Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il oktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında etdiyi çıxış azərbaycançılıq ideologiyasının inkişafı və müasir məzmunu baxımından xüsusi maraq doğurur.
Azərbaycanda keçirilən bu forumun əhəmiyyətini qeyd edən Prezident azərbaycançılığın mahiyyətinin anlaşılmasına dair yeni bir formulu irəli sürmüşdür: «Azərbaycançılıq Azərbaycanın bütün xalqlarını birləşdirir». Bu ifadə prinsipial ideoloji əhəmiyyətə malikdir. Belə ki, bu kontekstdə azərbaycançılıq müəyyən etnik mənsubiyyət, din və ya dil birliyi ilə məhdudlaşmayan, etnik mənsubiyyətdən üstün birləşdirici ideya kimi çıxış edir. Onun əsasını vahid dövlətə mənsubiyyət, ümumi tarixi tale və Azərbaycanın ümumi Vətən kimi qəbul edilməsi təşkil edir.
Burada Ulu öndər Heydər Əliyev tərəfindən dövlət quruculuğu dövründə formalaşdırılmış azərbaycançılıq konsepsiyasının varisliyi aydın şəkildə müşahidə olunur.
Beləliklə, Prezident İlham Əliyevin çıxışında azərbaycançılıq ideyası etnik və dini müxtəlifliyin milli birliyə qarşı qoyulmadığı, ümumdövlət identikliyinin formalaşdırılması mexanizmi kimi ilk dəfə təqdim edilir.
Prezidentin çıxışının mühüm aspektlərindən biri azərbaycançılığın tarixi ölçüsü ilə bağlıdır. İlham Əliyev Azərbaycanın çoxəsrlik tarixinə müraciət edərək, xalqın hətta öz dövlət müstəqilliyinin olmadığı dövrlərdə belə dilini, ənənələrini, milli dəyərlərini və həyat tərzini qoruyub saxlamağı bacardığını xüsusi vurğulamışdır. Beləliklə, Prezidentin çıxışında tarixi varislik milli özünüdərkin qorunması amili kimi nəzərdən keçirilir və tarixi yaddaş birləşdirici funksiyanı yerinə yetirir. Tarixi yaddaş keçmişlə müasir dövlət arasında əlaqəni təmin etmiş və xalqın uzun müddət ərzində qoruyub saxladığı milli potensialın reallaşdırılmasına imkan yaratmışdır.
İlham Əliyevin çıxışında Qarabağ məsələsi xüsusi yer tutmuşdur. Sözügedən problemin tam həllini tapmasına və Azərbaycanın dövlət suverenliyini bərpa etməsinə baxmayaraq, cənab Prezident tarixi Zəfərdən sonra da öz çıxışlarında dəfələrlə bu məsələyə qayıtmışdır. Bu, təsadüfi deyil, çünki Azərbaycan xalqının bu Zəfərə gedən yolda keçdiyi ağır sınaqları dünya ictimaiyyətinə dönə-dönə çatdırmaq zəruridir. Bu gün əldə etdiyimiz Zəfər azərbaycançılıq ideologiyasının inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir. Lakin azərbaycançılıq ideologiyası baxımından bu Zəfərin daha geniş məzmunu vardır.
Belə ki, onun fundamental tərkib hissələrindən birini vahid dövlət və vahid Vətən ideyası təşkil edir.
İlham Əliyev çıxışında Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasını tarixi ədalətin, milli ləyaqətin və dövlət suverenliyinin bərpası ilə əlaqələndirir. Prezident çıxışında Vətən müharibəsi zamanı müxtəlif etnik və dini qrupların nümayəndələrinin ölkənin müdafiəsində iştirakına xüsusi diqqət yetirmişdir. Məhz bu məqamda azərbaycançılıq ideyası səfərbəredici məna kəsb etmişdir: vahid dövlətə mənsubiyyət onun tarixinin ən çətin dövründə ümummilli həmrəyliyin əsasına çevrilmişdir.
