Dünyaşöhrətli Misir yazıçısı Nəcib Məhfuzun xatirəsinə
(Əulədu harratinə)
Qahirə... Misirin bütün varlığını ayna kimi əks etdirən, tarixin və müasirliyin gah qovuşub, gah ayrıldığı işıltılı bir vüsal axşamını xatırladan bu fironlar diyarı... Gizanın səs-küylü küçələrindən birində dayanıb bu əsrarəngiz vüsalın seyrinə dalmışam. Ayaqlarıma təslim etmişəm ruhumu; hara aparır-aparsın... Ayaqlarım isə içimdəki dəli istəyə xəyanət etmək niyyətində deyil, deyəsən. Məni üzü “Şariul hərəm” küçəsi ilə çəkib aparır.
Hansı səmtdən gəlməyimdən asılı olmayaraq, bu küçəni həmişə piyada keçirəm; nə avtomobilə minmirəm, nə də misirlilərin “tuktuk” dediyi yük motosikletinə. Mənə elə gəlir, nə avtomobil, nə də “tuktuk”lar bu küçənin mistikasına, sehrinə yaraşmır. İndi bu küçə enlidir, yeni asfaltlanıb, amma tarixin yaddaşında hələ də burdan insanlar daş daşıyır, ayaq izlərini torpağın sinəsinə köz kimi basır, ehram tikməyə gedirlər. Kösöv yeritək zamanın yaddaşında qaralan izlər arasında bu məmləkəti işğal edən balacaboy Napoleonun da izi var.
Gözəlliyilə özünə aşiq tapmaqda gecikməyən bir şəhərdir Qahirə. Əksər küçələri asfaltla örtülsə də, aralıq dalanlarda ayaq səslərimlə keçmişin qapısını döyə bilirəm. Bir neçə addımdan sonra dayanıb geri boylanır, torpaqdakı izlər arasından öz izimi seçməyə çalışıram...Və yenə yaddaşımdan salxım-salxım Qədim Misirin ehtişamı tökülür hisslərimin üstünə.
...Açıq havadakı kafeni keçib sağa dönürəm, bir neçə addımdan sonra kiçik, taxta çərçivəli pəncərənin önündə dayanıram. Bu pəncərə qalın divarın gizlədiyi həyətə qıydığı bir əlçim nəfəslik kimidir. Eyd adlı orta yaşlı misirli pəncərənin o üzündə oturub, qırışmış əllərini üst-üstə qoyub özü üçün nəsə zümzümə edir. Kimsə pəncərənin önündə ayaq saxlayan kimi yanındakı karton yeşikdən bir qutu “Kleopatra” siqareti götürüb eşiyə uzadır. Ardınca o biri əlini uzadır...
“Kleopatra”nı götürüb pulu Eydin digər əlinə toxundururam. Cəld pulu götürür və əllərini geri çəkir. Getdiyim yolu geri dönürəm. İndi də fikrimi üstünə “siqaret çəkmək öldürür” yazılan siqaret qutuları zəbt edir. Əminəm ki, işıqlı adamlar “təzadlarla gözəldir həyat” deyəndə, bunu nəzərdə tutmamışdı... Yox... Dəqiq yox... Nə isə...
“Ehramlar küçəsi”nə qayıdıram...Günəş Qahirəni öz istisiylə elə tumarlayır ki, pencəyimi çıxarıb əl çantamın qulpuna keçirirəm. “Afrikano” restoranını keçsəm, yaşadığım məhəlləyə girəcəyəm. Amma mən tələsmirəm. Restoranın kölgəliyinin altında dayanıb düşüncələrə dalıram...
Elə şeylər var ki, insan onları özündən başqa heç kimlə bölüşə bilmir. İçində bir kiçik qutu yaradır, yığır onları içinə, qapağını da bərk-bərk örtür. Ən yaxın, ən doğma insanlar da o qutuya yaxın düşə bilmir. Səbəb o deyil ki, qutu sahibi onu gizlədib. Yox... Səbəb odur ki, heç kim o qutunu görmək, anlamaq, içinə baxmaq istəmir. “İnsan marağı” anlayışı burda “yenilik və fərqlilik qorxusu”na yenilir. Hə... İnsanlar belədir...Həmişə belə olublar... Özümü kənara çəkmirəm; elə mən də beləyəm... Həyatım boyu neçə belə qutu açmışam, görəsən? Doğrudan da, düşünməyə dəyər... Neçə? Hələ ki, yaddaşımda bu qutuların axtarışındayam. Nə qədər, neçə tapacağımı bilmirəm, amma Qahirəyə gəldiyim ilk günün səhərisi qarşıma çıxan qutu mənimçün xəzinə kimiydi...
***
Amr adlı bələdçinin arxasına düşüb bu kiçik məhəlləyə girəndə Qahirənin daha bir işvəsi ilə rastlaşmışdım; bir-birinin həyətinə açılan pəncərələrinə rəğmən, bir-birindən küsmüş kimi arxa-arxaya dayanan evlər. Əslində, bu ilk təəssüratımın özü də qəti deyildi. Axı, təkcə küsəndə yox, yad mühitlə döyüşəndə də arxa-arxaya vermək olur...
