
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov aprelin 8-də Zərdab şəhər Cümə məscidi, Zərdab rayonu Gəlmə və Əlibəyli kənd məscidlərini ziyarət edib.
Dövlət Komitəsinin sədri məscidlərdə fəaliyyət göstərən din xadimləri ilə görüşdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda dini etiqad azadlığının təmin olunması, milli-mənəvi dəyərlərimizin qorunması, tarixi-dini abidələrimizin bərpası sahəsindəki xidmətləri haqqında danışıb. Bu uzaqgörən siyasətin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizdə dövlət-din münasibətlərinin ən yüksək səviyyədə tənzimlənməsinə nail olunduğunu bildirib.
Komitə sədri multikultural dəyərlərin qorunmasında, tolerantlıq mühitinin, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsində dini maarifləndirmə tədbirlərinin, din xadimlərinin fəallığının böyük əhəmiyyət daşıdığını söyləyib. Ölkəmizdə müxtəlif dinlərə aid ibadət evlərinin, o cümlədən məscid, kilsə və sinaqoqların fəaliyyəti, insanların dini etiqad azadlığının təmin olunması üçün hər cür şərait yaradıldığını bildirib. Din xadimlərinin peşəkarlıq səviyyəsinin artırılmasının vacibliyinə toxunan Ramin Məmmədov onların səmərəli fəaliyyətinin təşkili ilə bağlı fikirlərini bölüşüb.
Din xadimləri zərərli dini meyillərlə mübarizənin gücləndirilməsi, xurafatın qarşısının alınması, dini-ideoloji təbliğat sahəsində maarifləndirmə işlərinin əhatə sferasının daha da genişləndirilməsi ilə bağlı təkliflərini səsləndiriblər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə din xadimlərinin sosial müdafiəsinin gücləndirilməsi, dini icmaların fəaliyyəti üçün daha yaxşı şəraitin yaradılması sahəsində həyata keçirilən tədbirlərindən razılıqlarını ifadə ediblər.
