Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir.
Bu barədə Leqal.az-a Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilir ki, noyabrın 27-də axşam saatlarında Tovuz rayonu ərazisində, xidmətdən kənar vaxtda şəxsi avtomobilin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu - baş gizir Qurbanov Ruslan Əhliman oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Alıyev Qabil Qaybalı oğlu, çavuş Əliyev Bəhlul Aydın oğlu, çavuş Əhmədov Qələndər Mail oğlu və kiçik çavuş Mehdiyev Turan Cavad oğlu vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!
21:49
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Ceyrançöl adlanan ərazidə yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
"Report" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes” markalı minik avtomobili ilə "VAZ 2106" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan yeniyetməni xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Yol-nəqliyyat qəzası zamanı həyatını itirmiş altı nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Yanğınsöndürənlər tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
21:03
Tovuzda ağır yol-nəqliyyat hadisəsi olub, ölənlər var.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Tovuzdan keçən hissəsində qeydə alınıb.
“Mercedes” və VAZ markalı minik avtomobillərinin toqquşması nəticəsində altı nəfər aldığı xəsarətdən dünyasını dəyişib. Bir nəfərin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.