Beləliklə, ərazi bütövlüyünün bərpası yalnız hərbi-siyasi uğur deyil, həm də müstəqil dövlət şəraitində azərbaycançılıq ideyasının həyata keçirilməsinin mühüm mərhələsi olmuşdur. Bununla azərbaycançılıq cəmiyyətin ümumi Vətən, dövlətçilik və milli maraqlar ətrafında birləşdirilməsinə əsaslanan milli birlik modeli kimi təqdim edilməsi istiqamətindəki səyləri nümayiş etdirir.
İlham Əliyevin çıxışının növbəti mühüm aspekti onun xarici siyasətə dair hissəsi ilə bağlıdır. Prezident çıxışında Azərbaycanın müstəqil siyasi kursunu, Çin, ABŞ və Avropa İttifaqı dövlətləri ilə strateji münasibətlərin inkişafını, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsini vurğulamışdır. O, müstəqil dövlətlərin daxili işlərinə xarici müdaxilənin yolverilməzliyinə xüsusi diqqət yetirmişdir. Azərbaycançılıq ideologiyası baxımından bu aspekt milli ideologiyanın dövlətçilik ölçüsünü açıb göstərir. Azərbaycançılıq yalnız milli ənənələrin və mədəni dəyərlərin qorunmasını deyil, həm də inkişaf istiqamətlərini müstəqil şəkildə müəyyənləşdirməyə qadir olan müstəqil dövlətin möhkəmləndirilməsini nəzərdə tutur.
İlham Əliyevin çıxışında ölkənin iqtisadi nailiyyətləri də dövlət müstəqilliyinin möhkəmləndirilməsi kontekstində nəzərdən keçirilmişdir.
Prezident azərbaycanın xarici borcun aşağı səviyyədə olmasına, enerji potensialına, nəqliyyat infrastrukturunun inkişafına və beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsinə diqqət yetirmişdir.
Azərbaycançılıq ideologiyası baxımından iqtisadi inkişaf yalnız maddi deyil, həm də dövlətçilik və ideoloji əhəmiyyət daşıyır.
Ümumlikdə Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışındakı çıxışında azərbaycançılıq ideyası tarixi-mədəni konsepsiya çərçivəsindən kənara çıxaraq, dövlət inkişafının kompleks modeli kimi məzmun qazanmışdır. Bu konsepsiyasının müasir məzmununun bir sıra prinsipial xüsusiyyətlərini müəyyənləşdirməyə imkan verir.
İlk növbədə, azərbaycançılıq çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətinin birliyini təmin edən milli konsolidasiyanın əsası kimi çıxış edir. Bu zaman milli identiklik müxtəlif etnik və dini qrupların bir-birinə qarşı qoyulması yolu ilə deyil, onların vahid dövlətə və ümumi tarixi Vətənə mənsubiyyəti əsasında formalaşır.
Bu konsepsiyanın ikinci mühüm tərkib hissəsi dövlətçilikdir. Bu kontekstdə ərazi bütövlüyünün bərpası xüsusi əhəmiyyət kəsb edir və vahid Vətən ideyasının həyata keçirilməsinin ən mühüm mərhələsi kimi səciyyələndirilir.
Üçüncü tərkib hissə multikulturalizm və tolerantlıqla bağlıdır. Prezidentin çıxışında onlar Azərbaycan cəmiyyətinin tarixən formalaşmış xüsusiyyətləri, eyni zamanda, dövlət siyasətinin mühüm istiqamətləri kimi təqdim olunur. Bununla da azərbaycançılığın etnik və dinlərarası həmrəylik prinsipləri ilə üzvi qarşılıqlı əlaqəsi təsdiq edilir.
Nəhayət, azərbaycançılığın beynəlxalq ölçüsü xüsusi əhəmiyyət kəsb edir. Müstəqil xarici siyasət, beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi, ölkənin iqtisadi və nəqliyyat potensialının inkişafı Azərbaycanın milli dövlətçiliyinin və beynəlxalq subyektliyinin möhkəmləndirilməsinin təzahürləri kimi nəzərdən keçirilir.
İlqar Niftəliyev,
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini, t.e.d.