1993-cü il 2 aprel tarixində Ermənistan ordusunun hissələri tərəfindən Kəlbəcər rayonu işğal edildi. İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. İşğal etdikləri bütün digər ərazilərimizdə olduğu kimi erməni vandalları Kəlbəcərdə də talançılıqla məşğul olublar. İşğal nəticəsində rayonun bütün infrastrukturu talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. Qəbul olunmuş bütün beynəlxalq konvensiyaların baza prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin qanunsuz məskunlaşdırılmasına başlanmışdır.
Beynəlxalq təşkilatların ölkəmizə qarşı həyata keçirdikləri ikili standartlar siyasəti erməni qəsbkarlarının işğal dövründə getdikcə daha da azğınlaşmalarına yol açırdı. O cümlədən, Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul etmişdi. Həmin Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədilər. Əksinə, vasitəçilik missiyasını üzərinə götürmüş beynəlxalq qurumlar da əslində münaqişəni dondurmaq üçün səy göstərirdilər. Bütün bunlar ermənilərin daha da azğınlaşmasına və ölkəmizə qarşı yeni ərazi iddiaları irəli sürmələrinə yol açırdı. Buna görə də torpaqlarını işğaldan azad etmək üçün müharibə aparmaqdan başqa yolu qalmayan Azərbaycan 2020-ci ilin sentyabr ayında əks hücum əməliyyatlarına başladı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə həm 30 illik işğala son qoydu, həm də illərlə kağız üzərində qalan BMT Qətnamələrinin icrasını təmin etdi.
Bu tarixi missiyanı Azərbaycan təkbaşına həyata keçirmiş oldu. Şanlı Ordumuz tərəfindən müharibənin ilk günlərində Kəlbəcərin şimal hissəsinin nəzarətə götürülməsi barədə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev belə demişdir: “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq.” Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Ölkə Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunub. Həmçinin 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.
Vətən müharibəsində əldə edilmiş tarixi Qələbədən sonra, azad olunmuş bütün digər ərazilərimizdə olduğu kimi, Kəlbəcər rayonunda da möhtəşəm bərpa-quruculuq işlərinə start verildi. İşğaldan sonra ilk dəfə 2021-ci ilin 16 avqust tarixində Kəlbəcərə səfər edən cənab Ali Baş Komandan bu şəhərdə də Azərbaycan bayrağını şəxsən özü qaldırdı. Həmin tarixi gündən sonra keçən müddət ərzində cənab Prezident İlham Əliyev Kəlbəcərə çoxsaylı səfərlər etmişdir ki, bu səfərlərin də hər biri bir sıra önəmli hadisələrlə əlamətdar olmuşdur. Son üç ildə gedən proseslər bir daha göstərir ki, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin ən qısa zamanda tamamilə yenidən qurularaq dirçəldilməsinə və erməni işğalı səbəbilə bu torpaqlardan didərgin düşmüş insanların öz dədə-baba yurdlarına geri dönmələrinə çox böyük önəm verir.
Fərəcov Natiq,
Masallı şəhər 6 nömrəli məktəb