Bu gün Kimyaçı alim Yusif Məmmədəliyevin doğum günüdür

Bu gün Kimyaçı alim Yusif Məmmədəliyevin doğum günüdür
  • Cəmiyyət

  • Dekabrın 31-i dünya şöhrətli kimyaçı alim, kimya elmləri doktoru, Dövlət Mükafatı laureatı, akademik Yusif Məmmədəliyevin doğum günüdür.

    LEQAL.AZ akademik Y.Məmmədəliyevin adını daşıyan Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovun görkəmli alimə həsr etdiyi məqaləsini təqdim edir.

    Yüksək mədəniyyətli, geniş, ensiklopedik diapazonlu, Vətəninə, xalqına bağlı şəxsiyyət, dahi alim Y.Məmmədəliyev XX əsr bəşər elminin yaradıcılarından biri, Azərbaycanın fəxri ziyalısı, əbədi yaşayacaq insanlardandır. Y.Məmmədəliyevin qısa, lakin parlaq ömrünü düşündükcə bir daha əmin olursan ki, özü üçün deyil, Vətəni, xalqı üçün yaşayan insan xoşbəxtdir. Bəlkə, elə bu səbəbdəndir ki, belə şəxslərin ömrü xalqının ömrü qədər uzundur. O, zaman etibarilə bizdən uzaqlaşdıqca, ruhən bizə yaxınlaşır, doğmalaşır.

    Elm korifeyi, akademik Yusif Heydər oğlu Məmmədəliyev 1905-ci il dekabrın 31-də Ordubad şəhərində doğulub. Görkəmli alimin uşaqlıq illəri möhtəşəm sıra dağların ətəyində yerləşən, adı qədim yazılı mənbələrdə qeyd edilən, Azərbaycanın böyük və şərəfli tarixinin nişanələri ilə zəngin olan bu diyarda keçib. O, 1911-1917-ci illərdə Ordubadda şəxsi məktəbdə təhsil alıb, sonra orada yaradılan yeni tipli məktəbdə təhsilini davam etdirib. 1918-1920-ci illərdə Təbrizdə ingilisdilli məktəbdə təhsil alıb. 1921-ci ildə Ordubadda gimnaziyanı “əla” qiymətlərlə bitirib, ibtidai məktəbdə müəllim işləyib. 1926-cı ildə Ali Pedaqoji İnstitutun təbiət fakültəsini müvəffəqiyyətlə bitirib. Bu ali təhsil ocağında Y.Məmmədəliyev görkəmli kimyaçı professorlarımız S.Hüseynov və M.Xanlarovdan dərs alıb. Y.Məmmədəliyev kimya elminə olan dərin marağını və sevgisini nəzərə alıb, 1929-cu ildə kimya biliklərini daha da dərinləşdirmək məqsədilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunub. Dünya kimya elminin görkəmli alimlərindən olan akademik N.Zelinskinin laboratoriyasında elmi-tədqiqat işləri aparmağa başlayıb. 1931-ci ildə N.Zelinskinin və A.Balandinin rəhbərliyi ilə “Etilenin katalitik hidrogenləşməsinin kinetikasının öyrənilməsi” mövzusunda ilk elmi-tədqiqat işini müvəffəqiyyətlə yerinə yetirib.
    Y.Məmmədəliyev böyük vətənpərvər idi və onun ürəyi daim doğma Azərbaycan ilə döyünürdü. O, hər zaman öz elmi fəaliyyətini vətənində davam etdirmək istəyib. 1932-ci ildə vətənə qayıdan alim keçmiş Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Üzvi kimya kafedrasına müdir təyin olunub. Bir tədris ili orada işlədikdən sonra Bakıdakı V.Kuybışev adına Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutunda (indiki AMEA Neft-Kimya Prosesləri İnstitutu) işə başlayıb. Onun əsas elmi fəaliyyəti bu institutla bağlı olub və böyük alim burada gənc tədqiqatçıdan akademikliyədək şərəfli yol keçib. Y.Məmmədəliyev bu elm müəssisəsində kimyaya aid intensiv axtarışlar aparmağa və ilk məqalələrini çap etdirməyə başlayıb. Alimin məqalələri, bir qayda olaraq, nəzəri əhəmiyyəti ilə yanaşı, dövrün praktik tələbatına uyğun nəzəriyyə ilə təcrübə arasında canlı körpü idi. Y.Məmmədəliyev elmi axtarışlarının hər bir mərhələsində zəmanəsini qabaqlaya bilib və hələ gənc yaşlarından unikal tədqiqatları ilə seçilib. Müasir dövrümüzdə tədqiqatlarına başlanan bir çox məsələlər haqqında hələ o dövrdə alim uzaqgörənliyi ilə əvvəlcədən elmi mülahizələr və hipotezlər verib, bu istiqamətlərin gələcək inkişaf perspektivlərini zəmanəsində müəyyənləşdirə bilib. Müasir qloballaşma dövründə hələ indi perspektivləri açılan bir çox tədqiqatın, o cümlədən hidrogenin yanacaq kimi istifadəolunma imkanlarını ilk dəfə hələ o zaman göstərib. Elinə, obasına, ana təbiətə vurğunluqla yaşayıb yaradan Y.Məmmədəliyev elmin sirlərini yüksək sədaqət hissi, gərgin və yorulmaz əməyi ilə açaraq bir sıra dünya əhəmiyyətli kəşflər edib və yaşadığı şərəfli ömrü zəngin xəzinəyə çevirə bilib.

