Polşada Zəfər Bayramı: “Vətən” Muğam Qrupu səhnəyə çıxdı

Polşada Zəfər Bayramı: “Vətən” Muğam Qrupu səhnəyə çıxdı
  • Mədəniyyət

  • Xəbər verdiyimiz kimi, 7 noyabr 2026-cı il tarixində Vətən Muğam Qrupu Polşanın Krakov şəhərində yerləşən Azərbaycan Evində Diasporla İş üzrə Dövlət Komitəsi, Krakov Azərbaycan Evi və “Xarıbülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən təntənəli bayram tədbirində çıxış edib.

    Tədbirdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Avropa ölkələri şöbəsinin müdiri Leyla Həmzəyeva, “Xarıbülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının və Polşa Azərbaycan Evinin rəhbəri Sedat Şamilli, həmçinin ölkəmizin Polşa Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfirliyinin birinci katibi Kənan Rzayev iştirak ediblər.
    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

    Rəsmi hissədə çıxış edən Sedat Şamilli, Leyla Həmzəyeva və Kənan Rzayev müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Zəfər Gününün tarixi əhəmiyyətindən, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasətin nəticələrindən bəhs ediblər. Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, Avropada yaşayan soydaşlarımızın Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırması istiqamətində fikir mübadiləsi aparılıb.
    Tədbirin bədii hissəsi ölkəmizi beynəlxalq arenalarda şərəflə təmsil edən respublika və beynəlxalq müsabiqələr qalibləri, TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının solistləri — “Vətən” muğam qrupunun konsert proqramı ilə yekunlaşıb.

    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Milli Konservatoriyasının müəllimlərindən ibarət heyətin — xanəndə Səfalı Mirzəliyev, tarzən Ruslan Zərbaliyev və kamança ifaçısı Pərviz Fərhadovun təqdim etdiyi canlı və virtuoz ifalar zaldakı soydaşlarımız və qonaqlar tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

    Gecənin sonunda iştirakçılar yüksək təşkilatçılığa və zəngin musiqi proqramına görə minnətdarlıqlarını bildirərək Krakovda milli-mədəni birliyimizi nümayiş etdirən bu kimi görüşlərin davamlı olaraq tez-tez təşkil edilməsini arzulayıblar.


    PAYLAŞ:

    Oxşar xəbərlər