Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı qeyd etdi ki, qeydiyyatdan keçmiş 2000-dən artıq iştirakçı, 100-dən artıq ölkədən gəlmiş 500-dən çox qonağımız var. Əslində bu rəqəmlər göstərir ki, ötən 15 il ərzində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətləri və digər əlaqədar məsələləri həll etmək üçün olduqca səmərəli və əhatəli platformalardan birinə çevrilmişdir. Çünki ənənəvi olaraq, biz forumlarda qlobal gündəlikdə duran təxirəsalınmaz məsələlər haqqında danışırıq. Bizim təşəbbüsümüzlə hələ 2011-ci ildə təşkil olunmuş ilk forumu çox yaxşı xatırlayıram. Biz həmin təşəbbüsə dəstək vermiş, həmçinin bu illər ərzində bizimlə olmuş tərəfdaşlarımıza və ilk növbədə, BMT-nin Sivilizasiyalar Alyansına çox minnətdarıq. Həmin vaxtdan etibarən xeyli dəyişikliklər baş vermişdir.
Təbii ki, iki ildən bir keçirilən hər Forum zamanı biz hamımızı narahat edən məsələlər haqqında söhbət edirik.
Əlbəttə, mədəniyyətlərarası və dinlərarası münasibətlərə aid məsələlər gündəliyimizdə birinci yer tutur. Azərbaycan tarixən hər zaman mədəniyyətlərin çox olduğu ölkə olub.
Biz Avropa ilə Asiya arasında yerləşirik. Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk.
Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib.
Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan “Dəmir yumruq” kimi vuruşdular.Beləliklə, birliyin bu cür böyük təzahürü bir daha cəmiyyətimizin durumunu göstərir. Bir daha deyirəm ki, əgər bizdə - Azərbaycanda yaşayan bütün xalqlar arasında qarşılıqlı hörmət, əhatəliliyin real platforması olmasaydı, biz heç zaman uğur qazana bilməzdik. Çox fərəhlənirik ki, həmin dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik.
Azərbaycan əsrlər boyu öz dövlətçiliyindən məhrum olmuşdur, baxmayaraq ki, bizim əvvəlki əsrlərdə dövlətçiliyin çox böyük ənənələri var. Lakin son iki əsrdə biz müstəqil olmamışıq. Bununla belə, yaşadığımız sistemdən asılı olmayaraq, dəyərlərimizi, dilimizi, ənənələrimizi, həyat tərzimizi qoruyub saxlaya bilmişik. Hamınız bilirsiniz ki, biz fərqli sistemlərdə yaşamışıq.
Abbas Abbaszadə,
Masallı RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri