Dövlət Komitəsinin sədri Siyəzən rayonunda yerləşən məscidlərin fəaliyyəti ilə tanış olub

Dövlət Komitəsinin sədri Siyəzən rayonunda yerləşən məscidlərin fəaliyyəti ilə tanış olub
  • Cəmiyyət / Maraqlı

  • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov fevralın 11-də Siyəzən şəhəri “Cümə”, Siyəzən rayonunun Sədan və Yenikənd kənd məscidlərini ziyarət edib.

    Məscidlərdə fəaliyyət göstərən din xadimləri ilə görüş zamanı Dövlət Komitəsinin sədri qeyd edib ki, ölkəmizdəki birgəyaşayış ənənəsinin təşviqi, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi dövlət-din münasibətləri sahəsindəki siyasətin əsas istiqamətlərini təşkil edir. Azərbaycanda toleranlıq mühitinin qorunub-saxlanması, müxtəlif  dinlərə mənsub vətəndaşların sərbəst şəkildə öz inanclarına etiqad etməsinə şəraitin yaradılması Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi uzaqgörən siyasi kursun nəticəsidir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən fərqli dinlərə aid mənəvi irsin bərpası və qorunması məqsədilə həyata keçirilən layihələr dini dəyərlərə həssas münasibətin bariz nümunəsidir.

    Görüşlər zamanı Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə yad dini ideologiyaların yayılmasının qarşısının alınmasının vacibliyinə də toxunan Ramin Məmmədov bildirib ki, din insanların mənəvi ehtiyaclarını ödəmək üçün mövcud olan dəyərlər sistemidir. Qeyd edib ki, dinin ayrı-ayrı qrupların maraqlarının ideoloji interpretasiyası kimi təqdim edilməsi fəsadlar doğura bilər. Bu cəhdlərin qarşısını almaq üçün ən effektiv üsullardan birinin dini maarifləndirmə olduğunu qeyd edən Komitə sədri din xadimlərinin üzərinə milli-mənəvi dəyərlərimizi düzgün təbliğ etmək kimi məsuliyyətli vəzifənin düşdüyünü vurğulayıb. Din xadimlərinin peşəkarlıq səviyyəsinin artırılmasının mühüm məqamlardan biri olduğunu deyən Ramin Məmmədov onların bilik və bacarıqlarının artırılması, səmərəli fəaliyyətinin təşkili ilə bağlı fikirlərini bölüşüb.

    Daha sonra din xadimləri maarifləndirmə işlərinin daha da genişləndirilməsi ilə bağlı təkliflərini səsləndiriblər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dini sahəyə göstərdiyi qayğı, dini icmaların fəaliyyəti üçün daha yaxşı şəraitin yaradılması sahəsində həyata keçirdiyi tədbirlər üçün minnətdarlıqlarını ifadə ediblər.






    PAYLAŞ:

    Oxşar xəbərlər