Məftildən hörülmüş alçaq hasarlar isə mənə yad gəlmədi. Böyüdüyüm malakan kəndində əksər həyətlər məhz məftil çəpərlərlə əhatələnmişdi. Malakanlar
deyirdilər ki: “Daşdan hasar çəkib özümə həbsxana düzəltmək nəyimə lazımdır?” Bu da bir ayrı həyat fəlsəfəsiydi... Görəsən, Qahirənin bu hissəsində həmin fəlsəfəni axtarmağa dəyərdimi?
Bu suallarımı Amra ünvanlaya bilməzdim. Məni bir az başqa cür anlayardı. Bəlkə də, ürəyində “başı çatmır” deyərdi... Ona görə də, dinməz-söyləməz Amrın açdığı qapıdan içəri daxil oldum. Bura yataq otağı, qonaq otağı və mətbəxdən ibarət kiçik bir ev idi. Mən otaqlara baxarkən Amr keçib qonaq otağındakı kreslolardan birində oturdu. Şəraitlə tanış olub onun yanına qayıtdım. Qonaq otağının pərdələri örtülü iki böyük pəncərəsi qapının əks istiqamətində idi. Yaxınlaşıb pərdəni açmaq istədim.
Amr yerindən dikələrək dedi:
-Toxunma!
Əlimi saxlayıb təəccüblə bu orta yaşlı ev bələdçisinə baxdım. Bayaq ev haqqında danışanda dediyi: “İri pəncərəli, yaxşı işıqlıdır”. – cümləsini xatırlatmaq istəyirdim ki, Amr başıyla pəncərəyə tərəf işarə edib asta səslə danışmağa başladı:
-Ordan iki həyət görünür. Biri boşdu, o, heç... O birində yaşayanlar bir az ağıldan seyrəkdi. Baxma onlara...Heç baş qoşma. Qərib adamsan, özünə problem yaratma.
“Kleopatra”mı çıxarıb kreslonun qarşısındakı jurnal masasının üstünə qoydum. Amr əlini uzadıb qutudan bir siqaret götürdü. Cibindən çıxardığı alışqanla yandırdı. Dərin bir nəfəs çəkib sözünə davam etdi:
-Məhəlləyə sonradan gəlib onlar. Heç kim onlarla ciddi münasibət saxlamır. Sən də, beş-üç günlük qonaqsan, başını saxla...
Bir siqaret də mən götürüb yandırdım. Fikirlərimi bir yerə toplamağa çalışırdım. Bu evi tapmaqda kömək etdiyinə görə, Amra pul təklif etməliydim. Özü qiymət deməmişdi. Mən də elə pul verməliydim ki, özümü ona borclu sanmayım.
-Bura bax, qərib, mənə pul lazım deyil ha... Sfinks meydanının yanında qəşəng “kuşəri” verirlər. Orda məni qonaq edərsən, bəsimdi. –Amr, sanki, ürəyimi oxumuşdu.
-Bir də mən yaşadığım ev bir otaqlı və darısqaldır. Külfət də böyük. Uşaqların səs-küyündən yata bilmirəm. Hərdən piyada gəzib yorulanda icazə versən gələr, burda bir iki saat başımı yerə ataram-deyə əlavə etdi. Təbii ki, etiraz etmədim, açarın birini çıxarıb on uzatdım.
Məndən pul götürmədiyi üçün zənnlə, bir az da xəcalət hissiylə üzünə baxdım. Baxışlarını məndən qaçırıb ayağa qalxdı:
-Sabah naharda Sfinks meydanında, Nəcib Məhfuzun heykəlinin qarşısında ! –dedi və qalib addımlarla da qapıdan çıxdı.
Kiçik mənzildə örtülü pərdələrin o üzündəki ağıldan seyrəkləri düşünə-düşünə qaldım...
...Gecə yarısınadək əhvalımdakı əsrarəngizlik azalmadı. Bir də göz qapaqlarım ağırlaşanda yataq otağına keçdim. Qahirənin boğanaqlı istisinə baxmayaraq, ev üzü axşama sərinləmişdi. Hətta, uzanandan sonra azacıq üşüməyə başlamışdım. Di gəl, ayağa durub divardakı taxçaya yığılmış bükülü yorğanlardan birini gətirməyə ərinirdim... O üşüməklə necə yuxuya getmişəm, bilmirəm... Səs-küyə gözlərimi açanda pəncərədən mavi işıq süzülürdü; dan üzüydü. Yastığımın altından telefonumu çıxarıb baxdım. Saat 6:00 idi. Asta-asta ayağa qalxıb qonaq otağına keçdim. Qarmaqarışıq səslər örtülü pərdələrin o üzündən gəlirdi. Əvvəlcə, mətbəxə gedib çayı qaynamağa qoydum, özümə soyutma yumurta bişirməkçün soyuducudan yumurta çıxartdım. Ürəyimdən keçənləri dilimə gətirdim:
-Ağıldan kəm daha necə olur ki?! Səhərin bu saatında səslərinə bax... Elə bil, bunlardan başqa insan yaşamır buralarda.
