Tanınmış teleaparıcı, ekranların gülərüzlü, səmimi və peşəkar jurnalisti, köhnələrin aynası olan Esmira Çərkəzqızının Leqal.az saytına verdiyi müsahibəni təqdim edirik:
-Esmira xanım, söhbətimizə istərdim ki, AzTV- də bir vaxtlar aparıcı olduğunuz "Səhər" proqramından başlayasınız. Necə xatırlayırsınız o illəri, necə yarandı "Səhər" musiqi informasiya proqramı?
-Mənim efir həyatım "Səhər" proqramı ilə açılmadı. "Səhər"dən daha əvvəl "Xəbərlər"də reportyor kimi işə başladım. Televiziya tamaşaçılarına "Xəbərlər" vasitəsilə salam dedim. İlk süjetim 1992-ci ildə ölməz Rəşid Behbudovun bərbad məzarı haqqında olmuşdu. Yaxşı xatırlayıram, Fəxri Xiyabanın lap girəcəyində baxımsızlıqdan uçub dağılan diqqətdən kənar məzar barədə ilk işimə dərhal reaksiya verildi. İlk süjetimlə, belə deyək ki, bir problemin həll olunmasına müsbət mənada nail oldum və doğurdan da çox həvəsləndim. Sonra isə televiziya ilə dostluğum, həmçinin əməkdaşlığım və televiziyaya sevgim başladı. Yəni, bu sevgi daha öncədən də var idi, amma televiziyanın cazibəsini, bir işimin tamaşacıya, topluma, cəmiyyətə nə qədər faydalı olduğunu anladıqdan sonra bu həvəs, bu cazibə, bu sevgi daha da artdı. Düşünün, gənc bir qız, universtetdən yeni məzun olmuş bir xanım və Azərbaycanda yeganə bir kanal və bu kanalın çox məsuliyyətli, məhsuldar, gərgin bir iş rejiminə sahib olduğu bir redaksiyasında işə başlamaq. Bir il sonra, 1993-cü ildə noyabrın 6-sında televiziya və radio işçilərinin peşə bayramı günündə ilk dəfə "Xəbərlər" informasiya programında aparıcı kimi çıxdım. Artıq aparıcı kimi televiziya həyatında yeni bir mərhələnin başlanğıcı oldu. "Xəbərlər"in şinelini daşımağa başladım və tam məsuliyyətlə deyirəm ki, sevərək daşıdım. Çünki bir işə sevgin olmazsa, orada uğur da əldə etməyəcəksən, öz sözünü söyləyə və imzanı ata bilməyəcəksən. Amma mən bu uğuru qazandım. "Səhər"ə tam təsadüfən gəldim, rəhmətlik, o zaman Televiziya və Radio Verilişləri Şirkətinin sədri, professor Nizami Xudiyev dəvəti telejurnalistika həyatımda başdan-başa zəruri olan çox şeyləri qibtə etdi. Etiraf edim ki, tamaşaçı məni səmimi Esmira kimi yalnız "Səhər"də tapdı. Düzdü, "Xəbərlər" qaynar, gərgin, məsuliyyətli və çox sevdiyim bir iş rejiminə sahib redaksiya idi, amma "Səhər"də mən öz iç dünyamı tamaşaçı ilə daha gözəl paylaşa, fikrimi ifadə edə bilirdim. Tam səmimiyyətlə deyirəm ki, mənim əvvəlki xəbər aparcısı Esmira Çərkəzqızı üçün burnumun ucu göynəsə də, xaraktercə və iç dünyama görə olduğum kimi yalnız "Səhər"də görünürəm. Mən 18 avqust 1997- ci ildə ilk dəfə "Səhər"ə çıxmışam.
