Oktyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.
Ümumi yığıncaqda AMEA Rəyasət Heyətinin 28 oktyabr 2026-cı il tarixli qərarı əsasında Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyündən çıxarılması məsələsinə baxılıb.
Məlumat verilib ki, Milli Elmlər Akademiyasının 23 noyabr 2023-cü il tarixli Ümumi Yığıncağında təsdiq olunmuş Azərbaycan Milli Elmlər Akademiyası üzvlərinin seçkisi, hüquqları və vəzifələrinə dair Əsasnamənin 3.6.-cı bəndinə əsasən Akademiyanın üzvü ölkənin və Akademiyanın adına ləkə gətirən hərəkətlərə yol verdikdə, vəzifələrini yerinə yetirmədikdə onun AMEA üzvlüyündən çıxarılması məsələsi AMEA Rəyasət Heyətinin iclasında müzakirə edilərək, müvafiq qərar qəbul edilməklə AMEA-nın Ümumi Yığıncağında təsdiq edilmək üçün təqdim olunur.
Buna əsasən Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyündən çıxarılması ilə bağlı AMEA Rəyasət Heyətinin 28 oktyabr 2026-cı il tarixli qərarı AMEA-nın Ümumi Yığıncağında təsdiq edilmək üçün təqdim olunub.
Ümumi yığıncaqda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli giriş sözü ilə çıxış edərək bildirib ki, 2025-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Ramiz Mehdiyevi Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham edib. AMEA rəhbəri diqqətə çatdırıb ki, ötən bir il ərzində irəli sürülən ittihamlar istintaq tərəfindən təsdiq olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi Ramiz Mehdiyevin törətdiyi cinayət əməllərinə görə 14 il həbs cəzasına məhkum edilməsi haqqında qərar qəbul edib. Ölkənin adına ləkə gətirən cinayət hərəkətlərinə yol verdiyi və Nizamnamə tələblərini yerinə yetirmədiyinə görə Ramiz Mehdiyevin Milli Elmlər Akademiyasının həqiqi üzvü olaraq qalması mümkün deyildir.
Sonra AMEA üzvlərinin çıxışları dinlənilib. Akademik Yaqub Mahmudov, akademik Dilqəm Tağıyev, akademik Möhsün Nağısoylu, müxbir üzv Misir Mərdanov, müxbir üzv Qurban Yetirmişli və başqaları çıxış edərək müstəqil dövlətimizə xəyanət edən, konstitusiya quruluşunun dəyişdirilməsinə cəhd göstərən, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qeyri-qanuni sərvətlər əldə edən Ramiz Mehdiyevin alim adına yaraşmayan cinayət əməllərini qətiyyətlə pisləyib, məhkəmə ilə sübut olunmuş həmin hərəkətlərin yolverilməz olduğunu nəzərə çatdırıb, ona akademiya üzvləri arasında yer olmadığını deyiblər. Çıxışlarda qeyd edilib ki, dövlət idarəçiliyində uzun bir yol keçmiş, dövlətin yaratdığı imkanlardan sui-istifadə etmiş Ramiz Mehdiyevin dövlətə xəyanət yolunu tutması bağışlanmazdır.
Eyni zamanda, çıxışlarda Ramiz Mehdiyevin Akademiyanın prezidenti vəzifəsində işlədiyi qısa müddətin də əsassız yoxlamalar, intriqalar və məhkəmə çəkişləri kimi yadda qaldığı qeyd edilib.
Çıxışlardan sonra gizli səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, AMEA-nın Ümumi yığıncağı Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyündən çıxarılması ilə bağlı AMEA Rəyasət Heyətinin 28 oktyabr 2026-cı il tarixli qərarını təsdiq edib.
Bununla da Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının üzvlüyündən xaric olunub.