AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
  • Cəmiyyət

  • Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

    Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, eləcə də AMEA-nın Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları və aidiyyəti şəxslər iştirak ediblər.
    Əvvəlcə AMEA-nın müxbir üzvü İsmayıl İsmayılova AMEA-nın Fəxri fərmanı təqdim olunub.

    İclasda müzakirəyə çıxarılan ilk məsələ “2026-cı ilin Nobel mükafatı və laureatları: dünya elminin prioritetləri və Azərbaycan elminin vəzifələri” haqqında olub.

    Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, Nobel mükafatlarına həsr olunan elmi məruzələr cəmiyyətin maarifləndirilməsi ilə yanaşı, Azərbaycan elminin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

    Akademik İsa Həbibbəyli qeyd edib ki, Akademiyada Nobel mükafatları mövzusuna həsr olunan tədbirlərin keçirilməsi artıq ənənə halını alıb və təqdim edilən məruzələr Nobel mükafatları haqqında məlumat verməklə kifayətlənmir, eyni zamanda müasir dünya elminin hansı istiqamətlərdə inkişaf etdiyini görməyə və elmimizin gələcək prioritetlərini bu meyillər əsasında müəyyənləşdirməyə töhfə verir.

    Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, bu cür müzakirələr alimlərə öz tədqiqat sahələrinin inkişaf perspektivlərini müəyyənləşdirmək, beynəlxalq elmi təcrübədən yararlanmaq və yeni yanaşmaları araşdırmaq imkanı verir.

    AMEA prezidenti dünya şöhrətli alim, Nobel mükafatı laureatı və Akademiyanın fəxri üzvü Əziz Səncərin elmi baxışların zənginləşdirilməsindəki rolunu yüksək qiymətləndirib. AMEA rəhbəri bildirib ki, 2024-cü ildə Akademiyada keçirilən “Əziz Səncər həftəsi” çərçivəsində təşkil olunan tədbirlər və alimin Rəyasət Heyətində Azərbaycan alimləri qarşısında təqdim etdiyi məruzə müasir dünya elminin vəziyyətinin təhlili, eləcə də elmin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından önəmli olub.

    Son illərdə Asiya ölkələri, xüsusilə Çin ilə elmi əməkdaşlığa xüsusi diqqət yetirildiyini deyən akademik İsa Həbibbəyli AMEA-nın Çin Sosial Elmlər Akademiyası, Hebey Sosial Elmlər Akademiyası, Honkonq Kore Akademiyası, Pekin Xarici Dillər Universiteti, Hebey Pedaqoji Universiteti  kimi elmi müəssisələri və universitetləri ilə geniş əlaqələrin qurduğunu, səfərlərin, görüşlərin təşkil olunduğunu söyləyib. AMEA prezidenti bu çərçivədə Çin Sosial Elmlər Akademiyası ilə 2016-cı ildə imzalanmış əməkdaşlıq müqaviləsinin yenilənməsinin nəzərdə tutulduğunu, rəqəmsallaşma və süni intellektin humanitar və ictimai elmlərə nüfuz etdiyi müasir dövrdə bu əməkdaşlığın yeni istiqamətlərlə zənginləşdirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib.

    Akademik İsa Həbibbəyli Çin universitetləri ilə elmi əməkdaşlıq çərçivəsində həyata keçirilən proqramlara da toxunub. O qeyd edib ki, Pekin Xarici Dillər Universitetinin tələbələri artıq üçüncü ildir Azərbaycanda təcrübə proqramlarında iştirak edir, Azərbaycan dili və ölkəmizin elmi-mədəni mühiti ilə bağlı biliklərini artırırlar.

    Akademik İsa Həbibbəyli Azərbaycan elminin Avropanın elmi qurumları ilə əlaqələrinin də genişləndirildiyini bildirib. AMEA rəhbəri İtaliya, Albaniya, Gürcüstan, Bolqarıstan və Almaniya ilə elmi əməkdaşlığın inkişaf etdirilməsinin, birgə tədbirlərin keçirilməsinin və yeni əlaqələrin qurulmasının əhəmiyyətini vurğulayıb.
    AMEA prezidenti qeyd edib ki, müasir dövrdə süni intellekt, rəqəmsallaşma və yeni texnologiyalar elmin inkişafına ciddi təsir göstərir. Bu səbəbdən Azərbaycan elmi beynəlxalq təcrübəni öyrənməli, dünya elminin nailiyyətlərindən faydalanmalı və həmin imkanları milli elmi potensialın inkişafına yönəltməlidir.

    Akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan elminin gələcək inkişafı ölkənin zəngin elmi ənənələrinin qorunması, müasir çağırışlara uyğunlaşma və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə sıx bağlıdır. O vurğulayıb ki, dövlət başçısının çağırışlarına uyğun şəkildə dünya elmi məkanına inteqrasiya, alimlər arasında təcrübə mübadiləsi və yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi AMEA-nın qarşısında duran mühüm vəzifələrdəndir.

    Daha sonra iclasda AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev “2026-cı ilin Nobel mükafatı və laureatları: dünya elminin prioritetləri və Azərbaycan elminin vəzifələri” mövzusunda məruzəsini təqdim edib.

    Alim məruzəsində bildirib ki, dünya elminin və mədəniyyətinin inkişafına, sülhün və insan hüquqlarının qorunmasına verilən görkəmli töhfələrin beynəlxalq səviyyədə tanınmasında xüsusi əhəmiyyət daşıyan Nobel mükafatının 2026-cı il üzrə laureatları müəyyən olunub. Onun sözlərinə görə, bu mükafata layiq görülmüş nailiyyətlər fundamental elmi araşdırmaların, yaradıcı düşüncənin və bəşəri dəyərlərin müasir cəmiyyətin inkişafındakı mühüm rolunu bir daha təsdiq edir.

    Akademik Dilqəm Tağıyev qeyd edib ki, fiziologiya və tibb üzrə Nobel mükafatına Karl Daysserot, Peter Hegemann və Georq Nagel işıqla idarə olunan ion kanalları və optogenetika sahəsində kəşflərinə görə layiq görülüblər. Onların tədqiqatları sinir hüceyrələrinin fəaliyyətini işıq vasitəsilə idarə etməyə imkan verən üsulların inkişafına yol açıb. Bu üsullar beynin fəaliyyətinin, yaddaşın və davranışın sinir mexanizmlərinin öyrənilməsi üçün yeni imkanlar yaradıb.

    Həmçinin diqqətə çatdırıb ki, fizika üzrə Nobel mükafatına Frensis Halzen “IceCube” Neytrino Rəsədxanasının yaradılması və inkişafında həlledici xidmətlərinə, astrofiziki mənşəli yüksək enerjili neytrinoların kəşfinə verdiyi töhfələrə görə layiq görülüb. Antarktida buzlarında yerləşən bu müşahidə sistemi kainatın uzaq bölgələrində baş verən yüksək enerjili proseslərin neytrinolar vasitəsilə öyrənilməsinə imkan verir. Həmin tədqiqatlar kainat haqqında biliklərin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

    Bundan əlavə, kimya üzrə Nobel mükafatına Anri B.Kaqan və Kenso Soainin asimmetrik üzvi sintezdə qeyri-xətti effektlərin və avtokatalizin kəşfinə görə layiq görüldüyünü söyləyib. Laureatların tədqiqatları bir-birinin güzgü əksi olan molekulyar formaların yaranması və seçici alınması mexanizmlərinin anlaşılmasına mühüm töhfə verib.
    Akademik Dilqəm Tağıyevin sözlərinə görə, ədəbiyyat üzrə Nobel mükafatına kanadalı şair və esseist Enn Karson klassik ədəbi ənənə ilə yaradıcı dialoq əsasında müasir ədəbiyyatda yeni ifadə formaları yaradan əsərlərinə görə layiq görülüb. Onun yaradıcılığında poeziya, esse və tərcümə bir-birini tamamlayır, antik ədəbiyyatın mövzuları müasir insanın təcrübəsi ilə əlaqələndirilir. Bu yaradıcılıq klassik irsin yenidən mənalandırılması və ədəbi janrların ifadə imkanlarının genişləndirilməsi baxımından diqqəti cəlb edir.

    2026-cı ildə sülh üzrə Nobel mükafatına isə Navanethem “Navi” Pillay sülhün və beynəlxalq hüququn təşviqi istiqamətində fəaliyyətinə görə layiq görülüb. Onun insan hüquqlarının müdafiəsi və beynəlxalq ədalətin təmin olunması sahəsində fəaliyyəti sülhün qorunmasında hüquqi təsisatların və beynəlxalq əməkdaşlığın əhəmiyyətini önə çıxarıb.

