AMEA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilib
  • Cəmiyyət

  • Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) və Lənkəran Regional Elmi Mərkəzinin (LREM) 2025-ci il üzrə illik hesabatlarına həsr olunmuş iclası keçirilib.

    Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, AR Milli Məclisinin Səhiyyə Komitəsinin sədri akademik Əhliman Əmiraslanov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini icra edən AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, eləcə də Səhiyyə, Kənd təsərrüfatı nazirliklərinin, digər dövlət orqanlarının tabeliyində fəaliyyət göstərən müvafiq elmi müəssisələrin, ali təhsil ocaqlarının nümayəndələri və aidiyyəti şəxslər iştirak ediblər.

    İclasdan öncə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin əhatə etdiyi institutlarda, Lənkəran Regional Elmi Mərkəzində, həmçinin kənd təsərrüfatı və tibb müəssisələrində 2025-ci ildə əldə olunan mühüm elmi nəticələri əks etdirən sərgiyə baxış keçirilib.

    Tədbiri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq iclasın gündəliyi barədə məlumat verib.

    İclasda çıxış edən akademik İsa Həbibbəyli bu gün Azərbaycan elminin ölkə Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu yüksək tələblər səviyyəsində inkişaf etdirilməsinin əsas prioritetlərdən olduğunu vurğulayıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, müxtəlif elm sahələri üzrə təqdim olunan hesabatlar ötən illərlə müqayisədə, statistik göstəricilər baxımından müsbət dinamikanı nümayiş etdirir. Belə ki, impakt faktorlu jurnallarda çap olunan elmi məqalələrin sayının artması, fundamental və tətbiqi tədqiqatların nəticələri, səmərələşdirici təkliflər və patentlər Azərbaycan elminin ardıcıl inkişaf etdiyini əyani şəkildə göstərir. Hesabatlardan əvvəl təşkil olunan sərgilərdə nümayiş etdirilən elmi məhsullar, tədqiqat nəticələri və nəşrlər də ölkə elminin mövcud prioritetlərini və inkişaf istiqamətlərini aydın şəkildə əks etdirir.

    AMEA prezidenti vurğulayıb ki, ölkə başçısının elm qarşısında müəyyən etdiyi mühüm vəzifələr elmi müəssisələr tərəfindən mərhələli və məsuliyyətli şəkildə icra olunur, bu da elmdə müşahidə olunan inkişaf meyillərini və əldə edilən mühüm nəticələri aydın görməyə imkan verir. Bildirib ki, iclasda dinləniləcək məruzələr və aparılacaq müzakirələr tədqiqatların daha da dərinləşdirilməsinə və yeni istiqamətlərin müəyyənləşdirilməsinə mühüm töhfə verəcək.

    Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, bölmələrin daxili hesabatlarından fərqli olaraq, Rəyasət Heyətinin iclaslarında təqdim olunan hesabatlar daha ümumiləşdirilmiş xarakter daşıyır və ölkə miqyasında əhəmiyyət kəsb edən əsas elmi nailiyyətləri əhatə edir. Bir neçə bölmənin hesabatının eyni iclasda müzakirə olunması isə elmi nailiyyətlərin daha geniş auditoriyaya çatdırılmasına, elmin populyarlaşdırılmasına, müəssisələr arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə və birgə fəaliyyət üçün yeni imkanların formalaşdırılmasına xidmət edir. Bu format alimlərin bir-birinin tədqiqatları ilə yaxından tanış olmasına, dialoqun genişlənməsinə və qəbul olunan ümumiləşdirici qərarların elmi mühitdə real nəticələrə çevrilməsinə şərait yaradır.

    Daha sonra akademik İsa Həbibbəyli Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun 70 illik yubileyinin qeyd olunduğunu bildirib. O, alimin Azərbaycan aqrar elminin inkişafındakı mühüm xidmətlərini, yüksək idarəçilik və təşkilatçılıq qabiliyyətini, eləcə də elm və təhsilin inkişafına verdiyi sanballı töhfələri xüsusi vurğulayıb.

    AMEA rəhbəri professor İbrahim Cəfərovun 70 illik yubileyi və uzun illər ərzində apardığı səmərəli elmi və elmi-təşkilati fəaliyyətinə görə AMEA Rəyasət Heyətinin qərarı ilə “AMEA-nın döş nişanı” ilə təltif olunduğunu diqqətə çatdırıb və mükafatı alimə təqdim edib.

    Sonra AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədri akademik İradə Hüseynova bölmənin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatını təqdim edib.

