AMEA-da “Sadıq bəy Ağabəyzadə – XX əsr şərqşünaslıq elminin görkəmli nümayəndəsi kimi” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

AMEA-da “Sadıq bəy Ağabəyzadə – XX əsr şərqşünaslıq elminin görkəmli nümayəndəsi kimi” mövzusunda beynəlxalq elmi konfrans keçirilir
  • Cəmiyyət

  • Martın 16-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycanın tanınmış hərbi, siyasi və dövlət xadimi, Birinci Dünya müharibəsinin iştirakçısı, general-mayor, Polşanın görkəmli şərqşünas alimi Sadıq bəy Ağabəyzadənin 160 illik yubileyinə həsr olunmuş “Sadıq bəy Ağabəyzadə – XX əsr şərqşünaslıq elminin görkəmli nümayəndəsi kimi” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

    Beynəlxalq konfrans AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsi, Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri fakültəsi və həmin fakültənin Azərbaycan Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.

    Sadıq bəy Ağazadənin çoxşaxəli fəaliyyətinə və şərqşünaslıq elminin müasir problemlərinə həsr olunan beynəlxalq konfransa elmi məruzə ilə 13 ölkədən 95 alim qatılıb. 20 xarici tədqiqatçı Polşa, Almaniya, İsveç, Rusiya, Ukrayna, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Fransa, İraq və Əlcəzairin elm və təhsil müəssisələrini təmsil edir.

    Əvvəlcə tədbir iştirakçıları görkəmli şərqşünas alimin həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış olublar. Sərgidə Polşa Elmlər Akademiyasının arxivi, Yagellon (Krakov)  Universitetinin arxivi, Azərbaycanın Milli Arxiv İdarəsi,  eləcə də Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin fondlarında Sadıq bəy Ağabəyzadəyə aid saxlanılmış şəkillər, zəngin arxiv materialları və sənədlər nümayiş etdirilib.

    Sərginin açılış mərasimində AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri tarix elmləri doktoru Zemfira Hacıyeva, Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri fakültəsinin Azərbaycan Araşdırmaları Mərkəzinin müdiri filologiya üzrə fəlsəfə doktoru Şəhla Kazımova, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli və Şərqşünaslıq İnstitutunun baş elmi işçisi professor Solmaz Rüstəmova-Tohidi çıxış edərək sərginin Sadıq bəy Ağabəyzadənin parlaq bioqrafiyasını dolğun əks etdirdiyini bildiriblər. Qeyd olunub ki, AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsi Sadıq bəy Ağazadəyə dair Azərbaycan və Polşa arxivlərində qorunan bütün sənədlərin surətlərini bir mərkəzdə toplayaraq bu dövlət və elm xadiminin vahid fondunu yaradıb. 

    Beynəlxalq konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

    Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq tanınmış şərqşünas alim və ictimai-siyasi xadim Sadıq bəy Ağabəyzadənin Azərbaycanın istiqlal tarixində mühüm yer tutan görkəmli şəxsiyyətlərdən biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan torpağının yetişdirdiyi bu böyük şəxsiyyətin xatirəsi xalqımız üçün hər zaman əzizdir.

    AMEA rəhbəri qeyd edib ki, Sadıq bəy Ağabəyzadənin ömür yolu Rusiya, Ukrayna, Türkiyə, Türkmənistan və Polşa kimi ölkələrlə bağlı olub. Harada yaşamasından və hansı vəzifədə çalışmasından asılı olmayaraq, o, hər zaman öz milli-mənəvi dəyərlərinə sadiq qalıb, vətənpərvərlik ruhunu qoruyaraq Azərbaycançılıq ideologiyasına sədaqətlə xidmət edib.

    Sadıq bəy Ağabəyzadənin çoxşaxəli fəaliyyətində hərbi xidmətin mühüm yer tutduğunu söyləyən akademik İsa Həbibbəyli vurğulayıb ki, Sadıq bəyin İkinci Dünya Müharibəsinin iştirakçısı olması onun yalnız elm və siyasət sahəsində deyil, eyni zamanda Vətən qarşısında silahlı xidmət missiyasını da ləyaqətlə yerinə yetirdiyini göstərir və bu xidmətlər Azərbaycan hərb tarixində dəyərli bir səhifə kimi qalmaqdadır.

