Böyük dövlət və ictimai siyasi xadim, görkəmli yazıçı, dramaturq, bütün şüurlu həyatını doğma xalqının azadlığı uğrunda mübarizəyə həsr etmiş Nəriman Nərimanov olduqca enişli-yoxuşlu, olduqca çətin, əzablı, sözun həqiqi mənasında, siyasi vuruşlarla dolu bir həyat yaşamışdır.
Bu böyük şəxsiyyətin keçdiyi ömür yolunu diqqətlə izləyəndə hər insana, mən deyərdim, hətta, hər dahiyə müəssər olmamış qətiyyət, mübarizlik, sonsuz cəsarət və dözümlülük, çarpışdığı ideya uğrunda geri çəkilməmək, qarşısında dayanan sal qayaya da meydan oxumaq, cəhdicidayə girmək, siyasi qılınc oynatmaq, dönməz prinsipiallıq cəhətləri bariz şəkildə görünür. Tarixi şəxsiyyət olmaq, tarixdə əbədi yaşamaq demə asan məsələ deyilmiş. Bütün bunları isə Nəriman Nərimanov bütün varlığından, canından da çox istədiyi doğma xalqı – Azərbaycan xalqı üçün etmişdir.
Vaxtı ilə, «Nəriman Nərimanov xalqçıdır» deyənlər zərrəcə də yanılmamışdılar. Ancaq həmən şəxslər unudurdular ki, öz xalqını, öz yurdunu sevmədən dünyanı, bəşəriyyəti sevmək olmaz…
Bir həqiqət də budur ki: Nəriman Nərimanov heç cür siyasi burulğanlara, tufanlara (siyasət həmfirlərinin, cığırdaşlarının vəfasız, dönük çıxmaları, deyə bilərik) baş əymədi, polad təki sınmaz oldu. O, belə yaşadı, belə tanındı. Ona naxələf çıxanlar oldusa da, xalq isə onu sevdi, ona arxalandı, onu unutmadı.
Nəriman Nəcəf oğlu Nərimanov 1870-ci il aprelin 14-də Tiflis şəhərində azərbaycanlıların yaşadığı məhəllədə dünyaya göz açmışdır. Atası Kərbəlayi Nəcəf dövrünün tanınmış ziyalısı, maarifpərvər şəxs idi. Anası Həlimə xanım evdar qadın olsa da, mehriban, xoşxasiyyət, xeyirxah bir qadın idi.
N.Nərimanov 1882-ci ildə Qori seminariyasına daxil olmuş, 1890-cı ildə seminariyanı bitirir. Gənc Nərimanın arzusu ali təhsil almaq idi. Ancaq atasının ölümü, böyük bir ailənin dolandırılması onun çiyinlərinə düşür. Bunun üçün o, Qori seminariyasını bitirdiyi il, yəni 1890-cı ildə Tiflis quberniyası Borçalı qəzasının Qızıl Hacılı kəndinə müəllim işləmək üçün təyinat alır.
O dövr olduqca təlatümlü, xalqların oyanışı, fəhlə sinfinin öz buxovlarını qırmaq üçün mübarizələrə atıldıqları dövr: Avropada başlayan kommunizm ideyaları Rusiyaya və onun ucqarlarından olan Qafqaza da gəlib çatmışdı. Burada da ziyalı gənclər kommunizm «kabusu»nun təsiri altına düşür, yeni yaranan siyasi təşkilatlara cəlb olunur, milli oyanışda iştirak etməyə çalışırdılar. Zamanın lokomotivi sürətlə hərəkət etdikcə dünya bütün sahələrdə – iqtisadi, siyasi, mənəvi, milli təfəkkürdə tarixdə görünməmiş dinamika yaradırdı.
Belə bir vaxtda, çox erkən yaşlarından öz millətini, xalqını ürəkdən sevən gənc Nərimanın qarşısında, sonralar özünün dediyi kimi: «Müsəlman kütlələrinin (bütün Şərqin – M.Q.) müstəsna avamlığı və geriliyi, öz ədəbi və ictimai işimlə bu kütlələri oyadıb, inqilaba hazırlamaq vəzifəsini mənim qarşıma qoyur».
Bu məqsədlə də o, 1891-ci ildə Bakıya gəlir. O vaxt, yəni XIX əsrin sonlarında Neft Bakısı geniş tərəqqi edir, böyüyür, neft qoxusu yaxından-uzaqdan bura sərmayəçiləri gətirdiyi kimi, həm də ucuz işçi qüvvəsini – fəhlə muzdur gətirirdi. Bunlar isə yaxın bir vaxtda Bakını inqiballar, siyasi görüşlər, yeni marksist partiyalarının yaranacağı şəhərə çevirəcəkdi. Başdan-ayağa milli tribuna olan Nərimana belə məkan lazım idi. Bu məkanda yeni ideyalarla, təzə fikir və istəklərə malik bir azərbaycanlı cavan başa düşürdü və görürdü ki, onun mənsub olduğu xalq hələ yeni təfəkkürə görə çox geridir. Məmləkətdə fanatizm, xurafat olduqca istedadlı xalqın əl-qolunu bağlayır, şüurunu dirçəltməyə imkan vermir. Deməli, ən əvvəl dahi Mirzə Fətəli Axudzadənin, Abbasqulu ağa Bakıxanovun maarifçilik ənənələrini yeni dövrə, zamana uyğun şəkildə geniş və hərtərəfli, cəsarətli iş görmək lazım idi. İlkin olaraq xalqın bəsarət gözünü açmaq, zamanın, əsrin dindirdiyi məsələlərdən xalqın hali olmağına səy göstərmək lazım idi.
Bununçun, 1894-cü ildə Bakıda müsəlman kütlələr üçün ilk xalq qiraətxanası təşkil etmiş, Şərq və Qərb ölkələrindən bura üçün qəzet, curnal, kitablar, ədəbiyyat almışdır. Az bir vaxtda bu qiraətxana müsəlmanların ən çox üz tutduqları məkan olmuşdur. Bütün bunları N.Nərimanov öz hesabına görürdü. Bu bir həqiqətdir ki, bu işlər o dövr üçün böyük milli hadisə idi. Elə bu dövrdə də o, bədii yaradıcılığa başlayır. Onun bədii əsərlərində dövrün ictimai problemləri öz əksini tapırdı. Onun bu illərdə yazdığı «Nadanlıq» (1894), «Şamdan bəy» (1895, «Nadir şah» (1899), «Bahadır və Sona» (1896-1908) kimi əsərləri böyük Mirzə Fətəlinin xəlqilik və müasirlik prinsiplərinin davamı idi desək, heç də yanılmarıq.
Onun, o dövr Bakı həyatı olduqca dolğun və hərtərəfli olmuşdur. Belə ki, bədii əsərlərlə bərabər zamanın nəbzini tuta bilən publisistik məqalələr yazmış, N.B.Qoqolun «Müfəttiş» komediyasını dilimizə tərcümə etmişdir. Bunlarla kifayətlənməyən N.Nərimanov Azərbaycan və rus dillərini öyrənənlər üçün dərs vəsaitləri də hazırlayırdı.
Burada bir məsələni qeyd etməyə bilmərəm: N.Nərimanovun ilk bədii, publisistik və tərcümə əsərlərinin dili sadə, mənalı, təmiz Azərbaycan dilidir. Bu isə milliliyin, xəlqlığın bariz timsalıdır. O vaxt Nərimanovla çiyin-çiyinə çalışan, yazan insanların – xüsusən ziyalıların dili qəliz, Osmanlı ləhcəsində yazıldığından xalq kütlələri onların yazdıqlarından bir şey anlaya bilmirdilər…
Əsil xalq adamı olan N.Nərimanov isə ömrünün sonuna kimi təmiz Azərbaycan dilində yazdı, yaratdı…
N.Nərimanov 1900-ci ildə Azərbaycanın heç vaxt yaddan çıxmaz – xeyirxah insanı, böyük zəhməti hesabına mal-dövlət sahibi olmuş, təkcə öz doğma xalqının deyil, Azərbaycanda və onun uzaqlarında yaşayan müsəlmanların və həm də qeyri-müsəlman insanların missioneri Hacı Zeynalabdin Tağıyev haqqında dəyərli kitab yazır. Öz əsərində N.Nərimanov möhtərəm Hacını hamıya nümunə göstərərək yazırdı: «Yaxşılıq insanın sərvətlərindən biridir. Ancaq bu sifətə tövr-bətövr mənalar verib anlayıblar. Məsələn: bir nəfər… çox çörəklidir, yəni evinə qonaq gələndə canu-dil ilə qulluq etməyə hazırdır… Bu şəxsə «yaxşı» deyirlər… Gecə və gündüz çalışıb dövlət qazanır ki… öləndən sonra övladı üçün çoxlu dövlət qoysun – buna deyərlər «yaxşı» adam idi… və nəinki dövlətli şəxs dövlətliyə yaxşılıq edir – onlar da bir-birinə «yaxşı» deyirlər… Gərək yuxarıda zikr olunan şəxslərin «yaxşılıqları» onlar üçün xudavəndli – aləmin safpakına tanımağa, yəni ona yavuq olmağa yol açırmı? Xeyir… Çox az vaxtdan sonra bunların adları nəinki qeyrilərinin və hətta öz övladlarının dillərinə zikr olunmur, çünki həmin şəxslər öz həyatlarında yaxşılıq etmişdilər, ancaq öz nəfsləri xoş olmaqdan ötrü».