Deyinə-deyinə qonaq otağına keçdim. Örtülü pərdələrə bu dəfə bezmiş, yorulmuş kimi baxırdım. Pəncərələrə yaxınlaşdım. İndi səslər bir az seçilirdi. Yaşlı bir kişi amiranə səslə nəsə danışır, qadın və uşaq səsləri bir ağızdan, sanki, onun
dediklərini təsdiqləyirdilər. Əllərimi qoynuma qoyub pəncərənin qarşısında eləcə dayandım... Uşaq çığırtısı kişinin səsini üstələyəndə daha ürəyim dözmədi; pərdənin qırağını azca aralayıb eşiyə baxdım. Sağdakı həyət boş idi, səs-küyü yaradanlar soldakı həyətdəydilər. Başımı pəncərənin çərçivəsinə tərəf əyib daha diqqətlə baxdım. Yaşlı kişi, yaşlı qadın, gənc qadın və dörd uşaq həyətin ortasında dayanmışdılar. Hamısının əynində idman geyimi vardı. Kişi nəsə deyir, yerdə qalanlar onun dediyini təsdiqləyir, şən səslə çığırırdılar. Bir neçə saniyədən sonra kişi önə keçdi. Başladı aerobika hərəkətləri etməyə. Qadınlar və uşaqlar onun hərəkətlərini təkrarlayır, geri qalmamağa çalışırdılar. Əvvəlcə, maraqla baxsam da, get-gedə məni dəli gülmək tuturdu. Yox, məni güldürən bir ailənin səhər idmanı deyildi. Güman ki, yaşlı kişinin xanımı olan ağbirçək qadın idman paltarında çox gülməli görünürdü. Biz qat-qat ətəkli, başı çalmalı, danışarkən yaylığının ucunu ağzına tutan nənələrin bayatısıyla, nağılıyla, ağır oturub-batman gəlişiylə böyümüşük... Elə misirlilərdə də yaşlı qadınlar “abrını qorumaq” üçün hər saat adam içinə çıxmağı, diqqət çəkməyi özlərinə rəva görmürlər. Bu nənə isə, lap komik qəhrəmanlarına bənzəyirdi. Yaşın gətirdiyi lənglik onun hərəkətlərini daha gülməli edirdi.
Əməlli-başlı gülürdüm... Gördüyüm mənzərə əsl dəlilik idi. Ağsaqqal, ağbirçək adamlar hara, idman paltarını geyinib əl boyda uşaqlara qoşulmaq hara?! “Görəsən, bu dəliləri dəlixanaya niyə aparmırlar axı?”-deyə keçdi fikrimdən. Pərdəni buraxıb mətbəxə döndüm. Yumurtalar bişmiş, çaydan qaynadığını bildirmək üçün həşir salmışdı.
Səhər yeməyindən sonra bu gün gedəcəyim yerlərin planını tutmağa başladım. Əslində, Qahirəyə gəlməzdən qabaq səfər planım hazır idi. Sadəcə, indi bu plana Amr ilə “kuşəri” yeməyi də daxil etməliydim. Planımı tutub ayağa qalxdım. Səs-küy qismən azalsa da, kəsilməmişdi. Qapıdan çıxmazdan qabaq ağıldan seyrəklərin bu dəfə nə elədiklərinə baxmaq istədim. Pərdənin kənarını qaldırmağımla şaqqanaq çəkməyim bir oldu. Babayla nənə turnikdə çəkinirdilər! Bu gülməli mənzərəni heç bir ifadə ilə təsvir etmək mümkün deyildi...
Şaqqanağımın səsi pəncərəyə dəyib qulaqlarıma qayıdanda ani instinkt ilə pərdəni buraxıb diziüstə çökdüm. İki əlim dizlərimdə uğunmuşdum, amma ağlımın ucundan: “Kaş, eşitməyəydilər...”-arzusu keçirdi. Nəhayət, özümü toparlayıb ayağa qalxdım və pencəyimi çantamın qoluna keçirib qapıya yönəldim.