Uzun illər keçib o vaxtdan. "Səhər"də çox insanlarla təmasda oldum, tanınmış insanlar, şəxsiyyətlər müsahibim oldu və mən bununla bağlı səhər ovqatına köklənmiş bir kitab da dərc etdirdim. Kitabın adı "Talehimin səhər yazısı"dır. Bu kitabın ön sözünün müəllifi də "Səhər" proqramının rəhbəri Qulu Məhərrəmli idi. O da o zaman çox gözəl bir ön söz yazmışdı və mənim ruhumu ifadə etmişdi. Beləcə, "Səhər"lə, tamaşaçı ilə ünsiyyətim başladı. Dediyim kimi, tam təsadüfən başladığım bu ekran həyatı mənə çox zərurətlər diqtə etdi. "Xəbərlər"in şinelindən çıxsam da "Səhər"də özümü Esmira Çərkəzqızı kimi tam təsdiqləyə bildim, mənə belə gəlir, təbii ki, bu sözü tamaşaçı deyə bilər. Çünki onların gözü tərəzidir və bu tərəzidə yaxşını doğrunu əyrini, pisi tamaşaçı daha gözəl müəyyənləşdirir. Yanılmıramsa, 15 il fasiləsiz və ara vermədən həm "Səhər" programını, həm də "Xəbərlər"i zövq ala-ala təqdim etdim.
-AzTV məkanında tamaşaçılar arasında demək olar ki, sizi tanımayan yoxdur, hörmətli Esmira Çərkəzqızı, indi harada, nə işlə məşğuldur?
-Mən biraz əvvəl bir kitab haqqında söhbət açdım. Bu kitab səhər programının 10 illik yubileyinə həsr olunaraq, mənim müəllifliyimlə çapdan çıxdı. "Talehimin səhər yazısı" kitabında çox maraqlı reportajlar,müsahibələr yer alıb.
Bu kitabda ön sözdə belə bir fikir yazmışdım ki, bu kitabla bəlkə də ekran həyatımı nöqtələyəcəm bəlkə də bu bir başlanğıcdır. Kitabın son səhifəsində olan bu fikir, "Bu da talehimin səhər yazısı, insan öz talehinin arxasınca gedir. Bu bir başlanğıcdır bəlkə də son". Amma mənim üçün son oldu. Həqiqətən, bəlkə də içimə birşeylər sinmişdi, bilmirəm. Bu kitabdan sonra çox az fəaliyyət göstərdim və televiziyadan könüllü olaraq ayrıldım. Çünki televiziya elə bir yaradıcı mühit, elə bir yerdir ki, orada sənə münbit şərait yaradılmasa, sən öz yaradıcılığını olduğu kimi ortaya qoya bilməyəcəksən. Enerjini yaradıcılığına deyil, yersiz, gərəksiz söhbətlərə və intriqalara sərf etmək məcburiyyətində qalacaqsan. Mən də öz enerjimi qeyri peşəkar, "psevdo" televiziyaçılarla mübarizəyə sərf etmək yerinə, kənara çəkilmək və bir müddət kənarda müşahidəçi olmaq qərarına gəldim. Ayrıldığıma görə peşiman da deyiləm. Hazırda bilirsiniz ki, Türkiyədəyəm. Talehimin səhər yazısından keçən yol, məni talehimin Türkiyə yazısına gətirdi. Burada ailə həyatı qurdum. Təbii ki, öz vətənimdən, dostlarımdan, çevrəmdən, sevdiklərimdən ayrı düşdüm, amma bir başka sevgi aləminə gəldim, övladlarımla, məni sevgi ilə əhatə edən bir başka çevrəyə düşdüm. Bu mühitdən də bu çevrədən də çox məmnunam.
-Jurnalistika sahəsindəki fəaliyyətiniz böyükdür. Amma jurnalistikadan ani gedişiniz üzərindən illər keçir. Bu illər ərzində yenidən bu sahəyə qayıtmağı heç düşündünüzmü?
-Dediyiniz kimi, o ani gediş... Mən bu qərarımın kadrarxası məqamlarını açıqladım. Çünki tamaşaçı bunu bilmirdi. Xatırlayıram, "Bu mənim Azərbaycan tamaşaçısı ilə son görüşümdür" deyib verilişi tamamladım. Proqramda rəhmətlik Habil Əliyev şənbə qonağı idi və bununla da efir həyatımı nöqtələdim. Açığı, həqiqətən də, istər rejissor pultunda olanlar, istərsə də müsahibim çox təəccüblənmişdi. Amma mənə belə gəlir ki, o zamana görə çox doğru bir addim atdım. Ola bilər ki, bu ani gedişim tamaşaçını üzdü, əlbəttə məni də üzdü, sevdiyim bir işdən, mühitdən ayrıldım. Ama düşünün, təkcə mən yox, görün nə qədər peşəkarlar jurnalistlər ayrılmaq məcburiyyətində qaldı.
