BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər Azərbaycanın liderlik qabiliyyətini, siyasi gücünü və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi.
Azərbaycanın COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməsi müəyyən Qərb dövlətlərini, xüsusuilə erməni lobbisini ciddi narahat edir. Bu səbəbdən də, həmin dairələr xeyli müddətdir ki, ölkəmizə qarşı qərəzli kampaniya aparır. Başda Fransa olmaqla bəzi Qərb ölkələri və erməni lobbisinin yuvası olan Avropa Parlamenti hər vəchlə çalışırdılar ki, COP29 Azərbaycanda keçirilməsin. Onların boykot çağırışına dünya birliyi əhmiyyət vermədi. Azərbaycan prezidenti İlham Əliyev çıxışı zamanı həmin dairələri məyus edən faktlar səsləndirdi. İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə Fransanın kolonial siyasətinin vurduğu böyük zərərdən də danışdı.
COP29-da qəbul olunan ən önəmli qərarlardan biri hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunmasıdır. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir.
2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi. Bununla bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq, bu maddə üzrə əməkdaşlıq qlobal olaraq mitiqasiya tədbirlərini, yəni emissiyaların azaldılmasını tənzimləyə biləcək.
COP29-un yekununda qəbul olunan digər qərarla Qlobal Adaptasiya Hədəfi sənədi ilə Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı.
2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması oldu. Fondun 2025-ci ildən əməli fəaliyyətə başlaması nəzərdə tutulur. İtki və Zərər Fonduna ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur.
COP29-un qərarı ilə 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul edildi.
Bakı artıq bütün dünyanın diqqət mərkəzində olan COP29 kimi dünya ictimaiyyəti üçün mühüm strateji xarakter daşıyan böyük tədbirə, bədxahlarımızın istəklərinin tam əksinə olaraq böyük uğurla yekun vurdu. COP29-un Bakıda keçirilməsi, ölkənin həm regionda, həm də dünya miqyasında ekoloji problemlərin həlli prosesinə töhfəsini gücləndirir. Dünyanın diqqətlə izlədiyi bu tədbirdə 196 ölkədən 72 min iştirakçı var idi.. Bu iştirakçıların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var idi. Bu Sammit, son günlər Azərbaycana qarşı düşmən mövqeyinə keçənlər üçün əsl “tərs sillə” oldu.
Rəsmi Bakı noyabrın 11-də start götürən və qlobal iqlim dəyişmələri ilə bağlı müzakirələrin aparıldığı toplantının dünya ölkələrinin, xüsusi ilə də inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu ilə başa çatması üçün bütün qüvvəsini səfərbər etmişdi. Azərbaycan genişmiqyaslı tədbirin öhdəsindən uğurla gəldi, bu sahədə yüksəksəviyyəli təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi. Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir.
Əfrail Fərziyev,
YAP veteranı