Gözlərimi əsəbiliklə açsam da, günə gözəl başladığımı düşünürdüm. Son vaxtlar heç bu qədər ürəkdən gülməmişdim. Əhvalım şən idi. Bilmirəm, bu şənliyin təsiriydi, yoxsa kuşəri, həqiqətən, Amrın təriflədiyi qədər dadlıydı, əsas o idi ki, günümün davamı da gözəl keçirdi. Amr ilk baxışdan göründüyü kimi, duyğulara etinasız ev bələdçisi deyildi. Həm də, olduqca mütaliəli bir ədəbiyyat vurğunu idi. Restoranın pəncərəsindən Sfinks meydanında bir əlində qəzet tutumuş, digər əlindəki əsasına söykənmiş böyük yazar, ərəb yazarları arasında ilk Nobel mükafatına layiq görülmüş Nəcib Məhfuzun heykəli görünürdü. Kuşəridən yeyə-yeyə Nəcib Məhfuzun əsərlərilə yanaşı, başqa Misir müəlliflərinin romanlarından, bu romanların müəlliflərindən danışdıq: Məhəmməd Muveylihdən, Məhəmməd Hüseyin Heykəlin “Zeynəb” romanını müzakirə etdik. Amma Nəcib Məhfuzu daha çox sevdiyimi və oxuduğumu etiraf etdim. Onun “Əuladu harratinə” (Məhəlləmizin uşaqları vəya Cəblavi küçəsinin uşaqları) adlı romanı isə sadəcə şedevrdir. İlk oxuduğum əsəri isə “Dəliliyin pıçıltısı”dır
Ayağa qalxanda isə hesabı Amr özü ödədi. Etiraz etmək istədim. “Qərib” sözünü xüsusi vurğuyla iki-üç dəfə təkrar edəndən sonra dedi:
-Bizdə də qəribə, qonağa hörmət var, bir tikə çörək verməyə gücümüz çatırsa, bununla xoşbəxt oluruq. Qonaqsan!
***
Gözəl, şən keçən günümün son akkordlarını qəmə boyayan isə vicdanım idi. Axşam, gözlədiyimin əksinə, qonşu həyətdən səs gəlmədi. Səssizcə qonaq otağında oturub çayımı udumlayarkən əqli qüsuru olan insanlara güldüyümçün özümü məzəmmət edirdim. Mən, axı, bu deyildim... Mən ali insani dəyərlərə inanırdım. Bəs, niyə indi kiminsə kəmliyinə, nahamarlığına gülürdüm? Məgər, həyat elə eyni
istiqamətə getməkdən ibarət idi? Həyatın çoxbucaqlı olduğunu bizə öyrədən hamarlığa meydan oxuyanlar olmamışdımı? Filosoflar, bayaq Amr ilə haqqında danışdığımız ədiblər, daha kimlər, kimlər deyildimi bəşəriyyəti həyatın min bir çaları ilə tanış etməyə çalışan?
İkinci gecə də özüm özümə hesabat verə-verə, hardasa, bəraət axtara-axtara yuxuya getdim. Səhər isə yuxudan qəribə tappıltı səsinə oyandım. Daha səsin hardan gəldiyini axtarmaq lazım deyildi; birbaşa qonaq otağının hündür pəncərələrindən birinə yaxınlaşdım. Pərdəni azca aralayıb baxanda təəccüblə “ohhh” deməkdən özümü saxlaya bilmədim. Bu dəfə “ağıldan seyrəklər” həyətin bir başında kiçik futbol meydançası qurmuşdu. Nənə qapıçı geyimində qapıda dayanmışdı, yerdə qalan ailə üzvləri bir-bir yaxınlaşıb qapıya qol vurur, nənə də o topları tutmağa çalışırdı. Qapıçı geyimində nənə... Məni gülməkdən nə saxlaya bilərdi ki?! Pərdəni buraxıb özümü kresloya çatdırdım. Arxaya yayxanıb uğundum... Handan-hana, içimi qəribə xof sardı: “Allaha acıq gedər...Dəli də onun yaratdığıdı, həmd olsun!”-deyib özümü toparladım. Qalxıb əl-üzümə su vurmağa getdim. Kiçik, boz-bulanıq güzgüyə baxa-baxa bir daha o pərdəni açmayacağıma, ağıldan kəmlərə gülməyəcəyimə dair özümə söz verdim. Qeyri-ixtiyari ağzımdan: “Allah şəfa versin!” –sözləri də çıxdı...
***
Üçüncü səhər də dan üzü, qonşularımın səsinə oyandım. Bu dəfə, sanki, səslər bir az uzaqdan gəlirdi. “Ya da mən artıq bu səslərə alışıram...”-deyə düşündüm. Qonaq otağına keçəndə istər-istəməz, örtülü pərdələrə baxdım. Amma dünən özümə verdiyim sözü də tez xatırladım. Daha o pərdəni qaldırmayacaq, əqli qüsuru olanlara gülməyəcəkdim. Əl-üzümə su vurub çaydanı doldurdum. Soyuducunun qapısına əl uzadanda, qonaq otağındakı pəncərələrdən birinə, sanki, nəyinsə xəfifcə toxunduğunu eşitdim. Yüyrək qonaq otağına keçdim. Səslər, düz pəncərəmin altından gəlirdi. Pəncərəyə yaxınlaşıb-yaxınlaşmamaqda tərəddüd edirdim. Nəhayət, asta-asta pəncərəyə yaxınlaşdım, pərdəni bu dəfə digər tərəfdən qaldırıb baxmağa başladım. “Buna gülməyəsən, neyləyəsən?!”-deyə bir bəraət
cümləsi qurdum özümə və yenə gülməyə başladım. Ailə üzvləri “ortada qalma” dediyimiz oyunu oynayırdılar. Sadəcə, topu atan balacalar, ortada o tərəf-bu tərəfə qaçaraq topu tutmağa çalışan böyüklər-nənə, baba və uşaqların anası olduğunu zənn etdiyim gənc qadın idi. Elə bu dəm uşaqlardan nisbətən böyüyünün atdığı top kişinin ayağına dəyib yerə düşdü. Uşaqlar birağızdan misir ləhcəsi ilə:
-Baba yandı! Baba, çıx! Yandın, çıx!-deyə qışqırdılar.
Baba gülə-gülə əllərini yellədi, kənara çəkildi:
-Di, nənəni də yandırın görüm!-dedi.
Uşaqlar həvəslə topla nənəni hədəfə almağa girişdilər... Nənə qaçır, əyilir, indi topu tutmağa yox, topdan yayınmağa çalışırdı. Onun qəribə və ləng şəkildə əyilib-qalxması, gah yana, gah irəliyə doğru qövsvari qaçışı, əməlli-başlı, musiqili komediyanı xatırladırdı. Diqqətlə onu izləyərkən gülüşümə anlaşılmaz bir kədərin hopduğunu fərq etdim. Hə... Bu gün ilk dəfə dəli qonşularıma yazığım gəlirdi... Ən çox da elə nənəyə...
Göz qapaqlarımı bərk-bərk yumdum, məni xəcalət hissi bürüməkdəydi. Gözlərimi açanda isə daha bərk utandım. Baba amiranə və bir az da təhdidkar baxışlarını mənim baxdığım pəncərəyə zilləmişdi. Tələsik pərdəni buraxıb geri çəkildim. Xəcalət hissimə qorxu da qarışmışdı. O, məni görmüşdü. Şərq mədəniyyətində yad kişinin başqasının həyətinə gizlin baxması etik sayılmırdı. Hələ-hələ, o yad həyətin sahibi ağıldan kəm ola... Özüm də, Amr demiş, burda qərib olam...
Sonrasını fikirləşmək istəmədim. Mətbəxə qayıtdım. Divarın lap yuxarısında, başı tavana dirənən kiçik pəncərəni açdım. Uzaqdan ehramların zirvələri görünürdü. Müasir Qahirədən qədim Qahirəyə açılan bir pəncərəydi bu... Ciyərdolusu nəfəs aldım. Mənə elə gəldi ki, bu hava da ehramların tikildiyi vaxtdan yol başlayıb, minilliklərdir yol gəlib, indi- XXI əsrdə özünü daha bir bəşər övladına-mənə xatırlatmaq üçün məhz mənim pəncərəmdən içəri təpilib...
Qapının döyülməsi məni qapıldığım mistikadan ayırdı. Səhər ertə heç kimi gözləmirdim. Təkcə evin açarını veridyim Amrdan başqa. O da demişdi ki, mən burada qaldığım müddətdə, ola bilsin Qahirənin isti günəşindən gizlənmk üçün bura gəlib bir neçə saat yata bilər. “Kim ola bilər?”- sualına cavab axtararkən, dilimin ucuna təkcə Amrın adı gəldi. Yenə də qapını ehtiyatla açdım. Gələn qonşum, Amrın təbirincə, “ağıldan seyrəklərin” böyüyü idi. Günahkarlıq hissi yenə ürəyimə doldu. Ürəyimdə Amrı danladım. Axı, o niyə elə ilk gün mənə pəncərələrə yaxınlaşmamağı tapşırdı? Məgər o, bilmirdi ki, insan təbiəti qadağalara meyillidir?! Əli yanmasa, bir uşağa deyilən yüz “cızza”nın havayı olduğunu bu Şərq ölkəsində bilmirdilərmi?!
-Salam, qonşu.
Kişinin səsində qorxulu heç nə yox idi. Əksinə, indi əminliklə deyə bilərəm ki, o, məni mehribanlıqla salamlamışdı. Tələsə-tələsə salamını almışdım, amma evə dəvət etməyə cəsarət etməmişdim.
-Necəsən? Çoxdandır, bu evdə heç kim yaşamır. Bayaq pəncərədə pərdənin yellənməsini gördüm. Dedim, bir baş çəkim. –Kişinin ərəbcəsi uşaqlara nisbətən, daha təmiz idi.
-Sağ olun. Tanrıya şükür...-birtəhər cavab verdim:-Bir neçə gündür ki, evi kirayələmişəm.
-Adım Camaldı.-Kişi iri və qaba əllərini mənə tərəf uzatdı.
Mən də əlimi ona tərəf uzadıb görüşdüm:
-Adım Əlidi.
-Qonaq Əli... Vaxtın varsa, səni bizim həyətə çay içməyə dəvət edirəm. Yeni adamları tanımaq üçün ömrün heç bir vədəsi gec deyil.