Sonra böyük ədib yazırdı: «Hərgah bu biçarələr həyatlarında öz yaxşılıqlarını cəmaətə, millətə, dinə sərt etsəydilər, əlbəttə öləndən sonra onların adları cəmaətin, millətin və dindarların qəlblərində kök salıb bağı qalardı»… İnsanın xoşbəxtliyi onun həyatından sonra ismi hörmət ilə dillərlə zikr olmaqdadır. Bu mərtəbəyə çatmaqdan ötrü fədakarlıq lazımdır…».
Sonra da müəllif əsas mətləbə belə başlayırdı:
«…Bu zati-möhtərəmlər hər əsrdə olublar, vardırlar və olacaqlar. Ümum-xeyirdən ötəri bu əsri-barizda insafımız rəva görmür ki, cənab Zeynalabdin Tağıyevi nəzərimizdən keçirtməyək, ta gələcəkdə millətin balaları bu cənabın millətə qeyrətini, vətənə məhəbbətini, insana himmətini və əhəmiyyətini, tarixdə oxuyub gözləri «rövşən və qəlbləri şad olsun».
Ötən əsrin əvvəlində N.Nərimanov Hacı Zeynalabdin haqqında yazanda yəqin ki, bu kitabın təsiredici gücünü görmək istəyirdi. Bu yazı ilə əlib, başqalarının da Hacıdan ibrət götürmələrini, xalq, milli, Vətən üçün nəsə etmələrini arzulayırdı. Yeri gəlmişkən onu da deyək ki, Hacının xeyirxahlığını N.Nərimanov da görmüşdü. Belə ki, N.Nərimanov 1902-ci ilin may-iyun aylarında ekstern qaydası ilə gimnaziyanı qurtarmaq haqqında kamal attestatı almış və həmin ildə Odessadakı Novorossiya Universitetinin tibb fakültəsinə daxil olmuşdur.
Bir çox xaricdə oxuyan tələbələr kimi Nərimanovun təhsil xərcini də H.Z.Tağıyev ödəmişdir. O da bütün ömrüboyu Hacının bu yaxşılığını unutmamışdır. N.Nərimanov 1920-ci ildə Azərbaycan SSR-də XKS-nin sədri olarkən Hacını bütün vasitələrlə qorumağa çalışmışdır. Hacının qızı Sara xanım 1992-ci ildə bu sətirlərin müəllifinə danışırdı ki, nə qədər N.Nərimanov Azərbaycandaydı bizə dəyib-dolaşan yox idi və həm də hər ay doktor bizə öz məvacibindən 25 manat (o vaxt bu, az pul deyildi) göndərirdi. Onu Moskvaya apardıqdan sonra bizim ailəyə də hücumlar başlandı.
N.Nərimanov XX əsrin əvvəllərindən inqilabçı kimi fəaliyyət göstərir. O, həqiqi marksist kimi xalqların, o cümlədən doğma xalqını, azadlığa, istismardan azad olunması üçün bu yolu seçmişdi. Hələ o vaxt o, deyirdi: «Mən hər cür istismara nifrət edirəm. 1904-cü ildə müsəlman zəhmətkeşləri arasında inqilabı iş aparmaq üçün «Hümmət» təşkilatı yaradılmışdır. İlk gündən bu təşkilatın ən fəal üzvlərindən biri N.Nərimanov idi. 1908-ci ildə N.Nərimanov universiteti bitirib Bakıya gəlir və şəhər xəstəxanasında işləməyə başlayır. Nərimanov əsl xalq həkimi idi, buna görə də milliyyətindən asılı olmayaraq zəhmətkeş kütlələr ona «bizim doktor» deyirdi.
1906-cı ildə N.Nərimanov RSFSR Proqramını Azərbaycan dilinə tərcümə etmiş və bu proqramın Azərbaycan və İran zəhmətkeşləri arasında yayır. O istəyirdi ki, onun xalqı və eləcə də müsəlman dünyası zamanın, dövrün oyanışa, tərəqqiyə, qollarındakı zəncirləri qırmaq məqamında qəflət dünyasında mürgüləməsinlər… Burada bir məsələni xüsusi qeyd etmək istəyirəm: N.Nərimanov haqqında danışılanda bir çoxu qeyd edirlər ki, o, həqiqi bolşevik olmuşdur. Ancaq, məncə, böyük zəka sahibi olan Nəriman əsl marksist olmuşdur. O, marksizmi, Marksın ictimai-siyasi ideyalarını düzgün anlayır və bu ideyaların həyata keçməsinə çalışırdı.
1906-cı ilin iyunun əvvəllərində Bakıda Azərbaycan müəllimlərin 1-ci qurultayı keçirilir. Qurultayın rəyasət heyətində bir çox məmurlarla bərabər hələ o dövrdə «millət atası» sayılan H.Z.Tağıyev də əyləşmişdi. Qurultayda Azərbaycanda təhsillə bağlı xeyli çıxışlar olunur. Qurultayda o vaxt gənc tələbə olan Nəriman da çıxış edir. Onun çıxışı olduqca odlu-alovlu, inqilabi çıxış idi. Öz çıxışında bu gənc qeyd edir ki, çarizm yerlərdə xalqların dilinə, dininə, mənəviyyatına yuxardan baxır. Gənc tribun qeyd edir ki, necə ola bilər Bakıda gimnaziya və texnikumlarda dərs deyən türk müəllimləri bir-biri ilə öz dillərində danışa bilməzlər. Bu xalqa hörmətsizlikdir. Bu barədə çar cənabların özünə etirazımızı bildirməliyik.
Rəyasət heyətində oturan Hacı Nərimana müraciətlə:
- Ay oğul, fikrinizi deyin, sözüm yoxdur. Ancaq, bir qədər yumşaq şəkildə yazın. Hacının bu sözünə Nəriman çılğın şəkildə:
- Möhtərəm Hacı, biz daha sərt və cəsarətlə hakimiyyətə öz sözümüzü deməliyik. Biz də xalqıq, ot-ələf deyilik.
Nərimanın belə cavabını gözləməyən Hacı acıqla deyir:
- Bir buna bax, mənim pulumla xaricdə oxuyur, ancaq, mənim sözümün qabağında söz deyir.
Nəriman geri çəkilmir. Hacıya üzünü tutub deyir:
- Möhtərəm Hacı, bu gündən etibarən sənin pulun mənə lazım deyil. Mən minnətlə çörək yeyənlərdən deyiləm – bu sözləri deyib, o, qurultayı tərk edir.
Ancaq, Azərbaycan müəllimləri çar Nikolaya öz kəskin məktubu yazıb göndərirlər. Məktubun yazılmasında, həm də kəskin etirazla yazılmasında, əlbəttə ki, Nərimanın cəsarəti, üsyankarlığı öz sözünü deyir…
Hər ilin sentyabr ayında H.Z.Tağıyev öz hesabdarı (mühasibi) ilə oturub birlikdə xaricdə təhsil alan tələbələrin siyahısına baxırmışlar. Sonralar Hacının hesabdarı danışırmış ki, mən siyahını bir-bir oxuyur, Hacı diqqətlə dinləyir, təhsilini başa vurmamış tələbələrin yenidən siyahıda saxlanmasını deyirmiş.
Siyahıda N.Nərimanovun adına çatanda hesabdar Hacının üzünə baxır və ürəyində də fikirləşir ki, yəqin ki, kişi, yəni Hacı «yox», «onu poz» deyəcək. Ancaq, Hacı Nərimanın adını deyəndə hesabdarın darıxdığını görüb deyir:
- Nərimanı saxla, - sonra da əlavə edir, - bir qədər dəliqanlıdır. Ancaq sözlərində həqiqət var. Ordakılar bizlərə həqarətlə baxırlar Nərimanın savadına, qələminə söz ola bilməz. Cəsarəti də xoşuma gəlir. Onu hökmən saxla.
Bu, təbii ki, Hacı Zeynalabdin Tağıyevin böyük vətənpərvər ürəyindən xəbər verirdi…
Bu illərdə N.Nərimanov Bakıda və Tiflisdə təkcə yazıçı, dramaturq, publisist, milli əqidəli, ziyalı yox, həm də ictimai mübariz, inqilabçı kimi tanınırdı. Mürtəce qüvvələr onu daban-dabana izləyirdilər. 1909-cu ilin martın 1-də o, inqilabi fəaliyyətinə görə Tiflisdə həbs edilib Metex qalasına salınır, altı ay orada saxlanıldıqdan sonra Həştərxana sürgünə göndərilir. Az vaxt içərisində doktor Nəriman burdakı yerli müsəlmanlar içərisində ən sevilən, hörmət edilən bir şəxs olur. O vaxt Həştərxanda xeyli azərbaycanlı yaşayırdı. Azərbaycanlılar hər bir iş üçün dara düşəndə ona müraciət edirdilər.
N.Nərimanov 1913-cü ildə Kazanda olarkən Novruz bayramı ərəfəsində gəlmə və yerli müsəlmanların toplantısını keçirir. Məclisdəkilərdən biri təklif edir ki, bayramla əlaqədar kasıblara yardım etmək lazımdır. Doktor o dəqiqə dillənir: bu işi saxlamaq olmaz. Elə indi kimin nəyə gücü çatırsa buyurub əlini cibinə salsın və qoysun ortalığa? Doktorun bu sözlərindən sonra məclis üzvləri xeyli pul yığıb verirlər Zeynalabdin Səfərova. Yerli qəzet bu barədə yazırdı ki, Z.Səfərov da həmən pulu şəhərdəki imkansız müsəlmanlara payladı…
1913-cü ilin sonlarında Bakıya qayıdan N.Nərimanov 1914-cü ildə Qaraşəhər xəstəxanasında həkim kimi fəaliyyətə başlayır. Burada o, ədəbi-publisistik və inqilabi fəaliyyətini davam etdirir. 1917-ci ilin iyununda «Hümmət» təşkilatı komitəsinin sədri və RSDF (b)P Bakı komitəsinin üzvü seçilir. İyulun 3-dən onun redaktorluğu elə «Hümmət» qəzeti çıxmağa başlayır. 1917-ci ilin oktyabrında bolşeviklər tərəfindən şəhər dumasına, noyabr ayında Müəssisələr məcləsinə namizəd göstərilir. 1918-ci il aprelin 25-də Bakıda və yalnız Bakıda daşnak S.Şaumyanın rəhbərlik altında Bakı Xalq Komissarlar soveti yaradıldıqda N.Nərimanova şəhər təsərrüfatı komissarlığı tapşırılır. İşə bir bax: N.Nərimanov kimi nəhəng bir şəxsə təsərrüfat komissarlığı tapşırılır, ancaq gəlmələr, həm də yerli xalqa xor baxan daşnak erməni S.Şaumyan BXKS-nin sədri və komissarlığın ən aparıcı komissarlığına P.Z.Caparidze, İ.T.Fioletov, Q.N.Korqanov, N.İ.Kolesnikova və s. seçilmişdilər. Bakı komissarlığında 10 komissardan yalnız üçü azərbaycanlı idi ki, onlara da aşağı vəzifələr verilmişdi. Belə ki, N.Nərimanov şəhər təsərrüfat komissarı M.S.Vəzirov torpaq komissarı, M.Ə.Əzizbəyov isə quberniya komissarı idilər.
Heç bir sosial bazası olmayan, azərbaycan xalqı tərəfindən qəbul edilməyən, həqarətlə baxılan, cəmi 3 ay 5 gün ömür sürən Bakı Xalq Komissarlar Soveti biabırcasına dağıldı. Onun başçıları ingilislər tərəfindən həbs olunaraq Türkmənistanın Krasnovodski şəhərinə aparıldı və sentyabrın 20-də Ağcaqum çölündə elə ingilis ordusu tərəfindən güllələndilər. Ancaq N.Nərimanov xoş təsadüfdən, iyul ayında xəstələndiyindən Həştərxana getdiyindən ingilis gülləsindən uzaq oldu. Onun ürəyi ağrıyırdı. Ağrımaya da bilməzdi. Axı, 1918-ci ilin mart ayının 31-də ermənilərin Bakıda törətdikləri soyqırım vəhşilikləri doktorun gözləri qarşısında baş vermişdi. Hörmətli doktor onu da bilirdi ki, 31 mart Azərbaycanlıların erməni daşnaqları tərəfindən soyqırıma məruz qalmasında bolşevik cildinə girmiş, təkcə azərbaycanlılara deyil, bütün türklərin, müsəlmanların qatı düşməni, türklər tərəfindən tayqulaq edilmiş vəhşi Androniklə sıx əlaqədə olan S.Şaumyanın saman altından su yeritməsi həlledici olmuşdu. Onu da deyək ki, erməni daşnakları bu qətliam-soyqırımını təkcə Bakıda deyil, demək olar ki, məmləkətimizin hər yerində – Şamaxıda, Gəncədə, Şuşada, Lənkəranda və s. həmçinin Cənubi Azərbaycanın bir çox vilayətlərində qırğınlar, qətliamlar törətdilər…
Bütün bunlar isə həssas qəlbli, vətənsevər, xalqsevər doktor Nərimanın ürəyində, qəlbində, ruhunda dərin izlər buraxmaya bilməzdi. Bu böyük şəxsiyyət onu da yaxşı bilirdi ki, quldur Şaumyanın dəyirmanına sutökənlər, ona silah, pul verənlər, ideya verənlər Moskvada yüksək işbaşında oturanlardır. Və həmin adamlara N.Nərimanov sonralar öz sözünü deyəcək, onların mənfur siyasətlərini ifşa edəcəkdi.
Həştərxana gəldikdən az sonra Həştərxan icraiyyə komitəsi maarif şöbəsinin müdiri vəzifəsində çalışır. Burada, yerli əhalinin əksəriyyətini təşkil edən müsəlmanların maariflənməsi üçün əlindən gələni edir. Doktor insanların təkcə maariflənməsi üçün çalışmırdı. O, insanların öz haqları uğrunda mübarizə aparmağı da onlara təlqin edirdi. 1919-cu ilin yanvarında N.Nərimanov Həştərxanda Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissar seçilir. Həmən ilin iyulunda işləmək üçün moskvaya çağırılır, RSFSR Xalq Xarici İşlər Komissarlığı Yaxın Şərq şöbəsinin müdiri təyin edilir. Bu, əlbəttə təsadüfi deyildi, başda V.İ.Lenin olmaqla hamı yaxşı bilirdi ki, Şərqi – müsəlman dünyasını Nərimanovdan yaxşı bilən yoxdur. Az sonra o, həm də RSFSR Xalq Milli İşlər Komissarının müavini işləyir. Burada işləyərkən Moskvanın, şərqdəki siyasətinin həyata keçirilməsində mühüm rol oynayır. V.İ.Lenin Şərq barəsində başlıca məsələlər haqqında Nərimanovun mülahizələrinə böyük diqqət verirdi. Buna görə də Lenin tapşırıq vermişdi ki, Şərq məsələsində hər hansı məsələ ortaya çıxanda əvvəlcə oldaş Nərimanovla məsləhətləşin. Çünki, Şərqi yoldaş Nərimanov bizim hamımızdan yaxşı tanıyır. Leninlə görüşlərində doktor ona Şərq xalqlarının milli xüsusiyyətlərindən, adət-ənənələrindən, öz dinlərinə möhkəm bağlı olduqlarından danışardı. Bu demək idi ki, Şərqə sosializm ideyaları ilə gedəndə xalqın milli, dini, əxlaqi xüsusiyyətləri nəzərə alınmalıdır, həm də çox həssaslıqla. Xatirələrdə göstərilir ki, növbəti görüşlərinin birində Nərimanov Leninə deyir ki, Vladimir İliç bizlərdə belə bir adət var: əgər, tutaq ki, 20 yaşında bir gəlinin əri ölürsə, əgər onların bir uşağı varsa, o gəlin bir daha ərə getmir, ailə qurmur, həyatını uşağına həsr eyləyir.
Bunu eşidən Lenin deyir:
- Bu ola bilməz. 20 yaşlı gəlin, bu ki, lap gəncdir.
- Bizlərdə belə adətlər vardır – deyə doktor Lenini inandırır.
Şərq psixologiyasını, Şərq düşüncə tərzini bilmədən Şərq insanları ilə dil tapmaq qeyri-mümkündür. Deməli, Şərq dünyasını, Şərq xalqlarını oyatmaq, onları müstəmləkə boyunduruğundan, zülmündən xilas olmaq yolununun onlara təlqin etmək çox böyük həssaslıq tələb edirdi. O vaxt, demək olar ki, bütöv Şərq Avropa müstəmləkəsi altında əsirlər idi ki, zarıyırdı. N.Nərimanov o vaxt təkcə öz xalqını yox, bütün Şərqi düşünürdü. O vaxt o, Şərq xalqlarını oyatmaq, onları hər cür zülmə qarşı qaldırmaq yollarını düşünür, araşdırırdı…
1920-ci il aprelin 25-də Zaqafqaziya müsəlmanlarının işləri ilə məşğul olan şöbənin fəaliyyətini gücləndirmək məqsədilə Nərimanov Qafqaza göndərilir və Leninin göstərişi ilə ona Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissar vəzifəsi tapşırılır.
