Məqsədyönlü siyasət, uğurlu nümunə

Məqsədyönlü siyasət, uğurlu nümunə
  • Cəmiyyət

  • Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib.

    Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edib. 
    Həqiqət budur ki,bu gün Azərbaycan Prezidentinin fədakar xidmətinin nəticəsində ölkəmiz bəşəriyyətin gələcəyinə böyük töhfələr verir. 

    Ölkələrin, cəmiyyətlərin bir araya gəlməsinə, tanınmış dövlət xadimləri, alimlər, dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələri arasında dialoqların aparılmasına xüsusi ehtiyac olduğunu görən Azərbaycan 2011-ci ildən indiyə qədər bu qəbildən 5 belə foruma evsahibliyi edib. Həmin il keçirilmiş ilk Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ardınca bu tədbir ölkəmizdə 2013, 2015, 2017 və 2019-cu illərdə uğurla baş tutub. Tədbirlərə ümumilikdə 10 mindən çox iştirakçı - hökumət rəsmiləri, beynəlxalq qurumların təmsilçiləri qatılıb. Eyni zamanda forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad mənbəyi kimi çıxış edib. 

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə əsası qoyulmuş "Bakı Prosesi" çərçivəsində müntəzəm şəkildə təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sırf mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq səviyyədə keçirilən, ötən illər ərzində qlobal çevrədə çox böyük nüfuz qazanmış yeganə platformadır.

    Azərbaycan Respublikasının Prezidenti bu cür forumların təşkili məqsədini belə izah edir: "Biz istəyirik ki, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir-biri ilə sıx təmasda olsunlar, bütün problemləri açıq şəkildə müzakirə etsinlər, öz fikirlərini bildirsinlər. Bakı, Azərbaycan belə mötəbər tədbirlərin keçirilməsi üçün artıq ənənəvi bir məkana çevrilmişdir. Əlbəttə, bunun həm coğrafi, həm tarixi, həm də mədəni əsasları vardır. Çünki əsrlər boyu Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşamışlar. İctimai-siyasi quruluşdan asılı olmayaraq, heç vaxt Azərbaycanda milli, ya dini zəmində nəinki qarşıdurma, heç anlaşılmazlıq da olmamışdır. Bütün dövrlərdə Azərbaycanda xalqlar bir ailə kimi yaşamışlar, onları həmişə dostluq münasibətləri bağlamışdır. Biz çox şadıq ki, indi Azərbaycanın müstəqil ölkə kimi inkişaf etdiyi dövrdə bu müsbət meyillər daha da güclənir.

    ...Biz istəyirik ki, ölkəmizdə yaranmış bu təcrübə həm öyrənilsin, həm də bəlkə başqa ölkələr üçün maraq doğursun. Çünki bu, həqiqətən, nadir bir təcrübədir və "Bakı Prosesi"nin başlanması və uğurla davam etdirilməsi onu göstərir ki, biz ortaya siyasi iradə qoyduqda, məqsədə nail ola bilirik". VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da Azərbaycanı bəşəriyyətin gələcəyi naminə ali məqsədlərinə daha bir addım yaxınlaşdıracaq. 
    Forumun gündəliyi də kifayət qədər zəngindir və müasir dünyamızın çağırışlarını əks etdirir. Üç gün davam edəcək forum çərçivəsində 12 panel müzakirə və 4 plenar sessiyanın keçirilməsi nəzərdə tutulub. İştirakçılar müvafiq formatlar çərçivəsində "Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət" mövzusunu müzakirə edəcəklər. Eləcə də "Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq" məsələsinə diqqət yönələcək. "Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi" də forumun əsas mövzularıdır. Həmçinin "Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət" mövzusu müzakirə olunur. Daha bir mövzu isə "Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu"dur. "Tənzimlənməyən miqrasiya və sosial təsirlər: beynəlxalq təhlükəsizlik üçün təhdid və imkanlar", "Süni intellekt - təhdid, yoxsa imkan?", "Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi; Qlobal inkişafa doğru", "Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi" mövzuları da forumun gündəliyinə daxildir. 
    VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda dünyanın 100-dən çox ölkəsindən 700 mötəbər qonaq iştirak edir. Hər silsilə tədbirdə iştirakçı sayının getdikcə artması bu platformanın beynəlxalq nüfuzunun yüksəlməsindən, qlobal çevrədə daha geniş tanınmasından xəbər verir. İştirakçılar müxtəlif ölkələrin yüksəksəviyyəli dövlət xadimlərindən, parlament rəhbərlərindən, dini liderlərindən, alimlərindən, jurnalistlərindən, ayrı-ayrı etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarətdir. Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərlərinin təşkili də planlaşdırılıb. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçirilməsi torpaqlarımızın azadlığından sonra Azərbaycanda ilk dəfə keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilklərindən olacaq. Bu, eyni zamanda Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma formalaşdırmaq imkanıdır. Beləliklə, coğrafi baxımdan Qərblə Şərqin təmas məkanında yerləşən Azərbaycan mədəniyyətlərarası dialoq ideyasının da reallaşdırıldığı qlobal mərkəzə çevrilib. Ölkəmiz mədəniyyətlər arasında dialoq ideyasının özünü doğrultması üçün müvafiq yollar tapır, bütün mümkün vasitələrin dəyərləndirilməsinə çalışır. 
    Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət ölkəmizin sivilizasiyalararası dialoqda fəal və hərtərəfli iştirakını daha da genişləndirir və bu, daha intensiv formalar kəsb edir. Azərbaycanın qazandığı nailiyyətlər bütün dünyada diqqətlə izlənir, təqdir olunur, başqa ölkələr və xalqlar üçün də uğurlu nümunə yaradır. 




    Seyfəddin ƏLİYEV, 
    YAP Masallı Rayon Təşkilatının sədri.
    PAYLAŞ:

    Oxşar xəbərlər