Vətən Muğam Qrupunun Solistləri tarzən Ruslan Zərbaliyev və kamança ifaçısı Pərviz Fərhadov Ankarada Keçirilən Türk Dövlətləri Prezidentlərinin Zirvə Görüşündə Ölkəmizi Layiqincə Təmsil Etdilər!
Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğan: "Can Azərbaycana məndən salam söyləyin!"
28–30 oktyabr tarixlərində qardaş Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının 13-cü Zirvə Görüşü keçirilmişdir.
Zirvə çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşkilatçılığı ilə Prezident Sarayında TÜRKSOY-un solistlərindən ibarət möhtəşəm Qala Konserti təşkil olunmuşdur.
Azərbaycanı bu mötəbər tədbirdə "Vətən" muğam qrupunun solistləri – tanınmış tarzən Ruslan Zərbaliyev və kamança ifaçısı Pərviz Fərhadov uğurla təmsil etmişlər.
Həmçinin TÜRKSOY Xalq Çalğı Alətləri Orkestrinin üzvləri olan hər iki sənətçi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Milli Konservatoriyasının müəllimləridirlər.
Qeyd edək ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan olan peşəkar musiqiçilərin birləşdiyi TÜRKSOY Orkestri Türk dünyasının mədəni birliyini öz zəngin repertuarı ilə nümayiş etdirir.
Xüsusi olaraq qurulmuş böyük və təmtəraqlı səhnədə baş tutan konsertdə TÜRKSOY Orkestri ilə yanaşı, simfonik orkestr, hərbi orkestr və tarixi Mehter orkestri də iştirak etmişdir. Konsert proqramında tədbirə qatılan ölkələrin hər birinə aid milli musiqi nümunələri təqdim olunmuş, o cümlədən Azərbaycanın ölməz xalq mahnısı "Sarı gəlin" böyük coşqu ilə səsləndirilmişdir.
Həmyerlilərimiz artıq 11 ilə yaxındır ki, TÜRKSOY-un təşkil etdiyi tədbirlərdə yaxından iştirak edirlər. Onlar qurumun yaradılmasının 30 illik yubiley medalı ilə təltif olunmuş, bundan əvvəl də Fransada UNESCO-nun baş mənzil qərargahında, BMT-nin İsveçrə Ofisində, Ümumdünya Əqli Mülkiyyət Təşkilatında (WIPO) və Dünya Xalqları (lOV) Musiqi Təşkilatında yüksək səviyyəli çıxışlar etmişlər.
Bu mötəbər gecədə isə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qarşısında çıxış edən solistlərimiz bəstəkar Həsən Rzayevin məşhur "Çahargah" rapsodiyasını tar və kamança alətlərində yüksək sənətkarlıqla səsləndirərək dinləyicilərin zövqünü oxşamışlar.
Mötəbər tədbirdə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, TÜRKSOY-un keçmiş Baş katibi və TÜRKSOY Orkestrinin yaradıcısı Düsen Kaseyinov, habelə Türk dövlətlərinin Türkiyədəki fövqəladə və səlahiyyətli səfirləri, müxtəlif nazirlər, parlament üzvləri və millət vəkilləri də iştirak etmişlər.
Zirvə çərçivəsində təntənəli anlar yaşanmış, Türk dünyasının mədəniyyətinə və birliyinə göstərdiyi böyük xidmətlərə görə Düsen Kaseyinov Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Türk Dövlətləri Təşkilatının yüksək "Əlişir Nəvai adına Beynəlxalq Mükafatı" ilə təltif olunmuşdur.
Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov, Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman və Xilaskar Ulu Öndərin tarix yazan oğlu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin təyin etdiyi xüsusi nümayəndəsi Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov sənətçilərimizə yaxınlaşaraq onları təbrik etmiş və xatirə fotosu çəkdirmişlər.
Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan musiqiçilərimizlə səmimi söhbət etmiş, onlara öz dərin minnətdarlıqlarını bildirmişlər. Prezident Rəcəb Tayyib Ərdoğan sənətçilərimizlə sağollaşarkən:
"Can Azərbaycana məndən salam söyləyin!"
deyərək qardaş ölkəyə olan xüsusi sevgisini və ehtiramını bir daha nümayiş etdirmişdir.
İndiyə qədər bir çox respublika və beynəlxalq müsabiqələrin qalibi olmuş Ruslan Zərbaliyev və Pərviz Fərhadov muğam sənətimizi dünyanın bir çox ölkələrində İtaliya, Fransa, İsveçrə, Türkiyə, Yaponiya, Estoniya, Macarıstan, Latviya, Almaniya, Qazaxıstan, Litva, Özbəkistan, Rusiya, İran, Amerika Birləşmiş Ştatları, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Tacikistan, Ukrayna, Qırğızıstan, Türkmənistan, Şimali Kipr, Niderland (Hollandiya), Portuqaliya, Çin, Bolqarıstan, Kanada və digər dövlətlərdə keçirilən geniş qastrol səfərlərində, möhtəşəm festival və konsertlərdə yüksək səviyyədə təmsil etmişlər.
Sənətçilərimiz dövlət əhəmiyyətli bu kimi beynəlxalq tədbirlərdə milli musiqi nümunələrimizi və müqəddəs bayrağımızı hər zaman ucalarda dalğalandırmağa davam edirlər.
Sənətçilərimizə Azərbaycan muğamının və musiqisinin inkişafı yolunda yorulmaz fəaliyyət, gələcək işlərində isə yeni-yeni uğurlar arzulayırıq!