N.Nərimanov Həştərxandan Moskvaya çağırılan gündən başa düşmüşdü ki, Sovet Rusiyası və onun başçısı, Lenin Bakını əldən verməyəcəkdir. 1917-ci il Rusiyada baş vermiş fevral inqilabından dərhal sonra, eləcə də 1918-ci ilin mayında yaradılmış milli hökumət – Azərbaycan Xalq Cümhuriyyəti dövründə Avropanın demək olar ki, bütün ölkələri, okeanın o tərəfində olan ABŞ bakı neftinə sahib olmaq üçün yollar axtarırdılar…
1920-ci il martın 17-də, o vaxt Qafqaz cəbhəsinin komandiri Q.Orconikidzeyə gizli şifrə ilə göndərdiyi teleqramda Lenin göstəriş vermişdi: «Bakını almaq bizə olduqca və olduqca zəruridir… Bütün səylərinizi buna verin…» Əgər başqa cürə olsaydı Rusiya bolşevikləri Bakı neft mədənlərini oda qalayardılar…
Az sonra – aprelin 27-də XI Qırmızı Ordu Azərbaycan Respublikasının ərazisinə soxuldu. Qırmızı ordunun zirehli, qatarı aprelin 28-də Bakıya daxil oldu. Beləliklə, Bakı işğal edildi və bütün Azərbaycanın işğalına başlandı. Zirehli qatarda G.Orconikidze, S.Kirov, A.Mikoyan və bir neçə nəfər onlara züy tutanlar da gəlmişdilər. Bu üçlük hardansa duymuşdular ki, Azərbaycan İnqilab komitəsinin sədrliyinə V.İ.Lenin N.Nərimanovu nəzərdə tutub. Tələsik olaraq, onlar - G.Orconikidze, S.M.Kirov və daşnak A.İ.Mikoyan Leninə təcili və həm də gizli şifrə ilə teleqram vururlar ki, bəs Bakıda yeni hakimiyyət onların ixtiyarına verilsin. Görünür Lenin onları da, Nərimanovu da mükəmməl tanıyırmış və kimin də hansı yuvanın quşu olduğunu da bilirmiş… Leninin bu hərəkətini təqdir etməyə dəyər. 1920-ci il aprelin 27-də Azərbaycanda Sovet hakimiyyətinin qurulması ərəfəsində Nərimanov qiyabi olaraq Azərbaycan İnqilab Komitəsinin Sədri seçilir. Mayın 16-da o, xüsusi qatarla Moskvadan Bakıya gəlir və Azərbaycan SSR Xalq Komissarlar Sovetinin sədri kimi fəaliyyətə başlayır.
A.Mikoyan və onun Ko yoldaşları təşvişə düşdülər. Çünki xalqımıza bu yad ünsürlər Nərimanov Bakıya gələnə qədər – 15-16 gün ərzində Azərbaycanı başdan-başa qarət edir, günahı oldu-olmadı insanları, əlbəttə ki, türkləri sağa və sola güllələyirdilər. O günlər Nərimanovun yerli xalq kütlələri arasında böyük hörmət və nüfuzunu görən Mikoyan demişdi: «Biz Nərimanovu İnqilab Komitəsinin sədri seçərik və onu elə mühasirəyə alarıq ki, o çox da öz nüfuzundan istifadə edə bilməsin…» Ancaq daşnak Mikoyan istədiyinə nail ola bilmədi, ona görə ki, Nəriman Nəriman idi…
Bakıya gələn kimi şəhərdəki işlərlə tanış olan Nərimanov məsələ qoyur ki, İnqilab Komitəsinin sanksiyası olmadan heç kimi güllələnməsin.
O vaxt əsas məsələlərdən biri o idi ki, «Azərbaycan Respublikası müstəqil yaşamalı, yaxud tərkib kimi Sovet Rusiyasına daxil olmalıdır?» Bu məsələdə milli idraksızlıq göstərən insanlar da az deyildi. Məsələn, MK üzvləri Ə.Qarayev, M.D.Hüseynov və b. … belə bir fikir irəli sürürdülər ki, bizə heç bir müstəqillik lazım deyil, biz Azərbaycanı Rusiyaya birləşdirməliyik. Nərimanov isə Azərbaycanı Müstəqil Azərbaycan Respublikası kimi görürdü və istəyirdi. O, Azərbaycanın müstəqillik barədə Leninlə də cəsarətlə söhbət aparmış və Lenin doktorun fikrini və arzusunu bəyənmişdi. Bu barədə sonralar Orconikidzeyə də qətiyyətlə bildirmişdi: «Azərbaycan Respublikası … müstəqil olmalıdır…»
N.Nərimanov tutduğu vəzifədən asılı olmayaraq həmişə möhkəm əqidəli beynəlmiləlçi (buna bəşərilik də demək olar) və dönməz, alovlu vətənvərpər idi. Onun üçün beynəlmiləlçilik və vətənpərvərlik bir-birindən ayrılmaz və obyektiv prosesdir. Bu isə o dövrdə Sovet İttifaqının inkişafı, sovet adamlarının tərbiyəsi üçün əsas şərt idi. Ancaq Azərbaycanda yaranmış ağır vəziyyət üçün doktor çox narahat idi. O görürdü ki, xalqın dilinə, dininə, adət-ənənəsinə xor baxılır, milli kadrlar bütün sahələrdən uzaqlaşdırılır, işlərə ruslar, ermənilər yerləşdirilir. Sürətlə ruslaşma siyasəti aparılır. 1921-ci ilin yayında Azərbaycan K(b)P MK-nın 1-ci katibi vəzifəsinə S.M.Kirovun gəlməsi milli məsələdə dərin sapmalara səbəb oldu.
Milli məsələdə federalizm prinsipləri mövqeyində duran Nərimanov, S.M.Kirovun, G.K.Orconikidzenin,
M.L.Hüseynovun, L.Mirzoyanın, A.Mikoyanın, Ə.Qarayevin, R.Axundovun Azərbaycana müstəqillik lazım deyil. O, muxtariyyət kimi RSFSR-in tərkibinə daxil olmalıdır.
Bütün bunlar göstərir ki, o vaxt, bu milli qayəli insan N.Nərimanov bu daxili və xarici qüvvələrə qarşı necə çarpışmalı olurdu. Bu böyük insanı narahat edən məsələlərdən biri də «yeni ictimai quruluş» adı ilə xalqın milli hisslərin kobudcasına tapdalanmağa başlanması idi.
Yuxarıda dediyimiz kimi, 1921-ci ilin yayında Azərbaycan partiya təşkilatına rəhbərlik S.M.Kirova həvalə ediləndən sonra respublikanın bütün dövlət aparatında gəlmələr – ermənilər, ruslar çoxluq təşkil etməyə başladılar. Yerli xalqa, onun adət-ənənələrinə yad baxışlar yarandı. Rəhbərlikdə olan azərbaycanlılar da təsir altına düşdülər, bir çox məsələlərdə öz xalqına biganə oldular, onlarda kommunist əqidəsi milli təəssübkeşliyə üstün gəlirdi. Çoxu S.İ.Kirovun, S.Orconikidzenin, İ.Stalinin təbliğatına uyaraq, başdan-ayağa milli, xəlqi olan N.Nərimanova qarşı çıxdılar, ona böhtanlar atdılar, onu «xalqçı» adlandırdılar. Doğrudur, Nərimanov da bolşevik idi, lakin təmiz əqidəli, beynəlmiləlçi bir şəxsiyyətdi. O öz doğma xalqını sevir, onun dilinə, adət-ənənələrinə hörmət edirdi. Nərimanov həqiqi sosializmin carçısı idi, bütün şüurlu həyatını vətəninin azadlığı, xoşbəxtliyi uğrundakı mübarizəyə həsr etmişdi. Ancaq… çox-çox sonralar başa düşdü ki, aldanıb. Onda da artıq gec idi. O öz xalqını, vətənini təkcə özgələrindən yox, həm də öz aramızdakı dünyagirlərdən, mənsəbpərəstlərdən qorumalı olurdu…
N.Nərimanov islam dininə münasibətdə də obyektiv mövqedə idi. O, mövhumatın, fanatizmin qəti düşməniydi, ancaq bütövlükdə dinin əleyhinə çıxmırdı, dindarlara hörmətlə yanaşır, təbliğat işində inandırma metoduna üstünlük verirdi.