    Ümummilli lider Heydər Əliyev dahi alimin əməyini, kimya elminin inkişafında verdiyi töhfələri yüksək qiymətləndirib: “Yusif Məmmədəliyevin həyatı, yaradıcılığı, əsərləri və qoyduğu böyük elmi irs Azərbaycan xalqının tarixinin böyük bir fəslidir, hissəsidir, parçasıdır. Yusif Məmmədəliyev heç vaxt unudulmayacaq, zaman keçdikcə onun Azərbaycan xalqının tarixindəki yeri daha da açıq görünəcəkdir və insanlar, gələcək nəsillər Azərbaycanın belə şəxsiyyətləri ilə fəxr edəcəklər”.

    Akademik Y.Məmmədəliyev dünyada ilk dəfə Azərbaycan nefti və təbii qazlarının tədqiqinə başlayıb, onların kimyəvi tərkibinin müəyyənləşdirilməsində uğurlu nailiyyətlər qazanıb. Bu təbii sərvətlərin yeni neft-kimya və neft emalı prosesləri üçün əvəzsiz təbii mənbə olduğunu elmi cəhətdən əsaslandıraraq sübut edib. Tədqiqatlarında hər zaman bu zəngin mənbədən istifadə etməyə üstünlük verib, bundan əhəmiyyətli məhsulların alınması üçün geniş işlər aparıb. Neft və təbii qazların hidrogenləşməsi, dehidrogenləşməsi, hidratlaşması sahəsində ilk dəfə yüksək nəticələr əldə edərək bir sıra gərəkli maddələrin, o cümlədən etil spirtinin, süni kauçukun, süni liflərin və sair yeni alınma üsullarını işləyib hazırlayıb. Bu metod ilə Azərbaycanda ilk dəfə süni kauçukun istehsalına başlanılıb.
    Y.Məmmədəliyev ilk dəfə neft qazlarının müxtəlif üsullarla ayrılması, xlorlaşması, etilen və asetilenə çevrilməsi, doymamış qazların bromlaşması, onların hidratlaşması, hidrogen sulfidlə qarşılıqlı təsiri və alınan halogenli birləşmələrin xalq təsərrüfatında və tibbdə istifadə olunmasına dair müvəffəqiyyətli tədqiqat işləri aparıb. Dünya alimlərinin öhdəsindən gələ bilmədiyi, əsrlər boyu müəmmalı qalan problemləri bu böyük alim həll edib - “qaynar lay” katalizator təbəqəsini tətbiq etməklə halogenləşmə proseslərində inqilabi dönüş yarada bilib. Y.Məmmədəliyevin üsulu ilə Azərbaycanda halogenli karbohidrogenlərin istehsalı üçün böyük halogenləşmə sənaye və yarımsənaye pilot qurğuları və zavodlar tikilib. Bu metod müxtəlif ölkələrdə də tətbiq edilib. Bu üsul ilə sənaye miqyasında müxtəlif sahələrdə strateji əhəmiyyətə malik, həmçinin dərman preparatları, həlledicilər, pestisidlər və digər məhsullar alınıb. Həmin dərman preparatları minlərlə insanı yoluxucu xəstəliklərdən qoruyub. Digər birləşmələr isə xüsusilə aviasiya sənayesində yüksək səmərəliliyə malik həlledicilər, yanğınsöndürmə əleyhinə maddələr kimi geniş istifadəsini tapıb. 1938-ci ildə Moskva Dövlət Universitetinin elmi şurası azərbaycanlı alimin əsasən neft qazlarının tədqiqi sahəsindəki yüksək əhəmiyyətli işlərini, dərin nəzəri ümumiləşdirmələrini nəzərə alaraq, ona dissertasiya müdafiə etmədən kimya elmləri namizədi alimlik dərəcəsi verib.

