“Bəzi media orqanlarında və sosial media hesablarında yayılan, “Azərbaycanda Türkiyə bayrağının endirilməsinə cəhd edildiyini” iddia edən məlumatlar dezinformasiyadır”.
“Leqal” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin “X” hesabında paylaşım edilib.
Bildirilib ki, sözügedən görüntülər köhnə tarixə aiddir:
“Həmin görüntülər qeydə alınan zaman, bayrağımıza qarşı təxribat törətməyə cəhd edən şəxsə ilk və ən sərt reaksiyanı məhz azərbaycanlı qardaşlarımız veriblər. Türkiyə bayrağının endirilməsi kimi hər hansısa bir hadisə baş verməyib. Köhnə materialları götürüb manipulyasiya edən, onları orijinal kontekstindən çıxaran və sanki yeni hadisə imiş kimi təqdim edənlər Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq bağlarını hədəf alırlar.
İctimaiyyəti bu cür ictimai rəyi manipulyasiya etməyə yönəlmiş əməliyyatlara qarşı həssas və diqqətli olmağa çağırırıq”.