Ateizm dalğasının viranediciliyini duyan bu böyük insan və həqiqi inqilabçı müsəlmanları müdafiəyə qalxdı. N.Nərimanov hələ 1918-ci ildə Həştərxanada müsəlman kommunistlərinin və məsul işçilərinin yığıncağındakı nitqində tövsiyə edirdi ki, müsəlman xalqları arasında ateizm təbliğatı aparılarkən yerli şərait nəzərə alınmalı, tam ehtiyatla hərəkət etməli və xalqın adət-ənənələrinə hörmət edilməlidir.
Görünür, N.Nərimanovun bu mövqeyi qeyri bolşevikləri, elə lap Leninin özünü də bu sahədə ehtiyatlı olmağa sövq etmişdi. Belə ki, 1921-ci ilin martında RK(b)P MK-nın müsəlmanlar yaşayan vilayətlərin partiya təşkilatlarına müraciəti işlənib hazırlanarkən V.İ.Lenin milli ucqarlarda ateizm təbliğatında N.Nərimanovun təklif etdiyi metod və formaları nəzərə almağı tapşırmışdı.
Sovet hakimiyyəti qələbə çaldıqdan sonra Rusiyada və həmçinin digər yerlərdə Qərbə həddən ziyadə aludəçilik meylləri vardı. Şərq bir növ kölgədə qalmışdı.
N.Nərimanov təkcə Azərbaycanı yox, bütün Şərqi düşünürdü. O öz məruzə və çıxışlarında Türküstan, Əfqanıstan, Türkiyə, İran və digər Şərq ölkələri ilə aparılan siyasətə xüsusi diqqət yetirirdi.
Şərq siyasəti yalnız xarici dövlətləri deyil, həm də sovet şərq respublikalarını maraqlandırırdı. Sovet Şərqi xalqlarının öz müqəddəratını təyin etməsi problemi daha çox problemlər doğurmuşdu. N.Nərimanov bu məsələlərlə əlaqədar dəfələrlə V.İ.Leninlə danışmış, İ.V.Stalinə müraciət etmişdi. Türküstandakı vəziyyətlə bağlı yazırdı:
«Türküstandakı siyasətimizə mənim nə qədər əhəmiyyət verdiyimi məruzəmdən görmək olar ki, buruada mən yol. Stalinə Genuyaya yola düşənə qədər yerlərdə özümüzün yaratdığımız nöqsanlarla tanış olmaq üçün mənimlə birlikdə türküstana yola düşməyi təklif etdim».
Bu haqda danışarkən Nərimanov xalqın dini hisslərinin təhqir edilməsini, ateizm təbliğatında dindarlarla fərdi iş aparmaq əvəzinə zor göstərmək metodlarından istifadə hallarını nəzərdə tuturdu.
Azərbaycanda sovet hakimiyyətinin ilk illərində və sonralar da özünü göstərən bu nöqsanlar Nərimanovu çox düşündürürdü. Məruzəsində ürək ağrısı və hiddətlə yazırdı ki, onun olmamasından istifadə edən (bu zaman o, Genuyada idi) bəzi respublika rəhbərləri matəm günlərində «şaxsey-vaxsey» yürüşünü qadağan etmişlər. Nəticədə əsgərlərlə fəhlələr arasında toqquşma olmuşdur.
Nərimanovun fikrincə, ateizm təbliğatında inandırma və izah etmə metodu əsas götürülməli idi. O yazırdı: «Mən qəti olaraq repressiya əleyhinə idim, lakin bununla belə, biz məscidlərə gəlib, qara camaatı dilə tuturduq ki, küçələrdə özlərinə işgəncə verməsinlər. Bir nəticəsi oldumu? Qəti surətdə bildirirəm ki, nəticəsi oldu. Məsciddə çox nüfuzlu bir molla bu günlərdə küçələrdə özlərinə işgəncə verənlərin hərəkətlərini möhkəm tənqid etməyə başladı. Lakin buna baxmayaraq, bu il özlərinə işgəncə verənlər oldu». Nərimanov daha sonra davam edirdi: «Dinə qarşı materialist kimi çıxış etmək bir şeydir, bu mərasimlərin icrasını qadağan etmək məqsədilə silahlı qüvvə tətbiq etmək başqa şey».
Nərimanov belə hesab edirdi ki, «ancaq vəzifə almaq xatirinə kommunizm ideyalarını yayanları» cəzalandırmaq lazımdır.
N.Nərimanov xalqın uzunəsrlik adət-ənənələrinə qarşı olduqca ehtiyatlı olmağı məsləhət görürdü. Müsəlman qadınlarının çadra örtməsinə qarşı kampaniya aparılanda o, təkidlə tələb edirdi ki, ictimai həyatın yenilənməsi prosesində vaxtından əvvəl ifrata varıb, çadranı qadınların başından dartmaq lazım deyil, bunun acınacaqlı nəticəsi ola bilər – ər arvadını, ata qızını, qardaş bacısını öldürər. Təbiidir ki, xalqımızın bu böyük ictimai xadimi və yazıçısı azərbaycanlı qadınların ömrü boyu çadraya bürünməsinin əleyhinə idi. Lakin xalqının milli psixologiyasını yaxşı bildiyindən bu işdə ehtiyatlı olmağı, tələsməməyi tövsiyə edir və deyirdi ki, həyatın inkişafı özü tədricən köhnəliyin qalıqlarını aradan qaldıracaqdır.
Nə qədər ki, Nərimanov Azərbaycanda idi, o, xalqın milli hisslərinə həm özü hörmət edirdi, həm də başqalarını buna dəvət edirdi.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Nərimanov XKS-in sədri olanda dəfələrlə Təzəpir məscidinə gedib, əsl müsəlman qaydası ilə orda bardaş qurub oturub, din xadimləri və dindarlarla söhbət etmişdir. Kütlələr içərisində həqiqi din xadimlərinin nüfuzunu Nərimanov yaxşı bilir və yeri gələndə bundan istifadə edirdi.
Vaxtilə Nərimanovu görən, onun çıxışlarını dinləyən yaşlı nəslin bir sıra nümayəndələri söyləyirdilər ki, bir çox məsələləri yoluna qoymaq üçün Nərimanov din xadimləri ilə görüşür, onlarla məsləhətləşirdi.
Bir dəfə o, Təzəpir məscidində dindarlar və camaat qarşısında çıxış edib, gənc azərbaycanlı oğlanlarını neft və digər sənaye sahələrində işləməyə çağırır. Deyir ki, qoy özümüzkülər işləsin, gənclərimiz sənətə, texnikaya, elmə yiyələnsinlər, belə olarsa, özgələrə ehtiyacımız olmaz. Sonra o bu iş üçün din xadimlərindən kömək etmələrini təvəqqə edir. Deyirlər ki, Nərimanovun həmin çıxışından sonra minlərlə gənc azərbaycanlı sənayenin müxtəlif sahələrində çalışmağa başladı. Əlbəttə, bu işdə bütün xalq kimi Nərimanova böyük hörmət bəsləyən din xadimlərinin rolu da olmuşdu.
Xatirələrdə söylənilir ki, Nərimanov Azərbaycanın rayon və kəndlərində olanda da camaatla məscid həyətində görüşür, söhbət edir, yerlərdə əhalinin dərdindən, istəyindən hali olurdu. Nərimanovun Gəncədə, Şuşada, Bakıda, Lənkəranda, Masallı və başqa yerlərdəki məscidlərdə xalqla görüşləri hələ də xatirələrdə yaşayır.
N.Nərimanov 1920-1922-ci illərdə Azərbaycan XKS-nin sədri işlədiyi müddətdə qoca sərkərdə (ona qarşı çıxanlar onu «Qoca» - yəni köhnə fikirli, geridə qalan bir rəhbər adlandırırdılar.
Ancaq, N.Nərimanov başdan-ayağa milli olduqca həm də beynəlmiləlçi, sosializm (əlbəttə Marks və Engelsin yazdıqları və görmək istədikləri həqiqi sosializm) ideyalarına bağlı şəxs idi. O, qurama sosializm adında yaradılan ictimai-siyasi quruluşu qəbul edə bilmirdi. Onun Azərbaycandakı 2 illik həyatı kirovlara, mirzoyanlara, mikoyanlara və həm də yerli kosmopolitlərə qarşı gərgin mübarizədə keçdi. Ancaq o, bu az müddətdə öz xalqı, Vətəni üçün çox işlər gördü. Belə ki, Azərbaycanı müstəqil – Azərbaycan Sovet Sosialist Respublikası kimi qəbul etdirdi. Çox gərgin mübarizələr şəraitində İ.Stalinlə, G.Orconikidze və erməni daşnakları ilə pəncə-pəncəyə gələrək Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində saxlanılmasına nail oldu. Azərbaycan dilinin, mədəniyyətinin inkişafı üçün yaddaqalan, unudulmayan tarixi işlər gördü.