    Dahi alimin 1941-1945-ci illər müharibəsi dövründə müstəsna xidmətləri olub. Qələbənin yaxınlaşmasında əvəzsiz xidmətləri olan Y.Məmmədəliyev bu dövrdə neft kimyası və neft emalının vacib proseslərindən olan alkilləşmə sahəsində misilsiz nailiyyətlər əldə edib və yeni kəşflərə imza atıb. Nəticədə onun üsulu ilə yüksək çıxımla alınan və strateji əhəmiyyətli məhsullar olan alkilaromatik birləşmələr cəbhənin məqsədləri üçün geniş istifadə olunub, həmçinin “Molotov kokteyli” yeni tərkibdə işlənib hazırlanıb. Top mərmilərinin və minaların hazırlanmasında ən çox istifadə olunan trinitrotoluol (trotil) partlayıcı maddəsinin əsas komponenti olan toluolun yüksək çıxımla alınması, təyyarələrin yüksək uçuşunu təmin edə bilən yüksək oktanlı və çox aşağı donma temperaturuna malik yanacaqların hazırlanması onun adı ilə birbaşa bağlıdır. Alimin elmi ixtiralarına əsasən 1941-1944-cü illərdə Bakı neftayıranları cəbhəyə milyon tonlarla yüksək keyfiyyətli benzin veriblər. Görkəmli akademikin Azərbaycan nefti əsasında aldığı yüksək keyfiyyətli, oktan ədədi 120-yə bərabər olan, aşağı donma temperaturuna malik bu qiymətli yanacaq İkinci Dünya müharibəsində aviasiya yanacağı kimi də istifadə olunaraq qələbəyə birbaşa yol açıb. Y.Məmmədəliyev bu rəşadətlərinə görə bir çox təltiflərə, o cümlədən Dövlət Mükafatına layiq görülüb. O, 1943-cü ildə doktorluq işini müdafiə edərək kimya elmləri doktoru alimlik dərəcəsi və professor elmi adını alıb. Akademik Y.Məmmədəliyevin bu sahədə kəşfləri nəinki səmaları, hətta kosmosu fəth etməyə imkan verib. Bu metod ilə alınan yüksək keyfiyyətli raket yanacaqlarından Yerin ilk süni peykinin buraxılması və insanın kosmosa uçuşunda istifadə edilib. Dahi alim haqlı olaraq Qələbə Paradına və Yuri Qaqarinin kosmosa ilk uçuşu münasibətilə təşkil olunan ali tədbirə dəvət olunub və orada ölkəmizi layiqincə təmsil edib.