    Akademik İradə Hüseynova bildirib ki, hesabat ilində ölkə başçısının Fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları, dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları və tədbirlər planlarının, o cümlədən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər”, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” və s., “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”, AMEA-nın Ümumi yığıncağı və Rəyasət Heyətinin qərarları ilə verilmiş tapşırıqların və AMEA rəhbərliyinin sərəncamlarının icrasına yönəldilmiş, dövlət proqramlarının və milli strategiyaların bəndləri üzrə bölmə və onun üzvləri tərəfindən görülmüş işlər haqda məlumatlar aidiyyəti üzrə təqdim edilib. Bundan əlavə, Azərbaycanın sosial-iqtisadi inkişafına dair 2030-cu ilə qədər reallaşdırılması planlaşdırılan beş milli prioritetdən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib və həmin prioritetə uyğun fəaliyyətlər icra olunub.

    Həmçinin il ərzində AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində, AR Elm və Təhsil Nazirliyinin, AR Səhiyyə Nazirliyinin, AR Kənd Təsərrüfatı Nazirliyinin, digər dövlət orqanlarının tabeliyində fəaliyyət göstərən elm müəssisələrində, ali təhsil ocaqlarının müvafiq kafedralarında yerinə yetirilən tədqiqatların əlaqələndirilməsi həyata keçirilib.

    Akademik İradə Hüseynova qeyd edib ki, ötən il BTEB tərəfindən tədqiqatlar müəyyən edilmiş 4 istiqamətdə - biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılması, bioloji proseslərin molekulyar-genetik və fiziki-kimyəvi əsasları, genom, proteom və metabolom tədqiqatları, yeni bio-, nano- və postgenom texnologiyalarının fundamental və tətbiqi əsaslarının işlənib hazırlanması, kompüter biologiyası, maşınöyrənmə üsullarının, süni intellektin biologiya, kənd təsərrüfatı və təbabətdə tətbiqi və patologiyaların fizioloji və molekulyar-genetik əsaslarının tədqiqi, yeni diaqnostika və müalicə üsullarının, dərman preparatlarının işlənib hazırlanmasında və reproduktiv təbabətdə yüksək texnologiyaların və kök hüceyrələrinin tətbiqi istiqamətində aparılıb.

    Akademik İradə Hüseynova hesabat ilində Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə, akademik Mustafa Topçubaşovun, AMEA-nın fəxri üzvü, professor İhsan Doğramacının yubileylərinə, eləcə də “Konstitusiya və Suverenlik İli”nə, AMEA-nın 80 illik yubileyinə, Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününə həsr olunmuş “Tarix yaradan şəxsiyyət”, “Böyük Ana-Alim-Qadın”, “Rəqəmsal və GWAS əsaslı texnologiyaların tətbiqi ilə buğdanın yaxşılaşdırılması”, “STEM sahəsində karyera imkanlarının üzə çıxarılması: elmdə qadının səsi”, “Enerji, qida, ətraf mühit və iqlim təhlükəsizliyi sahəsində çağırışlar”, “Yaşıl dünya, süni intellekt və müasir reallıqlar” mövzusunda konfransların, “Bilik yarışı” müsabiqəsinin, “COP29: Qlobal və milli çağırışlar, elmin vəzifələri” və s. kitabların təqdimat mərasimlərinin keçirildiyini söyləyib.

    O, həmçinin hesabat dövründə akademik Zərifə xanım Əliyevanın müəllifi olduğu “Oftalmologiyanın aktual problemləri” əsərinin ilk dəfə ingilis dilində nəfis şəkildə nəşr edildiyini, o cümlədən bölmə üzvləri tərəfindən “Klinik onkologiya. Həkimlər üçün əsas rəhbərlik”, “Onkoloji Ginekologiya”, “Naxçıvan Muxtar Respublikasının təbiəti (Ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilər)”, “Hərbi Psixologiya və Hərbi Klinik Psixologiya”, “AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi: inkişaf tarixi və uğurları”, “Akademik Mustafa Topçubaşovun biblioqrafiyası” və digər nəşrlərin işıq üzü gördüyünü deyib.

    Akademik İradə Hüseynova ötən il bölmənin və onun müəyyən etdiyi istiqamətlər üzrə fəaliyyət göstərən tədqiqat müəssisələrinin elmi fəaliyyətinin əsas istiqamətləri sırasında Qarabağa “Elmin Böyük Qayıdışı”nın əhəmiyyətli yer tutduğunu deyib. BTEB və onun üzvləri İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun, eləcə də digər müvafiq işçi qruplarının işində, fəaliyyət proqramlarının icrasında, region üzrə monitorinqlərin aparılmasında fəal şəkildə iştirak ediblər. 2025-ci il ərzində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, Ekoloji məsələlər üzrə İşçi Qrupunun müfəssəl sahəvi planının (2021-2025-ci illər üzrə), “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında” Tədbirlər planının müvafiq bəndlərinin icrası diqqət mərkəzində olub. Belə ki, işğaldan azad edilmiş ərazilərə BTEB-in əhatə etdiyi institutlar tərəfindən çoxsaylı ekspedisiyalar həyata keçirilib, nadir və itmək təhlükəsində olan bitki və heyvan növlərinin, torpaq və su ehtiyatlarının, içməli su mənbələrinin, meşə və digər ekosistemlərin monitorinqləri aparılıb.