1922-ci il dekabrın 30-da SSRİ yaradılarkən N.Nərimanov RSFSR-dən SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri seçilir. SSRİ MİK-in 4 sədri seçilmişdi. RSFSR-dən Kalinin, Ukraynadan Çerviyakov, Belarusiyadan Petrovski və dediyimiz kimi ZSFSR-dən (Zaqafqaziyadan) Nərimanov sədr seçildilər. Heç şübhəsiz, belə bir mötəbər vəzifəyə Leninin istəyi olmadan seçilmək olmazdı…
N.Nərimanov Azərbaycandan gedəndən sonra Azərbaycan əldən-ələ keçdi. Doğrudur, Nərimanov Moskvada olarkən də Azərbaycanla daima maraqlanır əlaqə saxlayırdı. Ancaq bütün bunlara baxmayaraq yerlərdə avtoritar bir recim yaradıldı. Rusiyada nə qayda-qanun vardırsa və yaranırdısa, çox tezliklə Azərbaycanda bunlar qəbul olunur və fəaliyyət göstərirdi.
SSRİ MİK-nin sədri seçildikdən sonra Nərimanov özünün böyük istedadı və qabiliyyəti ilə Kremldə çox iş gördü. O, ən mühüm dekret, qərar və qətnamələrin hazırlanmasında, xarici siyasət tədbirlərində, xüsusən də Şərq məsələlərində, Şərq siyasətində mühüm rol oynamışdır. SSRİ-də Şərqşünaslıq Elmi Cəmiyyətinin təşkilində və onun «Novıy Vostok» curnalının təsis olunması məhz onun xidmət, cəsarətinin nəticəsiydi…
1922-ci ilin sonlarına yaxın Lenin xəstələnib yatağa düşür və onu müayinə edən həkimlər bildirirlər ki, bolşeviklər partiyasının banisi və ilk sosialist dövlətinin yaradıcısı Leninin yataqdan qalxması müşkul məsələdir.
Belə şəraitdə İ.Stalin hakimiyyəti, demək olar ki, öz əlində cəmləşdirir. Stalin Lenin deyildi və ola da bilməzdi. Lenində burcuaziyaya qarşı böyük amansızlıqlar vardısa da, bununla birlikdə o, yetərincə uzaqgörən siyasətçi, stratetik, kadrlara bacarığına, dəyanətinə, təmizliyinə görə qiymətləndirən bir rəhbər idi. Nərimanov bunları bilirdi və çox keçmədi Nərimanov başa düşdü ki, ölkədə sosializm baş-ayaq olacaq. Çox keçmədi amirlik prinsipi əsas prinsip oldu. Şərqə münasibət də kökündən dəyişdi. Ölkədə repressiya tüğyanı başladı. Xalqların milli, dini hissləri, adət-ənənələri tapdalanır, respublikalarda yerli dillərdə iş aparılmır, etiraz edənlər ellikcə məhv edilir. “Qolçomaq” burjuaziya ünsürü adı ilə minlərlə, milyonlarla ailələr insan yaşamayan yerlərə sürgün edilirlər. Məqsəd bu idi: SSRİ-də bir dil – rus dili, bir mədəniyyət, bir düşüncə tərzi olmalıydı…
Bəşəri qayələrlə yaşayan N.Nərimanov bunlara dözə bilməzdi və dözmədi də.
Yuxarıda demişdik ki, nərimanov bolşevik idi. Ancaq həqiqi bolşevik idi. Məncə «bolşevik» sözünü, marksist» adlandırsaq daha ədalətli olar. Ona görə də o, ölkədə so ializm adı ilə görülən eybəcər işləri böyük vicdanı ilə həzm edə bilmirdi, içində də saxlaya bilmirdi. Qərara gəldi ki, ölkədə baş verən sonu görünməyən eybəcərliklər və eybəcərlikləri sosializm, partiya adından yaradanları göstərsin, ifşa etsin və etdi də…
N.Nərimanov 1923-cü ilin yayında «Ucqarlarda partiyamızın tarixinə dair» (İ.V.Stalinə məktub) çox geniş məruzə yazır və onu məxfi sənəd kimi RK(b)P MK-ya İ.V.Stalinə, surətləri isə L.D.Trostski və K.B.Radekə göndərir. Məruzə iki hissədən ibarətdir: 1. Şərq məsələsi, 2. Azərbaycanda vəziyyət. Məruzədə bir çox məsələlərə də yer verilmişdir. Məruzə çox emosional tərzdə yazılmışdır. Məktubda Nərimanov SSRİ-də milli siyasət, Azərbaycanda milli dövlət quruculuğu, fəhlə-kəndli münasibətləri, sol kommunistlərin milli məsələdə yol verdikləri əyintilərə öz fikirlərini bildirirdi. Bu fikirlərin özəyi o idi ki, biz (yəni SSRİ) Qərbə həddən artıq aludə olub, Şərqdən uzaqlaşırıq. Axı Şərq siyasətində belə sapmalar Şərqin də sovet respublikalarına da başqa münasibət yaradırdı.
Moskvaya gəldikdən sonra Nərimanov Azərbaycanda yaranmış ağır vəziyyət bu vətənpərvər insanı olduqca narahat edirdi. Həm Bakı partiya təşkilatının, həm də Bakı Sovetinin bolşevik donunda olan ermənilər və başqa millətlərin əlində olması şəhərdə yerli əhalinin kəskin narazılığına səbəb olurdu. Azərbaycanlı fəhlə hər hansı bir məsələ üçün öz dilində ərizə yazırdısa, onun ərizəsi qəbul edilmir, həmin fəhləyə «ərizəni dəyişdir, rus dilində yaz» deyirdilər. O, Siyasi Büroya yazdığı məktubunda belə dərin məsələlərə toxunurdu. O, öz məktubunda tərkibinin çox az faizini yerli əhali təşkil edən Bakı Sovetinin məsul işçilərinin siyahısını göstərir və bunun milli siyasətin təhrif edilməsi sayırdı. Nərimanov Siyasi Büro qarşısında məsələ qaldırır ki, Bakıda hasil olan neft məhsullarının müəyyən faizi Azərbaycan üçün ayrılsın. Bununla əlaqədar məktubunda yazırdı: «Azərbaycan kəndlisi ağ neft olmadığı üçün talaşa yandıranda, azərbaycanlı vətəndaş Tiflisdə ağ neftin Gəncədəkindən ucuz satıldığını görəndə… tənə, ittiham eşitməyə məcbur olursan…
Sonra o, davam edirdi: «Mən həmişə bu nöqsanları göstərirdim və əlbəttə «millətçi» adını qazanmışam».
O vaxt bunları yazmaq, göstərmək, tələb etmək asan məsələ deyildi. Bununçun böyük cəsarət, mərdanəlik lazım idi. Məktubu oxuyanda hiss edib, görməmək mümkün deyildir ki, N.Nərimanovda neçə böyük, hətta sözlə ifadə edilməsi mümkün olmayan cəsarət, mərdlik, mübarizlik və səmimilik vardır.
SSRİ-də yeni ictimai quruluşun əsas məsələlərindən biri azad millətlərin ittifaqını möhkəmləndirmək, onların könüllü olaraq birləşməsinə nail olmaq idi. Əlbəttə bu işdə tələsməyə yol vermək olmazdı. Ancaq, ölkədə qarşıda duran məsələləri tez, sürətlə və birdəfəlik həll etməyə çalışanlar inandırmağa çalışırdılar ki, sərt mərkəzləşdirmə bunun üçün isə amirlik metodları – ən yaxşı metodlardır. Nərimanov belə yanaşmanın əleyhinə idi. Məhz buna görə də Azərbaycan və Zaqafqaziya partiya təşkilatlarının bəzi rəhbərləri ilə bu məsələdə N.Nərimanov arasında ixtilaflar yaranmışdı.
