
Toplumsal Araşdırmalar Mərkəzinin (TAM) ənənəvi xarakter almış beynəlxalq sosial elmlər konqresi bu il də 16–18 may 2025 tarixlərində yenidən Türkiyənin Antalya vilayətinin Kaş rayonunda təşkil olunacaq.
Elm dünyasının tanınmış simalarının bir araya gələcəyi konqresin bu ilki əsas mövzusu qlobal miqyasda böhran səviyyəsinə çatan miqrasiya problemi olacaq.
Miqrasiya mövzusu konqres çərçivəsində keçiriləcək hibrid və onlayn sessiyalarda tarixi, sosioloji, iqtisadi, mədəni və siyasi aspektlərdən çoxşaxəli və çoxdisiplinli yanaşma ilə müzakirə olunacaq.
Dünyanın müxtəlif bölgələrindən gələn elm adamları da daxil olmaqla 100-dən artıq tədqiqatçı və mütəxəssis konqresdə bir araya gələrək miqrasiyanın səbəbləri, nəticələri, yeni miqrasiya dinamikaları, sərhəd siyasətləri, inteqrasiya prosesləri, qaçqınlıq və kimlik kimi mövzularda əhatəli təqdimatlarla çıxış edəcəklər.
Konqres, həmçinin miqrasiyanın incəsənət, ədəbiyyat və media kimi sahələrdəki əkslərini də işıqlandıracaq.
Toplumsal Araşdırmalar Mərkəzinin baş direktoru Prof. Dr. Mustafa Yılmaz, bu ilki konqresin tematik çərçivəsinə dair verdiyi açıqlamada bildirib:
“Miqrasiyanı yalnız fərdlərin yer dəyişməsi kimi qiymətləndirmək reduksionist yanaşmadır. Çünki miqrasiya cəmiyyətlərin struktur dəyişikliyini təşviq edən mürəkkəb bir prosesdir. Bu gün dünyanın bir çox yerində yaşanan kütləvi miqrasiya hərəkətləri sosial elmlərin bütün sahələrində dərindən tədqiq olunmağa layiqdir. Bu səbəbdən bu ilki konqresimizi miqrasiya fenomenini fənlərarası yanaşma ilə anlamağa və müzakirə etməyə həsr etdik. Sosial elmçilər olaraq miqrasiyanı sadəcə bir nəticə deyil, eyni zamanda bir proses və dəyişikliyin hərəkətverici qüvvəsi kimi dərk etməliyik.”
Prof. Dr. Yılmaz, konqresin sosial elmlər sahəsində yeni əməkdaşlıqlara zəmin yaratdığını və elmi fəaliyyəti beynəlxalq müstəviyə daşıdığını da vurğulayıb.