    Akademik İradə Hüseynova bildirib ki, bölmənin əhatə etdiyi institutlarda hesabat ilində 20 problem, 65 mövzu, 160 iş, 431 mərhələ üzrə tədqiqatlar aparılıb, 48 mövzu, 120 iş və 335 mərhələ tamamlanıb. Tibb müəssisələrində 26 problem, 141 mövzu (36-sı tamamlanıb) və 294 işi (72-si tamamlanıb) əhatə edən 361 (146-sı tamamlanıb) mərhələ üzrə tədqiqatlar həyata keçirilib. KTN üzrə isə isə 26 problem, 108 mövzu (31-i tamamlanıb) və 244 işi (66) əhatə edən 370 (234) mərhələ üzrə tədqiqatlar aparılıb. 2025-ci ildə biologiya, tibb, aqrar və ekologiya elmləri sahəsində alınmış çoxsaylı elmi nəticələr sırasından yalnız ən mühümləri (cəmi 37 nəticə) seçilib.

    Bundan əlavə, hesabat dövründə BTEB-in əhatə etdiyi institutlar tərəfindən 1020 elmi əsər, o cümlədən 12 kitab (1-i xaricdə), 12 monoqrafiya (1-i xaricdə), 404 məqalə (266-sı xaricdə, onlardan 228-i indeksləşən bazalara, 145-i Web of Science və Scopus bazalarında, 68-i digər bazalarda), 592 tezis (162-i xaricdə) nəşr olunub. Əməkdaşların əsərlərinə 3190 istinad edilib.

    Tibb yönümlü elmi tədqiqat və təhsil müəssisələri tərəfindən 4250 elmi əsər, o cümlədən 62 kitab (3-ü xaricdə), 25 monoqrafiya (6-sı xaricdə), 2015 məqalə (890-ı xaricdə, onlardan 457-i Web of Science və Scopus bazalarından olan jurnallarda), 2097 tezis (640-ı xaricdə) nəşr olunub, elmi əsərlərə 1262 istinad edilib.

    Hesabat ilində AR Kənd Təsərrüfatı Nazirliyinin aqrar tədqiqat və təhsil müəssisələri tərəfindən 912 elmi əsər, o cümlədən 50 kitab (3-ü xaricdə), 4 monoqrafiya (1-i xaricdə), 554 məqalə (277-si xaricdə, onlardan 121-i Web of Science və Scopus bazalarında), 304 tezis (85-i xaricdə) nəşr olunub. Əməkdaşların əsərlərinə 1282 istinad edilib.

    Akademik İradə Hüseynova, həmçinin bildirib ki, hazırda Stenford Universitetinin yüksək reytinq siyahısına düşmüş alimlərimizin siyahısında biologiya və tibb elmləri sahəsində çalışan AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun beynəlxalq laboratoriyalarının rəhbərləri – Rusiya EA-nın müxbir üzvü Süleyman Allahverdiyev və professor Qərib Mürşüdov, AR ETN Genetik Ehtiyatlar İnstitutunun beynəlxalq laboratoriyasının müdiri Dr. Asəf Salamov, AR SN ET Tibbi Profilaktika İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Adil Allahverdiyev və Bakı Dövlət Universitetinin professoru Rövşən Xəlilovun adları var.

    Məruzədə, o cümlədən bölmənin elmi nəşrləri, elmlə təhsilin inteqrasiyası, beynəlxalq əlaqələr, kadr hazırlığı, müəssisələrdə fəaliyyət göstərən beynəlxalq laboratoriyalar, elektron elmin vəziyyəti, təltiflər, patentlər, qrantlar və s. barədə məlumat verilib.

    Sonra AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat dinlənilib.

    Hesabatı Mərkəzin direktoru vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev təqdim edərək bildirib ki, hesabat ilində Mərkəzin əməkdaşları tərəfindən aparılan elmi-tədqiqat işləri Azərbaycanın Cənub-Şərq regionunun tarixi, folkloru, yazılı ədəbiyyatı, etnoqrafiyası, arxeoloji və numizmatik abidələrinin öyrənilməsinə, həmçinin regionun sosial-mədəni və bioloji xüsusiyyətlərinin tədqiqinə həsr olunub.