Bütün bunlar barəsində öz məktubunda Siyasi Büroya məlumat verərək bu işlər aydınlıq gətirir. onun mülahizələrinin doğru olduğunu mərkəzdən gələn yoxlamaların nəticəsi də sübut edirdi…
Nərimanov bir milli patriot kimi Bakıda yuva salmış, hələ də daşnak libasını soyunmamış, yeni bolşevik şinelinə bürünmüş erməni liderləri – Mikoyanı, Mirzoyanı, Sarkisi və başqalarını, sözün həqiqi mənasında ifşa edirdi. Erməni ünsürlərinin partiya və sovet idarələrində iş fəaliyyətlərini «yoxlamaq lazımdır» deyirdi. Ermənilərin buməlqun sifətlərini doktor çox yaxşı bilirdi və onların qlaflarını, onları müdafiə edən, onlara sipər, arxa olan Stalinin, Orconikidzenin, Çiçerin və b. olduğunu da bilirdi və yeri gələndə açıq, çəkinmədən, heç nədən qorxmadan deyirdi. Mikoyan və onun Ko-ları başdan-ayağa beynəlmiləlçi olan Nərimanovu millətçi kimi qələmə verməyə çalışırdılar. O, yazırdı: … Mənim «Bahadır və Sona» romanım yol. Mikoyan hələ daşnak olarkən müvəffəqiyyət qazanmışdı. Onda nə üçün 20 il keçdikdən sonra mən millətçi olmalıyam, yol.Mikoyan isə beynəlmiləlçi». O vaxt BEKA (Bakı Partiya Komitəsi) ermənilərin əlində idi. Bu barədə məktubunda o, açıq göstərirdi ki, «Mikoyandan sonra BEKA-nın katibi Sərkis olur. Sərkisdən sonra isə Mirzoyan. Çox güman ki, Mirzoyandan sonra Kasparov olacaq və i.a. Mən bildirirəm ki, bu, ağılla düşünülmüş və düzgün hesablanmış bütöv bir plandır… bir çox mülahizələrə görə hələlik erməni yoldaşların görkəmli, məsul vəzifələrə təyin edilməsini dayandırmaq vacibdir».
Mən çox səmimiyyətlə deyirəm ki, o dövrdə belə yazmaq, hər şeyi olduğu kimi göstərmək, tələb etmək hər oğulun işi deyildi. Nərimanov isə təkcə cəsarətli dövlət millət xadimi deyildi, Nərimanov siyasi cəngavər idi. Belə şəxsiyyətlər isə çox az olur…
Tarixi bir həqiqətdir ki, ta qədimdən Azərbaycan torpağı olan Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması Nərimanovun misilsiz çarpışması, dönməzliyi nəticəsində olmuşdur. 1921-ci ildə Stalin və Orconikidze və b. Dağlıq Qarabağın Ermənistana verilməsinə tərəfdar idilər. Yenə təkrar edirəm, məhz millətimizin qeyrətli oğlu Nərimanovun dönməzliyi nəticəsində Qarabağ Azərbaycan SSR-in tərkibində qaldı. Bu barədə öz məktubunda Siyasi Büroya məlumat vermişdi.
Siyasi Büroya yazdığı məktubunda Qarabağla bağlı parçanı olduğu kimi oxuculara çatdırmaq istəyirəm. Bügünkü nəsil bunları bilməlidir…
Nərimanov yazırdı: «Mənim Azərbaycanda daşnak işi haqqında mülahizələrimin o biri yarısı, fikrimcə, elə bu il məlum olacaqdır. Dağlıq Qarabağ Mirzoyanın güclü təsiri altında Muxtar Vilayət elan edilmişdir. Mənim vaxtımda (oxu: 1920-1922-ci illərdə) bu mümkün olmamışdı, ona görə yox ki, mən bu muxtariyyətin əleyhinə idim, sadəcə olaraq ona görə ki, erməni kəndlərinin özləri bunu istəmirdilər. Mirzoyan bu müddət ərzində erməni daşnak müəllimlərin köməyi ilə zəmin hazırladı və məsələni Zaqafqaziya Diyar Komitəsinə keçirdi. Bu məqamdan kəndlilərin və türklərin (azərbaycanlıların M.Q.) kəndlilərə münasibəti olduqca kəskinləşmişdi. Azərbaycan kəndlilərinin və Azərbaycan partiya və sovet işçilərinin erməni kəndlilərinə münasibəti nəzərdə tutulur. Daha sonra Nərimanov sözünə davam edirdi. Daha sonra Gəncənin dağlıq hissəsi haqqında məsələ gəlir və i.a. Azərbaycanda daşnak siyasəti tam gücü ilə həyata keçirilir» Nərimanov Azərbaycanda aparılan antitürk, antiazərbaycan siyasətinin arxasında kimlərin durduğunu çəkinmədən göstərirdi. O, yazırdı: Mənim zərrə qədər şübhəm yoxdur ki. Serqo və Stalinin simasında AKP MK biz türklərə etibar etmir və azərbaycanın taleyini erməni daşnaklarına tapşırır. Nə kimi nəticə olacağanı demək çətindir, lakin əgər olsa, bunun bütün məsuliyyəti Serqo və Stalinin üzərinə düşəcəkdir. Maraqlı odur ki, bu şəxslər elə fikirləşir ki, türklər o qədər axmaqdırlar ki, bütün bunları başa düşmürlər… Bakı təşkilatının və əlbəttə, Serqonun işini xarakterizə edən misal budur. Serqonun siyasəti isə Stalin tərəfindən müdafiə edilir. Nərimanov öz məktubunda xüsusi olaraq vurğulayırdı ki, Stalin, Orconikidze biz türkləri sevmir, Çiçerin Şərqi tanımır… Gedəcək yolumuz yoxdur. Azərbaycanda vicdanlı işçilər… Mən təkrar edirəm, yaddan çıxarmayacaqlar».
Burada onu da xüsusi vurğulamaq lazımdır ki, Nərimanov Stalin, Orconikidze, Çiçerin, Kirov, Mikoyan və b. ilə uzun illər yaxın təmasda olmuş, aralarında isti, belə demək olarsa, bolşevik münasibətləri olmuşdur. Ancaq, milli təəssübkeşliyini, heç kimə güzəştə getməyib. Bax, N.Nərimanov belə kişi olmuşdur.
Nərimanov öz məktubunu Siyasi Büroya elə bir vaxtda yazmışdı ki, V.İ.Lenin xəstə idi, bütün hakimiyytə isə, demək olar ki, Stalinin əlində cəmləşmişdi.
1921-ci il oktyabrın 17-də RK (b) P MK Siyasi Bürosu, Azərbaycanda Kommunist partiyasının milli siyasətinin keçirilməsi haqqında» direktiv qəbul edilmişdir. Onu da deyək ki, bu direktivin layihəsi İ.Stalin, G.Orconikidze, N.Nərimanov, M.Hacıyev və M.Qasımovdan ibarət komissiya tərəfindən işlənib hazırlanmışdı. Direktivlərdə azərbaycanlıların milli, məişət xüsusiyyətlərinin nəzərə alınması zəruriliyi qeyd edilirdi. Azərbaycanın coğrafi mövqeyi, strateci vəziyyəti nəzərə alaraq, onu nümunəvi Sovet Respublikasına çevirmək məqsədi qarşıya qoyulmuşdu. Azərbaycan Şərq üçün nümunəvi respublika olması göstərilirdi. Ancaq, belə bir direktiv göstərişlərinin işdə mərkəz tərəfindən Azərbaycanda başayaq aparıldığını görən milli patriot Nərimanov bunlara dözə bilmir, silahdaşlarının siyasi və mənəvi sapmalarına qarşı açıq-açığına, heç kimdən çəkinmədən, heç kimdən qorxmadan, üzlərinə, mərdi-mərdan öz sözünü deyirdi.
N.Nərimanov Azərbaycanda mərkəz – Moskva tərəfindən aparılan düzgün olmayan siyasət haqqında vaxtilə V.İ.Leninə də bildirmişdi. Bu həm də təkcə «bildiriş» yox, kəskin etirazlar idi. 1921-ci ildə N.Nərimanovun V.İ.Leninə göndərdiyi məktub heyrətamiz cəsarətlə yazılmışdır. Məktubda mərkəzin Azərbaycanın suveren hüquqlarını pozduğu qeyd olunur. N.Nərimanov məktubda yazırdı: «Əziz Vladimir İliç. Dəhşətli vəziyyət yaranmışdır. Mərkəz (yəni Moskva – M.Q.) Gürcüstan və Ermənistanın müstəqilliyini, Azərbaycanın istiqlaliyyətini tanımış, lakin eyni zamanda o, Mərkəz, Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistana verir. Əgər bu ərazilər Gürcüstana verilmiş olsaydı, əfkari ümumiyyə ilə bir təhər mübarizə aparmaq olardı. Lakin Ermənistana, daşnaklara vermək, düzəldilməsi mümkün olmayan, pis nəticələr verə biləcək səhvdir» - Mərkəzdən hər gün nümayəndələrin gəlib respublikanın daxili işlərinə qarışmasını heç cürə qəbul etməyən Nərimanov daha sonra yazırdı: «Əziz Vladimir İliç, məgər «Müstəqil Azərbaycan» Sizin dilinizdən çıxmamışdırmı?» İndi vəziyyət belə bir şəkil alır: həmişə Denikini müdafiə etmiş Ermənistan müstəqillik qazanmış və üstəlik də Azərbaycanın ərazilərini almışdır… Azərbaycan isə həm ərazisini, həm də müstəqilliyini itirir». Daha sonra bu cəsarət mücəssəməsi yazırdı: «Vladimir İliç, çox millətli əhalinin hüquq və hissləri ilə belə zarafat etmək olmaz. Siz inanmayın ki, Azərbaycan çoxsaylı şüurlu rus fəhlələri yaşayan Bakı deməkdir. Bu kobud səhvdir. İndi Bakıda şüurlu müsəlman fəhlələrinin sayı iki dəfə çoxdur. Bəs bütün Azərbaycan kəndliləri.
