
İspaniyada əhalisi azalan kəndlərə gəncləri cəlb etmək məqsədilə yeni sosial-iqtisadi proqramlar həyata keçirilir.
“Leqal” xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
Bildirilir ki, müxtəlif bölgələrdə kəndlərdə ev alan, kiralayan və ya məskunlaşan şəxslərə minlərlə avro dəyərində maliyyə dəstəyi ayrılır.
Məlumata görə, Kastilya i Leon bölgəsində 20 min nəfərdən az əhalisi olan kəndlərə köçən ailələrə 1.000–2.000 avro, 18–36 yaş arası gənclərə isə “Vivienda Joven 2025” proqramı çərçivəsində 4.000 avroya qədər yardım göstərilir. La Rioxada da “Plan Revive” layihəsi ilə 45 yaşdan aşağı şəxslərə 5 min nəfərədək əhalisi olan kəndlərdə ev almaq üçün 30–40 min avro subsidiya verilir. Navarra bölgəsində isə 35 yaşadək gənclər ikinci əl ev alarkən alım dəyərinin 7-16 faizinə qədər dövlət dəstəyi əldə edə bilirlər.
Proqramlara İspaniya vətəndaşı olmayan, lakin ölkədə qanuni oturum icazəsi olan şəxslər də müraciət edə bilər.