    Məruzəçi qeyd edib ki, 2025-ci ildə Lənkəran Regional Elmi Mərkəzində elmi tədqiqatlar 3 problem, 8 mövzu, 9 iş və 9 mərhələ üzrə aparılıb. İlk dəfə olaraq Cənub bölgəsi folklorunda şamanizm elementləri faktik materiallar əsasında araşdırılıb, Lənkəran-Astara bölgəsində Ümummilli Lider Heydər Əliyevin irsində milli ideologiya məsələləri tədqiq edilib. Eyni zamanda, Çay və subtropik bitkilər şöbəsinin təcrübə bazasında rayonlaşdırılmış çay sort və formalarında üzvi maye gübrəsinin məhsuldarlığa və keyfiyyətə təsiri öyrənilib. Bundan əlavə, Cənub bölgəsinin uzunömürlüləri Yaponiyanın İkiqay Ailə İnstitutu modeli ilə qarşılıqlı şəkildə tədqiq olunaraq ortaq fizioloji, bioloji və ekoloji faktorlar müəyyənləşdirilib.

    Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının icrası, eləcə də Dövlət Proqramları çərçivəsində il ərzində Lənkəran REM-də 20 elmi və elmi-maarifləndirici tədbir – 2 konfrans, 11 seminar, 3 dəyirmi masa və 1 kitab təqdimatı keçirilib. Tədbirlərdə dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin müəllim və tələbələri, region ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. İl ərzində AMEA-nın 80 illiyi, “Konstitusiya və Suverenlik İli”, Milli Qurtuluş Günü, Ümummilli Lider Heydər Əliyevin irsi, milli mətbuatın yubileyi, görkəmli alim və yaradıcı şəxslərin həyat və fəaliyyəti ilə bağlı silsilə elmi tədbirlər təşkil olunub.

    Bildirilib ki, 2025-ci ildə Lənkəran REM-in əməkdaşları tərəfindən ümumilikdə 40 elmi əsər – 26 məqalə və 14 tezis nəşr olunub. Onlardan 15 məqalə və 2 tezis xarici ölkələrdə, 11 məqalə və 12 tezis isə respublika daxilində çap edilib. AMEA-nın 80 illiyinə həsr olunmuş “Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı arxiv sənədlərdə (1813–1828)” adlı monoqrafiya nəşr edilib. Həmçinin Cənub bölgəsi folklorunda şamanizm elementlərinin tədqiqi, uzunömürlülük problemlərinin öyrənilməsi və digər istiqamətlər üzrə elmi məqalələr beynəlxalq elmi dövriyyəyə daxil edilib.

    Məruzədə Lənkəran REM-in elm və təhsilin inteqrasiyası, elmin populyarlaşdırılması və gənclərin elmi fəaliyyətə cəlb olunması istiqamətində görülən işlər də vurğulanıb. Lənkəran Dövlət Universiteti və regionun digər təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində elmi seminarlar, görüşlər və maarifləndirici tədbirlər keçirilib.

    Daha sonra hesabatlar üzrə müzakirələr aparılıb. AR Milli Məclisinin Səhiyyə Komitəsinin sədri akademik Əhliman Əmiraslanov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini icra edən AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Bakı Dövlət Universitetinin kafedra müdiri AMEA-nın müxbir üzvü Elşad Qurbanov, AR KTN Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru AMEA-nın müxbir üzvü İbrahim Cəfərov və AMEA-nın müxbir üzvü Əlövsət Quliyev çıxış edərək fikirlərini bildirib, hesabatları qənaətbəxş qiymətləndiriblər.

    Sonda çıxış edən akademik İsa Həbibbəyli Qarabağda aparılan elmi tədqiqatların genişləndirilməsi, eləcə də müasir dünyanın problemlərindən olan su problemləri və qida təhlükəsizliyinə diqqətin artırılması, kartoqrafiya məsələlərinə xüsusi önəm verilməsinin vacibliyini vurğulayıb, Biologiya və Tibb Elmləri Bölməsinin və Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşlarının cari ildə də səmərəli fəaliyyət göstərəcəyinə inamını ifadə edib.

    Daha sonra AMEA-nın Rəyasət Heyəti tərəfindən Biologiya və Tibb Elmləri Bölməsinin və Lənkəran Regional Elmi Mərkəzinin 2025-ci il üzrə illik hesabatı təsdiqlənib və müvafiq qərar qəbul olunub, bir sıra tapşırıqlar verilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər