Azərbaycan əlverişli coğrafi mövqeyə malik olan və Avropa ilə Asiyanı birləşdirən mühüm ölkələrdən biridir.
Ölkəmiz Şərqlə Qərb, Şimalla Cənub arasında yerləşdiyinə görə beynəlxalq nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafında xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın ərazisindən keçən nəqliyyat dəhlizləri müxtəlif ölkələr arasında ticarət əlaqələrinin genişlənməsinə, yüklərin daha sürətli və rahat daşınmasına imkan yaradır.
Bakı–Tbilisi–Qars dəmir yolu Avropa ilə Asiya arasında yükdaşımaların həyata keçirilməsində mühüm rol oynayır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı isə Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ölkələri ilə əlaqələrin qurulmasına şərait yaradır.
Bundan əlavə, Azərbaycanın avtomobil yolları, dəmir yolları, hava nəqliyyatı və enerji kəmərləri beynəlxalq əməkdaşlığın inkişafına töhfə verir. Ölkəmizdən keçən Orta Dəhliz Çin və Mərkəzi Asiya ölkələrini Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa ilə əlaqələndirir. Bu marşrut beynəlxalq ticarətin inkişafı və yükdaşımaların şaxələndirilməsi baxımından əhəmiyyətlidir.
Nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı Azərbaycanın iqtisadiyyatına da müsbət təsir göstərir. Yeni iş yerləri yaranır, tranzit gəlirləri artır, xarici investisiyalar üçün imkanlar genişlənir. Eyni zamanda, ölkəmizin beynəlxalq iqtisadi və siyasi əlaqələri möhkəmlənir.

İbrahim Şükürov,
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı, Yeddioymaq Ərazi Partiya təşkilatının sədri