O dönəmdə televiziyaya bir müddət qayıtmaq istəmədim. Başka kanallardan təbii ki, zaman-zaman dəvətlər gəldi. Amma mənim o zaman belə bir prinsipim vardı, kanal-kanal gəzməyi sevən biri deyildim. Ona görə də, o kanallardan gələn dəvətləri təşəkkür edib qəbul etmədim. Belə deyək də, artıq bunalmışlıq, yorulmuşluq, bezmişlik sendromu deyə bir şey vardı və mən televiziyadan uzaq bir işdə özümü o zamana görə daha rahat hiss etməyə başladım. Məhz o dönəmdə, artıq ailə həyatıma da, özümə də zaman ayıra bildim. Mənim ailə qurmağım, artıq daha gözəl, sevgi ilə dolu bir peşə sənətimə başlamağıma səbəb oldu. Bu analıq peşəsi idi və mən bundan daha çox məmnun oldum. O ki, qaldı sözün əsl mənasında telejurnalistika üçün darıxmağım. Darıxmadım desəm çox yalan olar, necə darıxmaya bilərəm ki?! Çox darıxıram, ama məsələ belədir ki, artıq mən uzaqdayam, Türkiyədəyəm. Bəlkə bir maraqlı proyektlər olarsa, yenidən bu peşəyə qayıdaram. Nə bilim, daha bilmirəm bu barədə, heç inanın düşünmədim. Hazırda vətəndən uzaqda olduğum kimi, peşəmdən də uzaqdayam. Hələ də bu sevgi, jurnalist qoxusu ilə televiziya mənim içimdədir. Ölməyib, ölməyəcək də.
-Bildiyiniz kimi 2020-ci ildə İkinci Qarabağ müharibəsi oldu. Müharibə zamanı çox jurnalistin arzusu olub ki Qarabağ bölgəsində olsun və oradan məlumatlar, xəbərlər versin. Siz necə, istərdinizmi həmin vaxt jurnalistikada olasınız?
-Televiziyadan getməyimə peşiman olduğum bir nöqtə var. Hər zaman biz aparıcılar, telejurnalistlər, xüsusi ilə 90-cı illərdə ictimai-siyasi gərgin abu-havanın içindən, o şineldən çıxan, o mühitdə yetişən reportyorlar, hər zaman arzumuz olub ki, qələbə xəbərini zəfər xəbərini efirdən çatdırmaq. Hər dəfə işğal olunmuş torpaqlarla bağlı reportajlar gedəndə, onların il dönümünü üzülərək, utanaraq qeyd edəndə, bəzi tarixlər var ki, o tarixləri yaşayanda, hər dəfə içimdən keçirdi ki, kaş, qələbə xəbərini də efirdən çatdırım. Amma bu bizə qismət olmadı, qismətdə bu xəbərləri uzaqdan, Türkiyədən tamaşaçı kimi almaq da varmış. Olsun, önəmlisi bu xəbərlərin həyəcanını, sevincini, ekranda yaşıya bilməmək deyil də, bunu bir dinləyici kimi almaq da böyük bir xoşbəxtlikdir. Bu xəbəri bir azərbaycanlı kimi eşidirsən, görürsən, fərqi yoxdur, vətənindəsən, vətəndən uzaqdasan, bunun sevincini içində yaşayırsan. Amma sözün yaxşı mənasında həmkarlarıma paxıllıq etdim, qısqandım onları. Bu xəbərləri necə həyəcanla, necə şövqlə çatdırdılar, həqiqətən də qibtə ediləsi bir andır. Çünki bu günə kimi heç bir aparıcıya qibtə etməmişəm, bir tək bu nöqtədə, bəli, qibtə etmişəm. Yenə də biz burada, Türkiyədə diaspor üzvi kimi heç də durmadiq, aktiv olduq. Həm müharibə dövründə, həm də müharibəyə zəmin yaradan dönəmlərdə. Biz Türkiyədə-İstanbulda dərnəklərdə diaspor üzvləri ilə bərabər yürüşlər keçirdik, mitinqlər təşkil etdik. Bizim orada diaspor komitəsində jurnalist həmkarlarımızın "whatsapp" qrupu var. Onlarla mütəmadi təmasda olduq, xəbərləşdik. Bu tədbirlərin keçirilməsində fəal iştirak etdik.Fərqi yoxdur, istər yaxınımızda, istər çevrəmizdə, istər ictimaiyət içində biz bu məlumatları, bu bilgiləri çatdıra bildik. Ümid edirəm ki, bir azərbaycanlı kimi biz ön cəbhədə olmasaq da, arxa cəbhədə, həm də Azərbaycandan kənarda erməni diasporasının, sanki erməni lobbiçiliyinin çox geniş yayıldığı bir mühitdə biz bunu bacara bildik.
