoxsaylı sinir, mədə-bağırsaq, ürək-damar xəstəlikləri, xroniki yorğunluq, diqqət və yaddaşın zəifləməsi, normal istirahət və orqanizmin müqavimət gücünü bərpa etməyə mane olan əsas amillərdən biridir. Bəzi ölkələrdə aparılan tədqiqatlara göstərir ki, bu səbəblərdən insan ömrü orta hesabla 10-12 il azalır.

    Coğrafiyaçılar tərəfindən Sumqayıtda aparılan çöl tədqiqatları zamanı şəhərin daha intensiv III və IV dərəcəli küçələrinin nəqliyyatın gur vaxtında müvafiq müşahidə məntəqələri seçilib. Səs-küyün diapazonu üzərində “SVAN 947” cihazı ilə ölçmələr aparılıb, orta rəqəmlər müəyyənləşdirilib.

    Müşahidələr zamanı əldə edilən yetmişdən artıq kartotekanın emalının nəticəsi olaraq şəhərin bəzi, o cümlədən, Sülh, Bakı və Koroğlu küçələrinin müxtəlif məntəqələrinin “0” nöqtəsində səs-küy miqdarının normadan orta hesabla 10 dessibeldən (dB) artıq olması təyin edilib. On metrlik məsafə göstəriciləri isə Sülh küçəsinin bəzi məntəqələrində normadan orta hesabla cəmi 5 dB artıq olub. Burada qabaqlayıcı tədbirlər görərkən müvafiq problemi nəzərdə tutmaq vacibdir.

    İnsan sağlamlığının vacibliyini nəzərə alan şöbə əməkdaşları bu problemi paytaxt Bakı daxil olmaqla digər iri şəhərlərimizdə də öyrənəcəklər.
    PAYLAŞ:

    Oxşar xəbərlər