    Elmi axtarışlarını yorulmadan və daim zənginləşdirən alim sonradan alkilləşmə sahəsində tədqiqatlarını genişləndirərək toluolun, etilbenzolun, ksilolların, kumolun, trimetilbenzolun, xlor, brom və oksibenzolların, tetralinin, naftalinin, tsikloheksanın alkilxloridlərlə, alkenilhalloidlərlə alkilləşməsinin kinetikasına, mexanizminə və bu alkilləşmə reaksiyalarının mexanizminin müəyyənləşdirilməsinə həsr olunan onlarla məqalə və məruzə çap etdirib. Azərbaycanda polimerlər kimyası üçün monomer və digər neft-qaz emalı məhsullarının polimerləşməsi sahəsində ilk tədqiqatların aparılması və onların məntiqi ardıcıllıqla davam etdirilməsi dahi alimin adı ilə bağlıdır. Azərbaycan elmini dünyada tanıdan akademikin polimer kimyasında əvəzsiz xidmətləri olub. Polimer kimyasının əsasını təşkil edən reaksiyaqabiliyyətli monomerlərin, onların əsasında xüsusi təyinatlı polimerlərin yüksək effektivliklə alınması ilk dəfə onun tərəfindən həyata keçirilib. Bu üsullar nəinki ölkəmizdə, hətta onun hüdudlarından kənarda belə tanınıb və sənayedə uğurla tətbiq edilib.

    Doğma vətəni Azərbaycanın zəngin təbii sərvətlərinin tədqiqi, onların kompleks şəkildə istifadə olunması Y.Məmmədəliyevin xoş amallarından biri idi. Bu baxımdan Naftalan neftinin tərkibi, təsir mexanizminin dərin araşdırılması, geniş müalicəvi əhəmiyyətinin təyin edilməsi üzrə alimin ilk dəfə apardığı işlər xüsusi əhəmiyyətə malikdir.

    Misilsiz və əvəzsiz xidmətlərinə görə Y.Məmmədəliyev Azərbaycanın ilk kimyaçı akademiki, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) rektoru, iki dəfə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. Bu illər ərzində elmimizin inkişafı və milli mədəni dəyərlərimizin qorunması uğrunda yorulmadan çalışıb, onlarla elmi-tədqiqat institutu, yeni istiqamətli laboratoriya, kafedra və elm ocağının yaradılmasına nail olub.

    Y.Məmmədəliyevin Azərbaycan elminin təşkili, dünya elminə inteqrasiyası sahəsində əvəzsiz xidmətləri olub. O, heç də elmlə az məşğul olmayıb. Y.Məmmədəliyev böyük nüfuza, fitri təşkilatçılıq qabiliyyətinə malik alim idi. O, 1945-ci ildə kimya elmləri sahəsində müstəsna xidmətlərinə görə bu sahədə ilk akademik seçilib. Y.Məmmədəliyevin istər akademiyanın, istərsə də bir çox müəssisələrin açılmasında, elmimizi ucaldan alimlərin hazırlanmasında misilsiz xidmətləri olub. Akademik Y.Məmmədəliyev neft kimyası, neft kimya sənayesi, neft emalı, polimer kimyası elmləri üzrə uğurlu kəşfləri ilə haqlı olaraq dünya şöhrəti qazanıb və gələcək nəsillər üçün zəngin irs qoyub. O, Azərbaycan kimyaçılarının iftixar mənbəyi olan “Yusif Məmmədəliyev məktəbi”ni yaradıb. Bu məktəbin nümayəndələri elmin yüksək zirvəsinə qalxaraq professor, elmlər doktoru, akademik kimi şərəfli adlara və elmi dərəcələrə layiq görülüb. Y.Məmmədəliyevin elmin inkişafı naminə gördüyü işlər bütün insanlığa xidmət edib. O, Azərbaycan Elmlər Akademiyasının (EA) iki dəfə (1947-1950-ci illər, 1958-ci ildən ömrünün sonuna kimi (1961) prezidenti seçilib. 1948-ci ildə Y.Məmmədəliyevin təşəbbüsü ilə respublikamızda siyası və elmi bilikləri yayan, sonradan “Bilik” adlandırılan cəmiyyət təşkil edilib. Alim 1951-1954-cü illərdə Azərbaycan EA-nın Fizika-kimya elmləri və neft bölməsinin akademik-katibi olub. Y.Məmmədəliyev 1952-ci ildən respublika Sülhü Müdafiə Komitəsi idarə heyətinin üzvü idi. Humanist amallı alim bu təşkilatda xeyli səmərəli fəaliyyət göstərib. Sülhün carçısı kimi, atom və nüvə silahlarının təhlükəsini əvvəlcədən görərək, nüvə enerjisinin ancaq sülh məqsədləri üçün, bəşəriyyətin xeyrinə istifadə olunmasını tələb edib.