-Bəs müsahibənizin birində bildirmisiniz ki, kompüterimdə çoxlu yazılarım var, yazmağı sevirəm. Müharibəyə dair də yazılarınız varmı?
-Bəli, televiziyadan kənar olduğum bir zamanda, yəni başka bir məsləkdə çalışdığım zamanda ara fasilələrdə, belə deyək ki, içindən keçdiyim anlarda, içimdən gələnləri cansız bilgisayara tökürdüm, onunla sanki danışırdım. Çox-çox məqalələrim, yazılarım var. Fərqli mövzularda, istər mədəniyyət xadimləri ilə bağlı olsun, istər baş verən ictimai-siyasi prosseslərlə bağlı olsun. Əlbəttə ki, Qarabağla bağlı yazılarım da var. Mən Zəngilanlıyam, Qarabağlıyam. Təbii ki, bütün torpaqlar bizimdir, amma atamın böyüdüyü Zəngilanın, anamın böyüdüyü Cəbrayılın alınması xəbərini duymaq, eşitmək, o həyəcanı yaşamaq bir ayrı qürur verir insana. Təkcə o zaman deyil də, qələbə xəbərlərini eşidəndə də yazılar yazdım. Hətta fikirlərimi kanallarda da paylaşdım. Sağolsun həmkərlarım, bizi canlı bağlantılara qoşdular. Onlarla qəzetlər, saytlar vasitəsilə də öz sevincimizi, düşüncələrimizi paylaşdıq. Çox istərdim ki, bu dönəmdə Azərbaycanda olum. Hətta bir neçə gün öncə Zəfər bayramını qeyd etdik, onda belə Azərbaycanda olmaq istədim, hər kəsi qısqandım.
-Günümüzdə televiziya verilişlərinin formatı gənc auditoriyanı tam qane etmir. Sizin fikrinizcə Azərbaycan televiziya jurnalistikasını irəli seviyyəyə aparılması üçün hansı mümkün addımlar atıla bilər?
-Bilirsiz, televiziyanın siması üzdə olan aparıcıdır. Tamaşaçı bəzən elə zənn edir ki, hər şeyi aparıcılar həll edir. Əslində kadr arxasında, televiziyanın mətbəxində olan insanlar bunun belə olmadığını çox yaxşı bilir. Amma tamaşaçının fikri meyyardır, etalondur. Əgər tamaşaçı belə düşünürsə, o zaman, "televiziya simasının necə olması?",sualı ətrafında düşünmək lazımdır ki, bu formatı müəyyənləşdirsək, o zaman telejurnalistikanın perspektivini, yəni daha irəli səviyyəyə aparılması haqqında danışmaq olar. Məncə, bu gün bunun üçün etibarlı, səmimi, nəzakətli, təmkinli, ustalıqlı obraza sahib telesimalar yetişməlidir. İddiasız, heç bir şəkildə qütbləşməyən, balanslı biri müasir televiziyanın siması olmağa namizəddir. İndiki tamaşaçını aldatmaq çox çətindir. Efir ünsiyyətini hamı yarada bilər, amma heç də, hər kəs tamaşçının sevgisini, rəğbətini qazana bilməz. Müasir dövrdə ana xəbər hər bir media qrumunun onurğa sütunu və gəlir mənbəyidir. Yəni, kanal siyasətinin arxa pərdəsidir. Ümumiyyətlə, bu sahə ticarətlə əlaqəli bir sahədir. Yaradıcılıq təbii ki, orada çalışanlar üçün önəmlidir, amma televiziyanı idarə edənlər buna bir gəlir mənbəyi kimi baxır. Bu danılmaz bir faktır. Xəbər aparıcısına tamaşaçı təlabatı olduğu kimi, kanal rəhbəriliyinin də tələbi çoxdur. O, elə bir aparıcı olmalıdır ki, ən azı bir və ya bir necə xarici dil bilməli, auditoriyaya xitab etməyi, hiss və emosiyalarını cilovlamağı, həqiqətin yanında olmağı bacarmalıdır. Məsələn, CNN Türk-ün axşam kuşağı