“Axıdılmış qanın izi ilə” romanı haqda qeydlər - Əli Rzazadə yazır

“Axıdılmış qanın izi ilə” romanı haqda qeydlər  -  Əli Rzazadə yazır
  • Maraqlı

  • Etiraf edək ki, çağdaş ədəbiyyat nümayəndələrimizin çox az qismi milli məfkurə tariximizə istinad edirlər. Mənə elə gəlir ki, çox da uzaq olmayan keçmişimizdə baş verən və əksəriyyətimizin şahidi olduğumuz hadisələri əks etdirən ədəbiyyat nümunələri çox azdır. Təkcə romançılıqda yox, hekayəçilikdə də, poeziyada da, dramaturgiyada da. Fikrimi təsdiqləyərsiniz ki, misal üçün 1990-cı il 20 yanvar hadisəsi ilə bağlı filmlər çəkilib, ssenarilər yazılıb, şeirlər qələmə alınıb, mahnılar bəstələnib, lakin bu  faciənin mövzusu bədii ədəbiyyatda kifayət qədər yer almayıb. Ola bilsin filmin gücünü, onun tamaşaçı auditoriyasının daha geniş olmasını nəzərə alaraq, bədii ədəbiyyatdan çox filmə üstünlük verilib.

    Lakin unutmaq olmaz ki, ədəbiyyatın təsiri fərqlidir. Ədəbiyyat  xalıqn milli yaddaşıdır.  Düşünürəm ki, ədəbiyyatçıların 20 yanvar hadisəsi,  ümumiyyətlə, oxşar faciələrimizə mütəmadi müraciət etmələri vacibdir və bu, milli kimliyimizi qoruyub saxlamaq istiqamətində hər birimizin müqəddəs borcudur. 

    Sevindirici haldır ki, yeni nəsil ədəbiyat nümayəndələri, gənc yazarlar arasında  qeyd etdiyim mövzuya laqeyid münasibət sərgiləməyənlər də var. Gənc yazar Nigar Səttar-zadənin qələmə aldırğı “Axıdılmış qanın izi ilə” romanı məhz 20 yanvar faciəsindən bəhs edir. Baxmayaraq ki, Nigarın yaşı, ona  hadisələrin canlı şahidi olmasına imkan vermir, lakin onun araşdırması, şahid ifadələrini diqqətlə tədqiq etməsi, hadisə şahidləri ilə bir başa ünsiyyəti, faciənin bədii ədəbiyyatda əks etdirilməsi istiqamətində uğurlu bir əsərin yaranmasına gətirib çıxardıb.

    Nigar Səttarzadə qələmi ilə bu günlə tarix arasında hakim kəsilmiş sərhədləri kənara itələməyi bacarır, qloballaşan dünyanın axıtdığı güclü selə qoşulub gedən müasir insanı seldən ayıraraq, arabir geriyə,  Vətən tarixinə nəzər salmağa vadar edir. 

    Nigar Səttarzadənin özünə məxsus yazı üslubu var. Onun romanını oxuyanda, oxucuya elə gəlir ki, əlindəki kitabı oxumur, dinləyir. Müəllif oxucu ilə oxucunun gündəlik istifadə etdiyi ifadələrlə danışır. O, danışarkən bəzən həyəcanlanır, hadisənin dəhşətlərini kövrələrək ifadə edir, bəzən də oxucuya qorxmamağı aşılayır, ona təsəlli verir, hətta oxucunun qulağına  pıçıldayır.  

    Əsərdə diqqətimi çəkən digər bir məqam isə müəllifin döyüş silahlarının təyinatı, taktiki-texniki xüsusiyyətləri haqqında məlumatların mükəmməl şəkildə təqdim olunmasıdır. 20 yanvar faciəsində qətlama səbəb olan rus-sovet qoşununun istifadə etdiyi silahları, onların texniki xüsusiyyətlərini oxucuya aydın şəkildə təqdim etmək üçün müəllifin ciddi araşdıma apardığı açıq aşkar hiss olnur.   

    Mənə elə gəlir ki, Nigar Səttarzadənin qələmə aldığı “Axıdılmış qanın izi ilə” romanı müasir Azərbaycan romançılığında  son  dövrdə yaranan tarixi romanlar içərisində ən yaddaqalan ədəbi hadisəsi hesab edilməlidir.

    Müəllifə uğurlar diləyir, yeni-yeni ədəbi nümunələr ərsəyə gətirməsini arzulayıram.

    www.Leqal.Az

    PAYLAŞ:

    Oxşar xəbərlər