    Y.Məmmədəliyev 1954-1958-ci illərdə ADU-nun rektoru olub. O, tədris və elmi–tədqiqat prosesində xeyli mütərəqqi dəyişikliklər həyata keçirib. Universitetin təzə tədris korpusunu və poliklinikasını, yeni-yeni kafedralar, problem laboratoriyaları təşkil edib. Dəqiq elmlər sahəsində son nailiyyətləri əhatə edən yeni tədris proqramları tərtib etdirib, universitetin Sovet İttifaqının və xarici ölkələrin məşhur ali məktəbləri ilə əlaqəsini möhkəmləndirib. Universitetdəki nümunəvi fəaliyyət dövlət tərəfindən yüksək qiymətləndirilərək bir sıra ordenlərə layiq görülüb.

    Böyük ensiklopedik biliyə malik olan alimin yaradıcılığı təkcə kimyanın müxtəlif sahələrini deyil, kimya elminə yaxın olan elmləri də əhatə edib. O, müxtəlif sahələrin mütəxəssislərini heyran edəcək dərəcədə hərtərəfli məlumata malik idi. Akademik elmi problemlərin gələcəyini aydın görür, təşkilati məsələlərdə fitri istedad, bacarıq nümayiş etdirirdi. Y.Məmmədəliyevin təşəbbüsü ilə xalq kütlələri arasında elmi biliklərin yayılmasını və elmi yeniliklərin həyata tətbiqi məsələlərini əks etdirən “Elm və həyat” jurnalı təsis olunub.

    Azərbaycanda Astrofizika Rəsədxanasının təşkilində Yusif müəllim müstəsna rol oynayıb. Onun şəxsi nüfuzu və zəhməti bahasına Avropada ən böyük teleskop bu rəsədxanaya Almaniyadan gətirilib. Nəinki kimya sahəsinin, hətta humanitar elmlərin, elm tarixinin mahir bilicisi olan akademik Y.Məmmədəliyev yüksək vətənpərvərlik hissi ilə Azərbaycanda hələ o dövrdə Əlyazmalar Fondunun yaradılması, Qobustan abidələrinin qorunub saxlanılmasına, qədim Azərbaycan eposu olan “Kitabi-Dədə Qorqud” dastanının, Qafqaz Albaniyasının tarixinin tədqiqinə, “Nizamişünaslıq” elminin əsasının qoyulmasına, Böyük Şərq şair və mütəfəkkiri Nizami Gəncəvinin Bakıda abidəsinin ucaldılmasına nail olub. Bununla yanaşı, alim o dövrdə Azərbaycan dilinin dövlət dili kimi qəbul olunması və geniş istifadə edilməsi üçün heç nədən çəkinməyərək bütün qüvvəsi ilə çalışıb və bu istiqamətdə müstəsna rolu olub. Yüksək mədəniyyətli, geniş, ensiklopedik bilikli, Vətənə, millətə bağlı şəxsiyyət və alim Yusif Məmmədəliyev XX əsr bəşər elminin yaradıcılarından biri, Azərbaycanımızın əsl ziyalısı kimi qəlbimizdə əbədi yaşayacaq.

    PAYLAŞ:

    Oxşar xəbərlər