8 Noyabr- Zəfər Günü

8 Noyabr- Zəfər Günü
  • Cəmiyyət

  • 8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin qızıl hərflərlə yazılmış ən möhtəşəm səhifələrindən biridir. Bu tarix xalqımızın yaddaşına yalnız hərbi qələbə kimi deyil, milli ləyaqətin, dövlətçilik iradəsinin və tarixi ədalətin bərpası kimi həkk olunmuşdur.

    Otuz ilə yaxın davam edən işğal, doğma yurdlarından didərgin düşmüş yüz minlərlə insanın nisgili, dağıdılmış şəhər və kəndlər, talan edilmiş tarixi-mədəni abidələr xalqımızın yaddaşında dərin izlər buraxmışdı. Qarabağ həsrəti nəsillər boyu qəlbimizdə yaşayan bir ağrıya, milli yaddaşımızın ayrılmaz hissəsinə çevrilmişdi.

    Lakin Azərbaycan xalqı heç zaman öz torpaqlarından, tarixi həqiqətlərindən və qələbə əzmindən vaz keçmədi.
    2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi xalqımızın taleyində yeni bir dövr açdı. 44 gün davam edən müharibə Azərbaycan əsgərinin döyüş ruhunu, Ordumuzun gücünü, xalqımızın birliyini və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi.Bu müharibə bir daha sübut etdi ki, Vətən sevgisi ən güclü silah, milli birlik ən böyük qüvvə, azadlıq iradəsi isə heç bir maneə qarşısında əyilməyən mənəvi gücdür.

    Noyabrın 8-də Şuşanın azad edilməsi Zəfər tariximizin zirvəsinə çevrildi. Şuşa yalnız bir şəhər deyildi. Şuşa Azərbaycanın musiqi beşiyi, mədəniyyət məbədi, milli ruhumuzun və mənəvi kimliyimizin rəmzi idi. Şuşanın azadlığı ilə xalqımızın qüruru, tarixi yaddaşı və mənəvi bütövlüyü yenidən öz yerini tapdı.

    Bu Zəfər böyük bir xalqın iradəsinin, Ali Baş Komandanın qətiyyətinin, Azərbaycan Ordusunun rəşadətinin və hər bir vətəndaşın Vətən sevgisinin nəticəsi idi.

    Amma bu gün qələbədən danışarkən bir həqiqəti xüsusi vurğulamalıyıq: Hər bir Zəfərin arxasında bir qəhrəmanın taleyi, bir ananın göz yaşı, bir ailənin sonsuz həsrəti dayanır.

    Biz bu gün azad səmalara baxarkən, üçrəngli bayrağımızın qürurla dalğalandığını görərkən həmin azadlığın hansı fədakarlıqlar bahasına əldə edildiyini unutmamalıyıq.

    Şəhidlərimiz Vətənin ən müqəddəs əmanətinə çevriliblər. Onlar öz ömürlərini xalqın gələcəyinə, öz arzularını Azərbaycanın azadlığına qurban verdilər. Onların yarımçıq qalan arzuları bu gün azad torpaqlarda dalğalanan bayrağımızda, yenidən qurulan şəhər və kəndlərimizdə, doğma yurduna qayıdan insanların sevincində yaşayır.

    Bu müqəddəs Zəfər salnaməsində Masallının da xüsusi yeri vardır.

    Masallı torpağı Vətən uğrunda canından keçən igid oğullar yetişdirdi. Onlar doğulduqları torpağın adını qəhrəmanlıq tariximizə yazdılar. Hər biri öz ailəsinin fəxri, el-obasının qüruru, Azərbaycan xalqının əbədi yaddaşına çevrilən qəhrəmandır.

    Bu gün Masallının şəhid övladlarını ehtiramla yad edirik. Onların keçdiyi döyüş yolu, göstərdiyi şücaət, Vətənə sədaqəti gələcək nəsillər üçün örnəkdir.

    Şəhid analarının qarşısında baş əyirik. Çünki onlar Vətənə qəhrəman oğullar bəxş etdilər. Şəhid atalarının, ömür-gün yoldaşlarının, övladlarının dərdini qəlbində daşıyan ailələrin ağrısı xalqımızın ümumi ağrısıdır.
    Əziz şəhid ailələri, sizin övladlarınızın adı yalnız ailə tarixinizdə deyil, Azərbaycanın qəhrəmanlıq salnaməsində yaşayır. Onların göstərdiyi igidlik heç zaman unudulmayacaq. Bizim Zəfərimiz torpaqlarımızın azadlığı, şəhidlərimizin qanı ilə yazılmış qəhrəmanlıq dastanı, xalqımızın milli qürurunun təntənəsidir.
    Bu dastanın qəhrəmanları tarixdə, yaddaşlarda və xalqımızın qəlbində əbədi yaşayacaqlar.
    Qoy üçrəngli bayrağımız daim azad səmalarda dalğalansın!

    Qoy şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun!
    Qoy Azərbaycanımız daim güclü, qüdrətli, suveren və bütöv olsun!

    8 Noyabr – Zəfər Günümüz mübarək olsun!
    Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!

    Əntiqə Tağıyeva,
    Masallı Tarix Diyarşünaslıq muzeyinin direktoru 
    PAYLAŞ:

    Oxşar xəbərlər