AMEA-da “Türk dövlətlərində koqnitiv dilçiliyin bugünü və gələcəyi” adlı I beynəlxalq simpozium keçirilir

AMEA-da “Türk dövlətlərində koqnitiv dilçiliyin bugünü və gələcəyi” adlı I beynəlxalq simpozium keçirilir
  • Cəmiyyət

  • AMEA-nın Mərkəzi Elmi Kitabxanasında AMEA-nın Rəyasət Heyəti və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə “Türk dövlətlərində koqnitiv dilçiliyin bugünü və gələcəyi” adlı I beynəlxalq simpoziumun açılış mərasimi keçirilib.

    Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qonaqları salamlayaraq simpoziumun elmi əhəmiyyətindən və dilçilik elminin türk dünyasında inkişaf perspektivlərindən bəhs edib. O, Prezident İlham Əliyevin türk dünyasının birliyinin möhkəmləndirilməsi, türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində müəyyən etdiyi strateji xəttə uyğun olaraq, ölkəmizdə bu sahədə çoxsaylı tədbirlərin həyata keçirildiyini söyləyib.

    Akademik İsa Həbibbəyli qeyd edib ki, koqnitiv dilçilik bir sıra ölkələrdə geniş tədqiq olunsa da, türk dünyasında bu sahənin inkişafı və elmi potensialının gücləndirilməsi qarşıda duran mühüm vəzifələrdəndir. Bu baxımdan simpoziumun keçirilməsi türk dövlətlərindən olan alimlər arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması və koqnitiv dilçilik üzrə birgə tədqiqatların təşviqi baxımından önəmlidir. Tədbirin mühüm təşəbbüslərindən biri də bu sahədə çalışan tədqiqatçıların fəaliyyətini əlaqələndirəcək, türk dövlətlərinin alimlərini bir araya gətirəcək müvafiq elmi qurumun yaradılmasının nəzərdə tutulmasıdır.

    AMEA prezidenti belə bir qurumun yaradılmasının türk dövlətlərində koqnitiv dilçiliyin inkişafına, alimlərin səylərinin birləşdirilməsinə və ortaq elmi layihələrin həyata keçirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

    O, Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” fikrinin türk dünyasının elmi və mədəni əməkdaşlığı baxımından da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Akademik İsa Həbibbəyli simpoziumun elmi əhəmiyyəti ilə yanaşı, ictimai-siyasi baxımdan da mühüm məna daşıdığını deyərək, tədbirin türk xalqları arasında birliyin və həmrəyliyin möhkəmlənməsinə xidmət etdiyini bildirib.

    “Türk dövlətlərində koqnitiv dilçiliyin bu günü və gələcəyi” adlı I beynəlxalq simpozium öz işini bölmə iclasları ilə davam etdirib.

    İki gün davam edəcək tədbirdə “İnternet konseptinin metaforik modelləri (Azərbaycan və Türkiyə türkcəsi materialları əsasında)”, “Azərbaycan dilində diskurs markerləri: sintatik quruluş və kommunikativ funksiya”, “Paralinqvistik şərtləndirməli  feazeoloji vahidlərin mədəniyyətlə bağlılığı”, “Dil” konsepti ilə bağlı bəzi metaforlar”, “Koqnitiv dilçilikdə ifadə tərzlərinin fərqliliyi”, “Türk dillərində koqnitiv freymlərin struktur analizi” və digər mövzularda məruzələr dinləniləcək.

    PAYLAŞ:

    Oxşar xəbərlər