
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Zaqatala rayonu Mosul, Əliabad qəsəbəsi “Cümə” və Danaçı kənd məscidlərini ziyarət edib.
Məscidlərdə fəaliyyət göstərən din xadimləri ilə görüşdə Ramin Məmmədov Azərbaycanda dini etiqad azadlığının təmin olunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. Vurğulayıb ki, ölkəmizdə milli-mənəvi, əxlaqi dəyərlərə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir. Dövlət-din münasibətlərinin Azərbaycan modeli ilk növbədə, fərqli konfessiyaların nümayəndələrinin tarixən formalaşmış birgəyaşayış normalarına, etnomədəni ənənələrə riayət etmələrinə əsaslanır. Respublikada müxtəlif dinlərə aid ibadət ocaqları çoxmillətli və multikultural cəmiyyətimizin xarakterini əks etdirən zəngin mədəni və dini irsimizin bir hissəsidir.
Bu dəyərlərin qorunub saxlanılmasında din xadimlərinin də üzərinə kifayət qədər vəzifə düşdüyünü qeyd edən Komitə sədri onların peşəkar inkişafına dəstək göstərilməsinin vacibliyindən danışıb. Din xadimlərinin cəmiyyətdəki nüfuzunun artırılmasının, təhsilli olmalarının əhəmiyyətinə də toxunan R.Məmmədov, dini sahədə qarşıda duran çağırışlar barəsində danışıb.
Din xadimləri bu cür görüşlərin onların gələcək fəaliyyəti, icmalar arasındakı münasibətlərin tənzimlənməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib, müxtəlif mövzularla bağlı rəy və təkliflərini diqqətə çatdırıblar.