    Məruzədə o da qeyd olunub ki, Alfred Nobelin xatirəsinə iqtisadi elmlər üzrə İsveç Dövlət Bankının mükafatına Robert E.Holl və Maykl Vudford makroiqtisadi sabitləşdirmənin mikroiqtisadi əsaslarına dair tədqiqatlarına görə layiq görülüblər. Laureatların elmi işləri iqtisadi sabitliyin təmin olunması, iqtisadi dəyişikliklərin təsirlərinin qiymətləndirilməsi və iqtisadi siyasət qərarlarının əsaslandırılması baxımından əhəmiyyət daşıyır.

    Alimin sözlərinə görə, 2026-cı ildə riyaziyyat Nobeli sayılan Abel mükafatına Qerd Faltinqs (Almaniya) hesablama həndəsəsi sahəsində Nordell və Mordell-Lenq hipotezlərinin sübutu sahəsində qabaqcıl tədqiqatlara görə, informatika sahəsində Tyurinq mükafatına isə Çarlz Bennet (İBM) və Jil Brassar (Kanada) kvant kriptoqrafiyasının əsaslarının işlənilməsi və kvant fizikasında rabitənin qorunması prinsiplərinin yaradılması sahəsində tədqiqatlara görə layiq görülüblər.

    Natiq məruzəsində 1901-2026-cı illər üzrə Nobel mükafatı laureatlarının statistikasını təqdim edib, bildirib ki, Nobel mükafatına layiq görülmüş nailiyyətlərin öyrənilməsi Azərbaycan elmində aktual tədqiqat problemlərinin müəyyənləşdirilməsi, fənlərarası araşdırmaların inkişafı və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətlidir. Onun sözlərinə görə, bu istiqamətdə müzakirələrin təşkili elmi müəssisələrin fəaliyyət profilinə uyğun yeni tədqiqat imkanlarının qiymətləndirilməsinə və gənc alimlərin qabaqcıl elmi təcrübə ilə tanışlığına xidmət edir.

    Məruzədə, həmçinin qeyd olunub ki, ölkəmiz 2026-cı il Qlobal İnnovasiya İndeksində 139 ölkə arasında 85-ci, elmi məhsuldarlığa görө isə 236 ölkə arasında 73-cü yerdə qərarlaşıb. Bundan əlavə, dünya elminin qarşısında duran əsas hədəflər, elm adamlarının hələ də cavab tapa bilmədiyi fundamental suallar və digər məsələləri iştirakçılara təqdim edib.

    Müzakirələrdən sonra AMEA-nın Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul olunub.

    Daha sonra iclasda Qafqaz Albaniyasının tarixi, mədəniyyəti və arxeologiyasının tədqiqinə dair AMEA-nın Tədbirlər planının təsdiq edilməsi məsələsinə baxılıb.
    Akademik İsa Həbibbəyli bildirib ki, AMEA-da Qafqaz Albaniyasının tarixinin və mədəni irsinin öyrənilməsi istiqamətində ardıcıl və sistemli tədqiqatlar aparılır. Həmçinin bu günlərdə AMEA-da “Azərbaycanın Qarabağ ərazisində Alban abidələri: tarixi reallıq və erməni saxtakarlığı” mövzusunda elmi konfransın keçirildiyini, AMEA-nın Rəyasət Heyətinin iclasında elmi məruzənin dinlənildiyini xatırladıb. 

    AMEA-nın Rəyasət Heyəti tərəfindən bu istiqamətdə 1 oktyabr 2026-cı il tarixli qərar qəbul edildiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli sənədin 2-ci bəndində AMEA-nın Arxeologiya və Antropologiya İnstitutuna, Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutuna və Memarlıq və İncəsənət İnstitutuna Qafqaz Albaniyasının tarixi-mədəni irsinin arxeoloji, tarixi və memarlıq baxımından kompleks şəkildə tədqiqi ilə bağlı təkliflərini hazırlayaraq 15 oktyabr 2026-cı il tarixinədək aidiyyəti üzrə AMEA-nın Humanitar Elmlər və İctimai Elmlər bölmələrinə təqdim etmələrinin tapşırıldığını söyləyib.