proqramları var. Burada tanınmış xəbər aparıcıları moderatorluq edir. Onların tərcümeyi halına baxanda, nə qədər təcrübədən keçib gəldikləri, hansı praktikanı yaşadıqları, hansı təhsili aldıqları, hamısı göz önündədir. Onlar auditoriyanı əla ala bilirlər. Müsahiblə, qonaqla ünsiyyət qurmağı, onları təmkinlə dinləyib, müsahibəni axarına çəkmək üçün professional bir gedişlər, taktika nümayiş etməyi bacarırlar. Bizdə bundan danışmaq absurddur. Qəbul edilməyən daha bir norma var ki, ictimai analitik xəbər proqramının aparıcıları qətiyyən reklama çəkilməməlidir. Yenə də, CNN Türk-ü misal çəkəcəm, bu kanalı çox izləyirəm mənim üçün favorilərdəndir. Onların bir aparıcısı vardı, Gözdə Atasoy. Uşaq bezi reklamında çəkilmişdi. Yaxşı xatırlayıram, çünki o zaman qəzetlərdə manşetə çevrilmişdi. Media ombudsmanı Faruk Bildirici belə bir fikir ifadə etmişdi ki, Gözdə Atasoy jurnalistikadan istifadə edir. Aparıcını kəskin, ağır şəkildə tənqid etmişdi və sonra o, kanaldan getmişdi. Bizdə durum necədir, analitik proqramı təqdim edən gedir şov proqramında çıxış edir. Nə bilim, öz mənafeyinə görə reklamlara çəkilir. Sosial media hesablarında min cür reklamlar nümayiş etdirir. Bu durumda tamaşaçı ona necə inanacaq?! Nə onun pafoslu xəbərinə, nə də onun saxta göz yaşlarına inanmayacaq. Həyatın güzgüsü olan televiziyaya, baxmağa üz qoymaq üçün, üzdəkilər biraz özünü toparlamalı, tamaşaçı istəyini nəzərə almalıdır. Dünyanın xəbər aparıcılarının yaşlarına diqqət edin. 35-50 yaş aralığındadır. Yetərincə peşəkar uzun bir həyat və əmək təcrübəsindən keçmiş jurnalistlər bu sırada yer alır. Azərbaycan teleməkanında vəziyyət qismən fərqlidir. Gənclərin arasında da bacarıqlı, savadlı jurnalistlər var, haqlarını danmıyaq, amma yetərli deyil. Məsələn, illərdir müharibə şəraitində yaşayan bir ölkədə cəbhə jurnalistləri yetişibmi? Əlinə mikrofon alıb kamera önünə keçmək, stəndap etmək heç də hər şey deyil. Bizdəki kanallara baxıram, prodakşınların hazırladıqları tanıtım çarxlarını o qədər gözəl təqdim edirlər ki, qrafikalar, dizaynlar. Amma proqramı izləyirsən, içi bomboş, sadəcə görüntü və bəzənib, düzənmiş, maniken müqəvvadan başka bir şey yoxdu. Yenə də deyirəm, bizim telekanallarda da peşəkar, yetənəkli, düzgün nitqə, dünya görüşə sahib aparıcılar var, amma barmaqla sayılacaq qədər azdır. Vətəndaş jurnalistikası sanki peşəkar jurnalistikadan öndədir. Yeni media mənsubu olmaq, düşüncə tərzini dəyişmək, həyata və baş verənlərə, bütünlüklə dünyaya baxış bucağını genişləndirmək deməkdir. Əgər bunlar olarsa, istədiyimiz səviyyədə telejurnalistikanın efir həyatını irəli götürə bilərik. Həm gənclərin, həm orta yaşlının, həm də yaşlı nəslin nümayəndələrinə xitab edəcək bir format müəyyənləşdirmək, formalaşdırmaq lazımdır. Danışılacaq çox mövzu var, dərdimiz çoxdu. Hər daşın altından bir mövzu və hər mövzunun içindən də çox önəmli bir məsələ ortaya çıxır.
ƏMİNƏ Elaydın