Nəzakətlə əyin-başımı səliqəyə salmaqçün bir neçə dəqiqə icazə istədim. Kişi qapıda gözləyəcəyini dedi. İçəri keçib özümü səliqəyə salmağa başladım. Bu bir neçə dəqiqə Amrın dediklərinin, özümün gördüklərimin-hamısının üst-üstə
qalaqlanıb ürəyimdə şübhə dağı yaratmağına bəs etdi. Yenə də, dəvəti geri çevirməyi nəzakətsizlik sayırdım. Beləcə, həmin gün “ağıldan kəmlərə” qonaq getdim.
***
Neçə gündü pəncərədən oğrun-oğrun izlədiyim ailənin, məhəlləmizin uşaqlarının yanındaydım. Hər bir ailə üzvü məni təbəssümlə-sanki çoxdanın tanışıymışam kimi qarşıladı. Həyətin bir başında günəş çətiri açılmış, altındakı kölgəlikdə həsirdən toxunma bağça oturacaqları kiçik taxta masanın ətrafına düzülmüşdü. Camal məni əliylə oraya dəvət edib, ailə üzvlərinin bir-bir adını çəkdi. Adı çəkilənlər tək-tək keçib sıralama ilə oturdular. Məlum oldu ki, Camalın xanımının –mənim güldüyüm qapıçı nənənin adı Sacidədir. Klara evin gəlini, İsra, Daniyə, Yasmin və Məhəmməd də nəvələr idi.
Son olaraq, Camal mənə oturacağım yeri göstərdi, özü də sol tərəfimdə əyləşdi.
-Danışığınızdan və zahiri görünüşünüzdən misirli olmadığınız hiss olunur. -deyə Sacidə nənə kiçik sükutu pozdu və bütün ailə üzvləri mənə baxıb xəfifcə gülümsədilər.
-Bəli, Azərbaycanlıyam.-deyə təbəssümlə cavab verdim.
-Aha! Azərbaycan, Azərbaycan...- Camal söhbətə qoşuldu:-Demək, köhnə sovetlər ölkəsindən?
-Bəli, keçmiş sovetlər... İndi isə Azərbaycan müstəqil respublikadır- tələsik və iftixar hissi ilə onun sualını cavabladım.
-Çox gözəl..Gəl, bizim ailə haqda sizə geniş məlumat verim. -Camal cavabımdan məmnun halda söhbətə davam etdi. Amma bu dəfə o, misir ləhcəsi ilə deyil, ədəbi ərəb dilində danışırdı: - 78 yaşım var. Uzun illər Qahirə Ali Məhkəməsində hakim olmuşam. Təqaüdə vaxtından əvvəl, öz xahiş və təkidimlə çıxmışam. Əvvəllər, “vustal bələddə”, şəhərin mərkəzində yaşayırdıq. İndi evimizi satıb bura-bu kiçik həyət evinə köçmüşük.
Yoldaşım Sacidə xanım Misirin tanınmış, aristokrat ailələrindən birinin qızıdır. Məndən iki yaş kiçikdir və biz bir-birimizi sevib ailə həyatı qurmuşuq. Onun doğmalarından yalnız bir nəfər, kiçik qardaşı yaşayır. O da yüksək vəzifə tutur. İzdivacımızdan bir oğlumuz dünyaya gəlib. Adı Əhməd. Hazırda İskəndəriyyədə ezamiyyədədir. Klara onun həyat yoldaşı və ailəmizin bircə gəlinidir. İsra, Daniyə, Yasmin və Məhəmməd onların övladları, bizim nəvələrimizdir. Bu yaşayış massivində bizi, demək olar ki, hər kəs tanıyır. Mənim yüksək vəzifədən imtina edərək şəhərin mərkəzindən kənarda yaşamağım hamıya qəribə gəlir. Bura köçdüyümüz vaxt bəzi tanışlar məni qınadılar ki, camaat vəzifəsindən istifadə edib çox şey əldə edir, evlər, mülklər, var-dövlət qazanır, sənsə vəzifədən gedib sadə həyat yaşamağı seçirsən. Lakin mən heç kimə qulaq asmayıb, sakit və sadə həyatı seçdim. İndi, bax, bu dörd otaqlı mənzildə mənim şəxsi kitabxanam və ailəm var!-bunu deyib Camal yanında oturmuş Yasminin başını sığalladı, bir az susub əlavə etdi:
- Bundan əvvəlki həyatımızda bizim çox şeyimiz vardı, əlimiz hər yerə, hər şeyə çatırdı. Əlçatan olan hər şey isə mütləq dadsızlaşmağa doğru gedir. Amma indi bizim hər şeyimiz var: rahatlıq, rifah, sevgi, azadlıq.
-Əlbəttə, insan dünyaya bir dəfə gəlir. Ömrünü sakit və rahat keçirsə, daha yaxşıdır.- Mən də onun sözünə qüvvət verdim.