    Vurğulayıb ki, ötən müddət ərzində təqdim olunmuş müvafiq təkliflər əsasında AMEA-nın İctimai Elmlər Bölməsi tərəfindən “Qafqaz Albaniyasının tarixi, mədəniyyəti və arxeologiyasının tədqiqinə dair AMEA-nın Tədbirlər planı”nın layihəsi hazırlanaraq AMEA-nın Rəyasət Heyətinə təqdim edilib.

    O, həmçinin cari ilin sonunda Qafqaz Albaniyasının tədqiqi ilə məşğul olan alimlərin iştirakı ilə geniş tədbirin keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

    Daha sonra AMEA-nın akademik-katibi akademik Arif Həşimov Tədbirlər planını diqqətə çatdırıb.

    Tədbirlər planında Qafqaz Albaniyasının tarixinə və maddi-mədəni irsinə dair respublika mediasında, radio və televiziyalarda populyar məqalələr ilə çıxışların edilməsi, elmi həqiqətlərin geniş oxucu kütləsinə, tamaşaçı və dinləyici auditoriyasına çatdırılması, Qafqaz Albaniyasının tarixi-coğrafiyasına dair müasir tələblərə cavab verən kartoqrafik materialların hazırlanması, Qafqaz Albaniyasının tarixinə və etnologiyasına dair epiqrafik və etnoqrafik materialların toplanılması üçün növbəti ildən etibarən tarixi-etnoqrafik ekspedisiyaların təşkil edilməsi, Qafqaz Albaniyasının irsinə aid arxeoloji tədqiqatların multidissiplinar modeldə təşkili və arxeoloji ekspedisiyaların genişləndirilməsi və digər bəndlər yer alıb.

    Geniş müzakirələrdən sonra müvafiq qərar qəbul olunub.
    İclasda müzakirə edilən növbəti məsələlər “2026-cı il üzrə AMEA-nın elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatların hazırlanması haqqında” və “2026-cı il üzrə AMEA-nın elmi müəssisələrinin elmi və elmi-təşkilati fəaliyyətinin bal sistemi əsasında rəqəmsal hesabatının pilot qaydada tətbiqi haqqında” olub.

    AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, noyabrın 1-dən etibarən şöbələrdə və laboratoriyalarda hesabatların dinlənilməsinə başlanılmalı, ay ərzində institutların elmi şuralarında müzakirələr aparılmalıdır. Onun sözlərinə görə, prosesin səmərəli təşkili üçün institut direktorları, elmi işlər və rəqəmsallaşma üzrə direktor müavinləri, elmi katiblər şöbələrdə keçirilən müzakirələrdə iştirak etməlidirlər.

    Akademik qeyd edib ki, hesabatların müzakirəsi zamanı yalnız yekun nəticələrlə tanış olmaq deyil, həm də elmi fəaliyyətin gedişini, şöbələrdə görülən işləri və mövcud problemləri ətraflı öyrənmək vacibdir. Bu baxımdan, hesabatların keyfiyyətinin yüksəldilməsi, elmi yanaşmanın və məsuliyyətin gücləndirilməsi əsas məqsədlərdəndir.
    Akademik İsa Həbibbəyli bu gün rəqəmsal hesabat sisteminə keçidin vacib olduğunu, bunun mərhələli şəkildə həyata keçiriləcəyini vurğulayıb. Bildirib ki, cari ildə ənənəvi kağız hesabatlarla yanaşı, institutların elmi şuralarında və bölmə iclaslarında rəqəmsal hesabatların təqdim edilməsi də təşviq olunacaq.

    Akademik İsa Həbibbəyli əsas məqsədin 2027–2028-ci illərdə Akademiyanın bütün institutlarının rəqəmsal hesabat sisteminə keçidini təmin etmək olduğunu bildirib. O, bu prosesin həyata keçirilməsi üçün müvafiq maddi-texniki bazanın yaradılmasının, kadr hazırlığının və əməkdaşların rəqəmsal bacarıqlarının artırılmasının vacibliyini diqqətə çatdırıb.

