SAVALAN TALIBLI: SÖZÜN, İSTEDADIN VƏ MİLLİ-MƏNƏVİ İRSİN DAVAMÇISI

SAVALAN TALIBLI: SÖZÜN, İSTEDADIN VƏ MİLLİ-MƏNƏVİ İRSİN DAVAMÇISI
  • Cəmiyyət

  • Azərbaycan ədəbiyyatında və jurnalistikasında elə yaradıcı insanlar var ki, onların sözə, sənətə, milli-mənəvi dəyərlərə bağlılığının kökləri ailə mühitindən, ata-baba ocağından, qan yaddaşından qaynaqlanır. İstedad bəzən insanın həyatında sonradan qazandığı keyfiyyət deyil, onun mənəvi dünyasına, təbiətinə, genetik yaddaşına hopmuş bir mirasdır. Savalan Talıblının yaradıcılıq yoluna nəzər salarkən bu həqiqət bir daha təsdiqini tapır.

    Savalan Talıblı tanınmış şair, publisist, ssenarist, Əməkdar jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tahir Talıblının oğludur.

    Tahir Talıblının ədəbi və jurnalistlik fəaliyyəti haqqında danışarkən onun oğlunun yaradıcılıq yoluna təsirini xüsusi qeyd etmək lazımdır. Burada söhbət təkcə ata-oğul münasibətindən deyil, həm də bir yaradıcılıq məktəbinin davamından gedir.

    Təsadüfi deyil ki, Savalan Talıblının fəaliyyətində də folklora, aşıq sənətinə, milli musiqiyə, Qərbi Azərbaycan irsinə və xalq yaddaşına xüsusi münasibət müşahidə olunur. Bir sözlə, istedadın qandan, gendən gəlməsi fikri Savalanın timsalında özünü göstərir.

    Savalanı yalnız yaradıcılığına görə deyil, insani keyfiyyətlərinə görə də dəyərləndirmək istəyirəm. Onunla şəxsi münasibətimdə gördüyüm ən mühüm xüsusiyyətlərdən biri xeyirxahlığı, tərbiyəsi, böyüyə hörməti və səmimiyyətidir. Mənə «ustad», bəzən də «əmi» deyə müraciət etməsi aramızdakı münasibətin mənəvi çalarlarını ifadə edir. Oğlum Hüseynlə də dostluq münasibətlərinin olması bu səmimiyyəti daha da yaxınlaşdırır.


    Savalan Talıblı 24 fevral 1983-cü ildə Qərbi Azərbaycanın Cəlaloğlu rayonunun Molla Eyyublu kəndində anadan olmuşdur. Odlar Yurdu Universitetində ali təhsilini başa vurmuşdur. Azərbaycan radiosunda «İrəvan çuxuru», «Yurd yeri», «El havası», «Obalardan-babalardan» verilişlərinin müəllifi və aparıcısı eyni zamanda Mədəniyyət kanalında yayımlanan “Qızıl Alma “ verilinin aparıcısı olub. İstedadlı jurnalistin 2015-ci ildə «KİTAB» adlı nəşri işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüdür, Prezident təqaüdçüsüdür.
    Onun vaxtilə Azərbaycan Radiosunda müəllifi və aparıcısı olduğu «İrəvan çuxuru» verilişinin əsas məqsədi Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru və qədim yurd yerləri haqqında zəngin məlumatları geniş dinləyici auditoriyasına çatdırmaq olub. 
    Savalan Talıblı «Yurd yeri» verilişi ilə də radio dinləyicilərinin yaddaşında özünəməxsus iz qoyub.
    Mənim üçün Savalan Talıblının şəxsiyyətində yaradıcılıqla insanlığın vəhdəti xüsusi əhəmiyyət daşıyır. İstedadın qandan, gendən gəlməsi haqqında deyilənlər Savalan Talıblının timsalında mənəvi məna qazanır. Çünki bəzən ata ocağında yanan söz çırağı övladın qəlbində də alovlanır və başqa bir yaradıcılıq yolu ilə gələcəyə işıq saçır.

    Arzum budur ki, Tahir Talıblının söz və sənət məktəbinin layiqli davamçısı olan Savalan Talıblının bundan sonra da qələmi iti olsun yenidən 100 yaşlı ana radiomuzun efirindən səsi gəlsin. 

    Hörmətlə,
    Vüqar Əhməd Filologiya elmləri doktoru, professor
    PAYLAŞ:

    Oxşar xəbərlər