-Xatirimdədir, Camalla ailə quranda biz şərtləşmişdik ki, ömrümüzün ahıl çağına çatdığımızda vəzifə, məqam uğrunda deyil, xoxşbəxtlik uğrunda çarpışacağıq-Sacidə nənə söhbətə qarışdı:- Sizin dediyiniz kimi, insan bu dünyaya yalnız bir dəfə gəlir. Bütün ömür boyu da xoşbəxtlik axtarır. Elə bilirlər ki, tapmırlar... Əslində isə, əgər biz xoşbəxt olmaq istəyiriksə, inanın, bunu asanlıqla əldə edə bilərik. Biz buna elə ilk gündən, ilk addımda nail ola bilərik. Hər bir insanın özünəxas tərzdə xoşbəxtlik anlayışı var. Kimisi xoşbəxtliyi təhsildə, kimisi var-dövlətdə, kimisi ailədə, kimisi vəzifədə, kimisi gözəllikdə, kimisi yaxşı qonşularının olmasında görür... Bu xoşbəxtlik ünvanlarını saymaqla qurtarmaz. Fərqi yoxdur, xoşbəxtlik axtarışının sonu hansı ünvana çıxacaq, əsas odur ki,
özünü xoşbəxt hiss etsin. Bəs, niyə alınmır? Bütün bu sadalanan məziyyətləri əldə edənlər, hələ də, özlərini xoşbəxt hiss etmədiklərini deyirlər. Axı niyə? Bir vaxt səni xoşbəxt edəcəyini düşündüyün amilə artıq nail olmusan, daha nə istəyirsən? Niyə xoşbəxt deyilsən? Bu suallara da başqa cavablar tapılır hər zaman. Amma bəşər bir şeyi unudur: biz xoşbəxt olmaq yox, başqalarından daha xoşbəxt olmaq üçün əlləşirik. Bu, yaşam mübarizəsi deyil, məncə, xəstəlikdir. Elə bir xəstəlik ki, yalnız özün-özünün həkimi, dərmanı ola bilərsən...
Sacidə xanım elə səlis, təmiz danışırdı ki, gözlərimi yumsam, bu səsin incə, məlahətli bir nağıl şahzadəsinə aid olduğunu düşünərdim. Bu fəlsəfi fikirlər, bu həyat qayəsi Sacidə xanımın yaddaşımdakı obrazını başqalaşdırırdı. İndi o, mənimçün idman paltarındakı komik qəhrəmanı yox, fəlsəfə saatında kürsüdən mühazirə oxuyan həyat bilgini idi...
-Hər şənbə günü bizim evimizdə ədəbiyyat günüdür.-Camal, deyəsən, mənim ədəbiyyatla bir bağım olduğunu sezmişdi:- Həftə ərzində oxuduğumuz kitablardan ən yaxşı hissələri bir-birimizə danışırıq. Müzakirə edirik. Bazar günü də evdəki kinoteatrda filmə baxırıq. Daha çox da, romanlara çəkilmiş filmlərə...
Danmağın yeri yox idi, kişi ədəbiyyat sevdamı gözlərimdən oxumuşdu, deyəsən:
-Mənim üçün ədəbiyyatsız həyat yoxdur-deyə zarafatyana dilləndim.
-Ədəbiyyatdan öyrəndiklərindən ağlına gələn ilk cümləni de görüm...-Camalın əhvalı yüksəlmişdi, gözləri xəzinə tapmış kimi parıldayırdı.
-“Mən mədəniyyətə, həyata və azadlığa aşiqəm!”
-Nəcib Məhfuz!-deyə kiçik Məhəmməddən başqa, ailənin bütün üzvləri uca səslə qışqırdılar.
-Bəli, Nəcib Məhfuz!- gülərək təsdiq etdim:- Çox sevdiyim yazarlardan biri. Hər dəfə Qahirəyə gələndə, onun geniş küçələrində, sanki, Nəcib Məhfuzu görürəm. Vaxt tapıb evini də ziyarət etmişəm. Demək olar ki, onun bütün əsərlərini
oxumuşam: “Yeni Qahirə”, “Xan-əl Xəlili”, “Məhəlləmizin uşaqları”... Haqqında oxuyarkən ən çox onun yazdıqlarına görə, 1994-cü ildə Qahirənin “Acuza” məhəlləsində iki radikal tərəfindən bıçaqlanması isə üzücüdür.
-Boğazından və ənsə sümüyündən ciddi yaralar almasına rəğmən, xoşbəxtlikdən, dahi yazar həyatını itirmədi. Lakin iki ay xəstəxanada ciddi şəkildə həkim nəzarətində qaldı. Sui -qəsd onu ömürlük şikəst etdi... 2006-cı ildə cismini torpağa, ruhunu əbədiyyətə təslim edənədək sağ əlini normal şəkildə tərpədə bilmədi. Bıçaq zərbəsi onu həmişəlik yazmaqdan məhrum etdi. –Klara bu sözləri qəlbinin dərinliyindən gələn kədərlə söylədi.
