96 yaşlı alim Barat Cəfərlinin “Tur uçurumu”ndan keçərkən. Görkəmli Azərbaycan alimi, akademik Həsən Əliyev haqqında xatirələrim” kitabı nəşr edilib.
"Leqal" xəbər verir ki, akademik Həsən Əliyevin yaradıcı ömrünün unudulmaz anlarını özündə əks etdirən kitabın elmi rəyçisi və “Ön söz”ün müəllifi Azərbaycanda Atatürk Mərkəzinin elmi əməkdaşı, fəlsəfə elmləri doktoru, professor, Fəlsəfə Cəmiyyətləri Beynəlxalq Federasiyasının üzvü Rahid Ulusel, redaktoru Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əlihüseyn Şükürovdur.
Barat Cəfərli uzun illər akademik Həsən Əliyevin rəhbərliyi altında işləyib, onun sevimli aspirantı olub, təşkil etdiyi elmi ekspedisiyalarda fəal iştirak edib. Barat müəllim 26 yaşından görkəmli alimin ömrünün sonunadək (1907 – 1993) onun yanında olub.
Böyük ömrün ən maraqlı, ən məsuliyyətli məqamlarını təsvir edən bu kitab faktlar əsasında yazıldığı üçün həm akademik Həsən Əliyevin həyatına vaqif olmaq, həm də Azərbaycan elminin, konkret olaraq, coğrafiya, torpaqşünaslıq və kənd təsərrüfatı elmlərinin praktiki təməllər üzərində necə qurulması və inkişaf etməsini öyrənmək baxımından olduqca böyük əhəmiyyət daşıyır.
Uzun illər akademik Həsən Əliyevlə birlikdə çalışmış, onun ən yaxın həmkarı olmuş Barat Cəfərli özü də böyük alimdən mükəmməl elm və həyat dərslərini öyrənən müdrik bir şəxsiyyətdir. Olduqca ibrətamizdir ki, o, ustadının dolğun portretini yaratdığı bu xatirə-oçerkini kitabda bəhs olunan olaylardan 70 il sonra, həm də bütün incəliyi və təfərrüatları ilə qələmə alıb. Barat Cəfərlinin əsəri XX əsrdə Azərbaycan elminin dayaqlarından olmuş Həsən Əliyevin – Ümummilli Liderimiz Heydər Əliyevin qardaşının həyat və fəaliyyətini öyrənmək baxımından dəyərli mənbədir.