    Qeyd olunub ki, cari ildə rəqəmsal hesabat sisteminin tətbiqini sürətləndirmək məqsədilə dörd institutun - Humanitar Elmlər Bölməsi üzrə Ədəbiyyat İnstitutu və Folklor İnstitutu, İctimai Elmlər Bölməsi üzrə isə Arxeologiya və Antropologiya İnstitutu, eləcə də Fəlsəfə və Sosiologiya İnstitutunun pilot institutlar kimi bu prosesə cəlb edilməsi planlaşdırılır. Akademik bildirib ki, pilot institutların fəaliyyəti zamanı rəqəmsal hesabat modelinin tətbiqi ilə bağlı əldə olunan təcrübə digər institutlarla bölüşülməlidir. Onun sözlərinə görə, institutlar öz imkanlarına uyğun olaraq ayrı-ayrı şöbələrini də bu prosesə cəlb etməli, rəqəmsal hesabat sisteminə tam keçid üçün zəruri hazırlıq işlərini başa çatdırmalıdırlar.
    AMEA rəhbəri rəqəmsallaşmanın müasir dövrün əsas inkişaf istiqamətlərindən biri olduğunu vurğulayaraq, ölkədə bu sahədə həyata keçirilən dövlət siyasətinin əhəmiyyətini qeyd edib. O, institut direktorlarını rəqəmsal hesabat sisteminin tətbiqinə dəstək verməyə, elmi işlər və rəqəmsallaşma üzrə direktor müavinlərini isə bu istiqamətdə üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməyə çağırıb.

    AMEA prezidenti rəqəmsallaşma prosesinin uğurla həyata keçirilməsi üçün hər şöbədə bu işə məsul əməkdaşların müəyyənləşdirilməsinin və onların müvafiq təlimlərə cəlb edilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, şöbələrdə məlumatların sistemə daxil edilməsi, rəqəmsallaşdırılması və hesabatların hazırlanması ilə məşğul olacaq kadrlar yetişdirilməlidir. Müvafiq mexanizmin yaradılması və əməkdaşların texniki imkanlarla təmin olunması rəqəmsal hesabat sisteminin səmərəli tətbiqinin əsas şərtləridir.

    Akademik İsa Həbibbəyli həmçinin Akademiya əməkdaşlarının rəqəmsal bacarıqlarının artırılması istiqamətində görülən işlərə toxunub. Qeyd edib ki, artıq bir çox əməkdaş rəqəmsal inkişaf üzrə təşkil olunan təlimlərdə iştirak edərək sertifikatlar əldə ediblər. 
    Akademik sonda rəqəmsal hesabat sisteminə keçidin mərhələli şəkildə, ardıcıl müzakirələr və konkret tapşırıqlar əsasında həyata keçirilməli olduğunu vurğulayıb. O, bu istiqamətdə işlərin sürətləndirilməsinin və qarşıya qoyulan məqsədlərin vaxtında reallaşdırılmasının zəruriliyini qeyd edib.

    İclasda müzakirə edilən növbəti məsələ AMEA-nın VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlığının vəziyyəti haqqında olub.

    Məsələ ilə bağlı çıxış edən AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri bildirib ki, müasir dünyada münaqişələrin, siyasi qütbləşmənin və qarşılıqlı etimadsızlığın artdığı şəraitdə mədəniyyətlərarası dialoqun əhəmiyyəti daha da yüksəlir. Onun sözlərinə görə, miqrasiya, mədəni kimliyin qorunması, rəqəmsal mühitdə ayrı-seçkilik və süni intellektlə bağlı yeni çağırışlar cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsini zəruri edir.

    Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə əsası qoyulan Bakı Prosesi beynəlxalq əməkdaşlığın inkişafına xidmət edən mühüm platformadır. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk dəfə 2011-ci ildə Bakıda keçirilməsi də Azərbaycanın müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqun təşviqində rolunu nümayiş etdirir.

    Sərxan Xavəri diqqətə çatdırıb ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu oktyabrın 27–29-da Bakıda “Ortaq gələcək üçün dialoq: parçalanmış dünyada körpülər qurmaq” mövzusunda təşkil olunacaq. Forum çərçivəsində yüksək səviyyəli görüşlər, plenar və panel müzakirələri, tematik sessiyalar və mədəni tədbirlər keçiriləcək.