    “Sadıq bəy Ağabəyzadənin tarixi xidmətlərinin zirvəsində isə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə müstəqil dövlət quruculuğu prosesində fəal iştirakı dayanır. O, AXC-nin daxili işlər nazirinin müavini kimi Şərqdə ilk demokratik respublikanın institusional əsaslarının möhkəmləndirilməsi, dövlətçilik ənənələrinin formalaşdırılması, milli idealların qorunması və inkişaf etdirilməsi kimi taleyüklü vəzifələri böyük məsuliyyət və prinsipiallıqla həyata keçirmişdir. Sadıq bəy Ağabəyzadənin bu istiqamətdə yorulmaz fəaliyyəti onun şəxsiyyətində vətənpərvər dövlət xadimi ilə yüksək intellektual düşüncəyə malik ziyalının nadir vəhdətini aydın şəkildə nümayiş etdirir”, - deyə akademik İsa Həbibbəyli əlavə edib.

    AMEA prezidenti bildirib ki, Sadıq bəy Ağabəyzadənin həyat və fəaliyyətində elm amili aparıcı və müəyyənedici yer tutub. Alimin Türkmənistanda çalışdığı dövrdə yerli xalqların folklorunu, epik irsini və dil xüsusiyyətlərini dərindən araşdırması, xüsusilə də “Türküstan ləhcələri” adlı fundamental elmi əsəri şərqşünaslıq elminə mühüm töhfə kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, bu tədqiqat Sadıq bəy Ağabəyzadəni beynəlxalq elmi mühitdə tanıdıb, möhkəm elmi-metodoloji əsaslara söykənən və real faktları əks etdirən sanballı bir əsər kimi şərqşünaslıq elmi tarixində yeni mərhələ açıb.

    Akademik İsa Həbibbəyli vurğulayıb ki, Sadıq bəy Ağabəyzadənin elmi fəaliyyətinin mühüm istiqamətlərindən biri də alimin Polşa ilə bağlı fəaliyyəti olmuşdur. Bu ölkədə yaşadığı və çalışdığı illərdə elmi axtarışlarını ardıcıl şəkildə davam etdirən alim polyak şərqşünaslıq məktəbinin inkişafında əvəzsiz rol oynamışdır.

    AMEA rəhbəri xatırladıb ki, Avropada şərqşünaslığın ən güclü və sistemli elmi mərkəzlərindən biri məhz Polşada formalaşıb və Sadıq bəy Ağabəyzadə XX əsrin əvvəllərində bu məktəbin elmi istiqamətlərinin genişlənməsində, yeni tədqiqat mərhələsinin yaranmasında aparıcı simalardan biri kimi tanınır. Onun adı bu gün də polyak elmi ictimaiyyətində böyük hörmət və ehtiramla çəkilir, elmi irsi isə Azərbaycan elmi düşüncəsi ilə Avropa şərqşünaslıq ənənələri arasında mühüm körpü rolunu oynayır.

    AMEA-nın elmi müəssisələrində Sadıq bəy Ağabəyzadənin zəngin irsi ilə bağlı aparılan tədqiqatlardan bəhs edən akademik İsa Həbibbəyli bu kimi şəxsiyyətlərin elmi və ictimai irsinin sistemli şəkildə öyrənilməsinin və təbliğinin vacibliyini vurğulayıb. Bildirib ki, Sadıq bəy Ağabəyzadənin irsi Azərbaycanda hələ də yetərincə tanınmır və onun fəaliyyəti ilə bağlı dərin elmi araşdırmalara ciddi ehtiyac duyulur.

    O, Sadıq bəy Ağabəyzadənin arxiv sənədlərinin artıq bir neçə ildir Azərbaycan arxivlərində saxlanıldığını, Azərbaycan alimlərinin bu görkəmli şəxsiyyətlə bağlı Polşada araşdırmalar apardıqlarını, təqdimatlar və elmi tədbirlər keçirdiklərini diqqətə çatdırıb. Qeyd edib ki, buna baxmayaraq, geniş ictimaiyyət və elmi mühit bu böyük şəxsiyyət haqqında hələ də dolğun və sistemli məlumata malik deyil.

    Akademik İsa Həbibbəyli beynəlxalq tədbirin bir neçə cəhətdən xüsusi əhəmiyyət daşıdığına diqqət çəkərək, Sadıq bəy Ağabəyzadənin zəngin elmi, ictimai və siyasi irsinin ilk dəfə olaraq geniş ictimaiyyətə bütöv və sistemli şəkildə təqdim olunduğunu vurğulayıb. O, konfransın  Azərbaycan-Polşa elmi-mədəni əlaqələrinin inkişafında yeni və perspektivli bir mərhələnin əsasını qoyduğunu söyləyib.

    AMEA prezidenti çıxışının sonunda qeyd edib ki, bugünkü tədbir yalnız xatirə xarakteri daşımır, həm də Sadıq bəy Ağabəyzadənin irsinin dərindən, kompleks və elmi əsaslarla tədqiqi üçün möhkəm zəmin yaradır.