-Tarixən dahilər nadanların əli ilə öldürülür.-mənim də sözlərimə kədər yansımışdı:- Maraqlı, bəlkə də, ən təəssüfdoğurucu məqam, onu bıçaqlayanların Məhfuzun heç bir əsərini oxumaması idi... Nə yazdığını, niyə yazdığını bilmədən bir yazıçıya “niyə belə yazmısan?” ittihamıyla qəsd etmək olarmı?!
-Düzdü... İbtidai istintaqda dindirilən 16 nəfərin heç biri oxumamışdı onu...o vaxt mən hakim işləyirdim və prossesin içində idim -Camalın qaşları düyünlənmişdi.
-...onun yazdıqlarını...-Sacidə xanım ərinin fikrini dəqiqləşdirdi.
-Nadanlığın söndürdüyü işıqlar... –deyib dərindən “ah” çəkdim...
Ortalığa sükut çökdü... Handan-hana Klara sükutu pozdu:
-Bayaqkı fikrin təsdiqi: “Əlçatan olan hər şey mütləq dadsızlaşmağa doğru gedir”. Nəcib Məhfuz misirlilər üçün böyük nemət idi.
Sacidə xanım gəlininin fikrini dəstəklədi:
-Məhfuz Misir torpağı ilə Nil çayınınn qarışığından yaranmış kiçik bədəndə böyük bir ruh idi. Amma olur ki, bəziləri belə bir nemət üçün Tanrıya şükr etmək əvəzinə, o neməti məhv etməyə çalışırlar.
Klara başını təsdiq mənasında yelləyib sözünə davam etdi:
-Hər yerdə olduğu kimi, elə bizdə də, ədəbi mühitin böyük problemlərindən biri təəssübkeşlikdir. Mən buna “ədəbi təəssübkeşlik” deyirəm. Məsələn, bəziləri belə düşünür: “Mənim üçün ən yaxşı kitab, müəllifi mənimlə başqa mövzularda həmfikir olan kitabdır”. Eləcə də, dindarlar üçün dindar müəllifin kitabları ən yaxşıdır. Onu oxumasalar da, ən yaxşı odur, çünki müəllifi əqidədaşdır. Ateist üçün ən yaxşı kitab, müəllifi ateist olan kitabdır. Bu situasiya, istər-istəməz, yazarın fəaliyyətinə təsirsiz ötüşmür; yazar qələmini öz əqidədaşlarının istəklərinə kökləyir, istədiyini yaza, özü ola bilmir. İtirməkdən qorxur.
-Yazar kimin üçün yazdığını düşündüyü andan öz qələm azadlığını itirir.-dedim.
-Yazı oxucunun deyil, oxucu yazının ayağına getməlidir. Yazı çiçək kimi bal arısını özünə çəkməlidir. –Sacidə xanımın bu bənzətməsi elə xoşuma gəldi ki, ürəyimdə təkrarladım...
-Nəcib Məhfuz hamının yazıçısı idi. Hamının olan bir şey isə heç kimin olmadığı üçün onun qədri bilinmir. –Ədəbiyyatla bağlı söhbətə bu cümlələrlə yekun vurdu Camal kişi.
...Bütöv bir günümü o ailəylə keçirdim. Birlikdə çay içdik, yemək yedik, incəsənətin bütün növlərindən, tarixdən, müasir dünyadan, texnologiyalardan danışdıq, qızğın müzakirələr və elmi-ədəbi mübahisələr etdik... Axşamüstü isə “məhəlləmizin uşaqları” olaraq iki komandaya bölünüb voleybol oynadıq. Mənim komanda yoldaşlarım Sacidə xanım, Məhəmməd və Yasmin oldu. Uduzsaq da, yüksək əhval-ruhiyyədə idik.
Sonda yorulub axşam çayı üçün yenidən həsir oturacaqlarda yerimizi rahatladıq. İndi mənim düşüncələrim daha duru, daha aydın idi. Neçə gün qabaq, Amrın “ağıldan seyrək” kimi təqdim elədiyi ailənin niyə hamı tərəfindən qəbul edilmədiyini dərk etmişdim. Çünki onlar dövrün ən ağıllı adamları idi. Onlar bu həyatda özləri olmağı, öz həyatlarını kimsəyə mane olmadan, kimsənin həyatına müdaxilə etmədən yaşamağı seçmişdilər. Onların həyatı cəmiyyətin mövcud yazılmayan qanunlarına perpendikulyar yox, paralel idi... Paralel xətlər heç vaxt
kəsişmir... Ürəyimdə: “Kaş, heç kəsişmək üçün bir bəhanə də olmasın...”-deyib gözucu pəncərəmə baxdım. Pərdənin bir tərəfi azca yuxarı qalxmışdı. Mənim evimin pəncərəsindən kimsə bizi, “məhəlləmizin uşaqlarını” və məni gizlicə seyr edirdi. Çox güman ki bu Amr idi və mənim kimi gizli-gizli "Dəliliyin pıçıltısı"nı dinləyirdi.