    Məruzədə vurğulanıb ki, AMEA-nın bilavasitə iştirak etdiyi tədbir UNESCO-nun Dinlərarası Dialoq və Mədəniyyətlərarası Anlaşma üzrə UNITWIN Şəbəkəsinin Akademik Forumudur. Onun sözlərinə görə, Akademik Forumun ilk günü oktyabrın 27-də AMEA-nın Rəyasət Heyətində “Parçalanmış dünyada humanitar elmlərin missiyası” mövzusunda təşkil olunacaq, açılış iclasından sonra “Mədəniyyətlərarası anlaşma və humanitar elmlərin missiyası” mövzusunda panel müzakirəsi baş tutacaq. Bildirilib ki, panel çərçivəsində AMEA alimləri və xarici mütəxəssislər mədəniyyətlərarası dialoqun fəlsəfi əsasları, Türk dünyasında modernləşmə təcrübəsi, süni intellekt və multikulturalizm, folklorun dialoq prosesində rolu, dilin qorunması və mədəni hüquqlar kimi mövzuları müzakirə edəcəklər. Forumun ikinci günü isə ADA Universitetində keçiriləcək.  

    Sərxan Xavəri Akademik Forumun AMEA alimlərinin tədqiqatlarının beynəlxalq elmi müzakirəyə çıxarılması və humanitar elmlərin müasir dünyada rolunun nümayiş etdirilməsi baxımından əhəmiyyət daşıdığını qeyd edib.
    Sonra akademik İsa Həbibbəyli çıxış edərək tədbirin yüksək səviyyədə keçirilməsi üçün müvafiq tapşırıqlarını verib.

    AMEA-nın prezidenti akademik İsa Həbibbəyli daha sonra Qazaxıstan Respublikasına səfərinin yekunları haqqında məlumat verib. Akademik İsa Həbibbəyli qeyd edib ki, 15-18 oktyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində  Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirlərində və Beynəlxalq Türk Akademiyaları Birliyinin IX Baş Assambleyasında iştirak edib. Yubiley tədbirində akademik İsa Həbibbəyli Azərbaycan və Qazaxıstan arasında elmi əlaqələrin tarixi, inkişaf mərhələləri və mühüm elmi nailiyyətlərindən bəhs edib, Qazaxıstan Milli Elmlər Akademiyasının kollektivini əlamətdar yubiley münasibətilə təbrik edib. Səfər çərçivəsində Almatı şəhərində Beynəlxalq Türk Akademiyaları Birliyinin IX Baş Assambleyası keçirilib. Baş Assambleyada Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Asxat Kesıkbayev 2027-2028-ci illərdə Beynəlxalq Türk Akademiyaları Birliyinə növbəlilik əsasında Azərbaycan Milli Elmlər Akademiyasının sədrlik edəcəyini elan edib. Türk Akademiyaları Birliyinə üzv ölkələrin elmlər akademiyalarının rəhbərləri Əl-Fərabi adına Qazax Milli Universitetində rəqəmsallaşma və süni intellekt sahəsində aparılan işlərlə də tanış olublar.
    Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti müvafiq qərar qəbul edib.

    İclasda AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Dünya tarixi  və  Qafqaz tarixi şöbələrinin bazasında daxili imkanlar və mövcud ştat vahidləri hesabına Dünya və Qafqaz tarixi şöbəsinin yaradılması haqqında qərar qəbul olunub.

    Həmçinin Rəyasət Heyətinin qərarı ilə Möhübbət Orucov AMEA-nın “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin rəqəmsal inkişaf üzrə direktor müavini vəzifəsinə təsdiq edilib.

    Bundan əlavə, AMEA-nın müxbir  üzvü Telman Qurbanovun 90, AMEA-nın müxbir  üzvü Qüdrət Kəlbəliyevin isə 80 illik yubileyi haqqında qərarlar qəbul olunub.

    İclasda qeyd olunan məsələlər ətrafında akademik Rasim Əliquliyev, akademik Arif Həşimov, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov, biologiya elmləri doktoru Tubuxanım Qasımzadə, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, professor Kərim Şükürov, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

    Sonda çıxış edən akademik İsa Həbibbəyli 8 Noyabr - Zəfər Gününün AMEA-nın elmi müəssisə və təşkilatlarında yüksək səviyyədə keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

    PAYLAŞ:

    Oxşar xəbərlər