    “Bu istiqamətdə aparılacaq sistemli araşdırmalar görkəmli alimin irsinin milli elmi düşüncədə layiqli yer tutmasına, eyni zamanda beynəlxalq elmi ictimaiyyətə daha dolğun və obyektiv şəkildə təqdim olunmasına xidmət edəcək”, – deyə akademik İsa Həbibbəyli fikrini tamamlayıb.

    Sonra çıxış edən AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva Sadıq bəy Ağabəyzadənin mürəkkəb və keşməkeşli bir ömür yolu keçdiyini bildirib. Qeyd edib ki, Sadıq bəy Ağabəyzadə Türkiyəyə mühacirət edilib, burada əmisi oğlu Əli bəy Hüseynzadənin evində yaşayıb. O, 1921-ci ilin əvvəllərində Parisə köçüb və iki il Sorbon şəhərində fars və türk dillərini tədris edib. 1927-ci ildən Lvov şəhərində məskunlaşan Sadıq bəy Ağabəyzadə buradakı universitetdə şərq dillərindən dərs deyib, eyni zamanda polyak və ukrayna dillərini öyrənib. Sadıq bəy Ağabəyzadənin həyatının əhəmiyyətli bir hissəsi Polşada keçib, Polşanın bir çox görkəmli türkoloqları onun tələbələri olublar.

    Akademik Gövhər Baxşəliyeva vurğulayıb ki, I Dünya müharibəsinin iştirakçısı, general-mayor, Azərbaycan Cümhuriyyəti dövrünün tanınmış dövlət xadimi Sadıq bəy Ağabəyzadə ictimai-siyasi fəaliyyəti ilə seçilib. O, ərəb, fars və türk dilləri üzrə mütəxəssis olmaqla yanaşı, görkəmli şərqşünas alim kimi Polşa şərqşünaslıq elmində zəngin iz qoyub, Lvov elmi məktəbinin yaradıcılarından biri kimi şöhrət qazanıb.

    Onun sözlərinə görə, Sadıq bəy Ağabəyzadə müəyyən müddət Türkmənistanda fəaliyyət göstərib, bir şərqşünas alim kimi xalq rəvayətlərinin, dastanlarının və əfsanələrinin toplanması ilə məşğul olub. Böyük əmək nəticəsində Sadıq bəy “Türkmən Ləhcəsi” dərsliyini nəşr etdirib, bu kitab rus məmurlarının türkmən dilini öyrənməsi baxımından mühüm vəsait olub.

    Daha sonra Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri fakültəsinin dekanı, professor Aqata Bereja Starjinska “Elmi ənənələrin varisliyi – Sadiq bəy Ağabəyzadə, Vladislav Kotviç və Marian Levitski” mövzusunda məruzəsini təqdim edib.

    Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev “Sadıq bəy Ağabəyzadənin sahibsiz məzarı” adlı video-çıxışında Sadıq bəyin Lvovdakı sahibsiz məzarının aşkar edilməsi və təmiri ilə bağlı məlumatları bölüşüb.

    Tədbirdə, həmçinin Berlin Humboldt Universitetinin professoru Yeva-Mariya Aux “Azərbaycan tarixinin öyrənilməsi Almaniya şərqşünaslığının bir hissəsi kimi”, AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi professor Solmaz Rüstəmova-Tohidi “Məktublarda yaşanan həyat səhifələri. Əli bəy Hüseynzadəyə ünvanlanmış məktublar əsasında. 1921–1939-cu illər” adlı məruzələrlə çıxış ediblər.

    Konfrans öz işini panel iclasları ilə davam etdirib.

    “Şərqşünaslıq – siyasi və elmi fəaliyyət sahəsi kimi: görkəmli şərqşünas alimlər və xadimlər”, “Sadiq bəy Ağabəyzadə siyasi-hərbi xadim və şərqşünas alim kimi”, “Orientalizm və oksidentalizm şərqşünaslığın aktual problemləri siyasi problemlər kontekstində: Şərq və Qərb”, “Şərq dilləri və ədəbiyyatı”, “Din və fəlsəfə”, “Türkologiya. I Türkoloji Qurultay” və “Şərqşünaslıq elminin obyekti – Şərq xalqlarının tarixi, siyasi, ictimai və mədəni həyatı. Mənbəşünaslıq” adlı panel iclaslarında şərqşünaslıq elminin müxtəlif istiqamətlərini əhatə edən aktual mövzular üzrə məruzələr dinlənilib, geniş elmi müzakirələr aparılıb.

    Qeyd edək ki, beynəlxalq konfransın işinə martın 17-də yekun vurulacaq.

    PAYLAŞ:

    Oxşar xəbərlər