Mən qəti surətdə bildirirəm: əgər Siz də bizim dəlillərə diqqət yetirməsəniz, məcbur olacağıq ki, bizim geri çağrılmağımız barədə Mərkəz qarşısında məsələ qoyaq. Onda qoy tarixən dolaşıq milli məsələləri belə asanlıqla həll edənlər bura gəlsinlər. O zaman bilərik ki, bizim mənasız – Şərqə doğru – çığırtımız nə deməkdir… və bütün bunların müqəssiri kimdir. 1-ci Mərkəzin xəbərsizliyi və 2-ci Mərkəzdə oturmuş erməni daşnak-kommunistlərinin iyrənc işi».
Deməli, N.Nərimanov bütün səviyyələrdə erməni daşnaklarına və onların havadarlarına qarşı həmişə mübarizə aparmış, onların çirkin sifətlərini ifşa etmiş, öz sözünü demiş, heç şeydən çəkinməmişdir. Mərhaba belə kişiliyə!
Ancaq bütün bunlar bu böyük şəxsiyyətə, bütöv Şərqi düşünən başa baha gəldi.
N.Nərimanov 1925-ci il martın 19-da qəflətən vəfat etdi. Şərq xalqlarının inqilabi rəhbərinə və imperializm zülmü altında olanların azadlığı uğrunda bütün varlığı ilə çarpışmış yenilməz mübarizin həyatı söndü…
Doğrudur, N.Nərimanov Qızıl Meydanda dəfn olundu. Həmən gün bütün dövlət idarələrində iş dayandırıldı. Dəfn günü – martın 23-ü matəm günü elan edildi, həmin gün SSRİ və müttəfiq respublikaların hökumət binalarında, SSRİ-nin xaricdəki diplomatik binalarında və hərbi, ticarət donanmasının gəmilərində dövlət bayraqları beş dəqiqəliyə endirildi. O vaxt N.Nərimanovun adını əbədiləşdirmək üçün işlər də görüldü. Belə ki, Bakıda, Həştərxan da onun adına rayon, Özbəkistan SSR-də şəhər, Moskvada küçə, SSRİ-nin bir çox yerlərində onun adına məktəblər, ali məktəb, mədəni-maarif ocaqları verildi… Ancaq, çox keçmədi.
N.Nərimanovun düşmənləri baş qaldırdılar (yəqin ki, Mərkəzin razılığı ilə) bütün İttifaqda «narimanovşina» - «nərimanovçuluq» baş aldı. Kim ki, öz vətəni, xalqı haqqında səmimi, isti söz dedisə, o adamı «nərimanovçu» adlandıraraq yerlə-yeksan edirdilər, onları sosializmin düşmənləri adlandırırdılar. Ölkədə onun adına nə vardısa üstündən qara xətt çəkdilər.
Bir xeyli belə davam etdi. Onun adını doğma xalqına belə unutdurmağa çalışdılar. XX əsrin 40-50-ci illərin nəsli artıq N.Nərimanovu tanımırdı. Ancaq, hər hökmü bir zaman verir - deyirlər. Stalinin vəfatından sonra bir çox həqiqətlər öz yerini aldı. Böyük S.Vurğun dediyi kimi, "qızılı udsa da qara torpaqlar, yenə qiymətini özündə saxlar". Artıq ötən əsrin 60-70-ci illərində N.Nərimanov haqqında məqalələr, sonra kitablar yazılmağa başlandı. Bütövlükdə isə N.Nərimanovu təkcə öz doğma xalqına yox, bütün Şərqə yenidən bəxş edən böyük Azərbaycanlı Heydər Əliyev oldu. 1970-ci ildə N.Nərimanovun anadan olmasının 100 illiyi tamam oldu.
Respublikanın başçısı Heydər Əliyevin rəhbərliyi altında çoxlu tədbirlərin keçirilməsi nəzərdə tutuldu. Bundan xəbər tutan ermənilər, onların Mərkəzdə – moskvada yüksək kürsüdə əyləşənləri, xüsusən Azərbaycan xalqının qatı düşməni S.Şaumyanın oğlu "Bolşaya Sovetskaya Ensiklopediyasının" baş redaktorunun birinci müavini, siyasi aləmdə at oynadan L.Şaumyan bu işə mane olmağa başladılar. Onlar SSRİ rəhbərliyinə N.Nərimanovun millətçi olduğu haqqında yalan məlumatlar göndərirdilər. Onlar bilirdilər ki, Heydər Əliyev Nərimanovun Bakıda möhtəşəm heykəlini ucaltmaq istəyir. Buna mane olmaq üçün nələr etmirdilər. Ancaq, Heydər Əliyev də Heydər Əliyev idi. Heydər Əliyev də istedadlı dövlət xadimi olmaqla bərabər, həm də yüksək dərəcədə xalqını, millətini sevən, prinsipial, səriştəli vətənpərvər idi. O, dəfələrlə L.İ.Brejnevlə, Suslovla görüşdü, həqiqəti onlara çatdırdı, nəhayət, erməni dəstəsilə 2 illik savaşı onun qələbəsi ilə nəticələndi. Bakının ən görkəmli yerində N.Nərimanova möhtəşəm heykəl ucaldı. L.Şaumyan və onun K0-ları, sözün həqiqi mənasında yana-yana qaldılar. Vaxtı ilə Nərimanov daşnak erməni kommunistlərini necə ifşa edirdisə, 50 il sonra Nərimanov əməllərinin dahi davamçısı Heydər Əliyev onları göz qabağına soxmağı bacardı.
1972-ci ildə Heydər Əliyev N.Nərimanovun heykəlinin açılışında demişdir: "Nəriman Nərimanov bu gün də bizimlədir. O, özünün nəhəng qaməti ilə burada qocaman Xəzərin dalğaları üzərində ucalır, vuruşlarda və yaradıcı əməyi şöhrətini qazanmış Bakıda ucalır və tanınmaz dərəcədə dəyişilmiş respublikamızın düzlərinə elə bir iftixarla nəzər salır, xalqın səadəti uğrunda çarpışmış mərd mübarizlə görüşə gəlmiş zəhmətkeşlərin çoxmillətli dəstələrini diqqətlə gözdən keçirir".
O vaxtlar Heydər Əliyevin hər bir çıxış və nitqləri bütün ittifaq miqyasında yayılırdı və ermənilərə dağ çəkirdi.
Heydər Əliyev Nərimanovun adının əbədiləşdirilməsi üçün təkcə respublikamızda deyil, bütün Sovet İttifaqında çox işlər görür. 1977-ci ildə Bakıda N.Nərimanovun ev muzeyi açıldı. Ulyanovski şəhərində Nərimanov prospektində Nərimanovun büstu qoyuldu. Abidənin açılışında Heydər Əliyev iştirak etmiş və geniş nitq söyləmişdir.
Vətənini, xalqını bütün varlığı ilə sevən Heydər Əliyev Azərbaycan xalqının dəyərli övladlarının adlarının əbədiləşdirilməsi üçün, belə şəxsiyyətlərin xalqa, Vətənə qaytarmaq üçün titanik işlər görmüşdür.
Bu gün Heydər Əliyev yolunu, ideyalarını, arzularını ləyaqətlə, həm də böyük məharət və istedadla həyata keçirən Prezident İlham Əliyev cənabları xalqımızın adını, şərəfini, milli qürurunu qoruyan bütün şəxsiyyətlərə böyük hörmətlə, böyük diqqətlə yanaşır, onların unudulmasına imkan vermir. Nəriman Nərimanovun 150 illiyinin respublikamızda keçirilməsi barədə Prezidentin verdiyi sərəncam buna layiqincə sübutdur.
Bütün həyatını doğma xalqının və eləcə də bütün Şərqin azadlığı, xoşbəxtliyi uğrunda fəda etmiş görkəmli dövlət və siyasi xadim, görkəmli ədib, dramaturq, publisist, həkim, müəllim və ən ümdəsi əsl xalq adamı, vətənpərvər şəxsiyyət olan Nəriman Nərimanovun adı xalqımız tərəfindən həmişə yad ediləcək, əbədiyaşar bir şəxs olacaqdır.
Musa Quluzadə,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru,
tarix elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar müəllim