23 yanvar 2025-ci il tarixdə rayonun Viləş kəndində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov ərazinin sakinləri ilə növbəti səyyar görüş-qəbulunu keçirmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açıq elan edərək qəbula gələn vətəndaşları salamlamış, ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.
Sonra rayon rəhbəri sözü Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayevə verərək ötən səyyar görüş-qəbulu zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti və ərazidə görülmüş işlər barədə ətraflı məlumat verməsini istəmişdir.
Aparatın şöbə müdiri Elvin Fəttayev ötən səyyar-görüş qəbulu barədə çıxış edərək bildirmişdir ki, ərazidə ötən qəbul zamanı ərazidə 4 nəfər vətəndaş tərəfindən 4 məsələ qaldırılmış və müraciətlərin 2-si müsbət həll olunmuş, 1 məsələnin əsassız olduğu izah olunmuş və 1 məsələ ilə bağlı qanunamüvafiq izahat verilmişdir.
Sonra şöbə müdiri ərazidə görülmüş işlər barədə məlumat verərək qeyd etmişdir ki, şəhid ailələri, aztəminatlı ailələr və kimsəsizlərə məişət, eləcədə işıq, qaz problemlərinin həlli ilə bağlı yardımlar göstərilmiş, ərazidə 16 ədəd yararsız elektrik dirəyi, 400 metr elektrik xətti yenisi ilə əvəz olunmuş, 400 metr məsafədə kənddaxili yola çınqıl tökülərək hamarlanmış, 2,5 km metr məsafədə kənddaxili yola qreyder verilmiş, GPON lahiyəsi üzrə “AzTelekom” İB və “CityNet” MMC şirkətləri tərəfindən yeni internet xətləri çəkilərək abonentlərin istifadəsinə verilmişdir. Daha sonra şöbə müdiri kənd məscidinin cari təmir olunaraq istilik sistemi ilə təmin olunması, 1 ədəd kondisioner quraşdırılması, kənd qəbiristanlığının həyətində quyu qazılaraq istifadəyə verilməsi və kənddə 1941-1945-ci il abidəsində təmir-bərpa işləri aparılması barədə məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır.
Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbul zamanı çıxış edən vətəndaşların müraciətinə həssaslıqla yanaşaraq qaldırılan məsələləri qeydiyyata alaraq nəzarətə götürülməsini təmin edərək müraciətlərin həlli istiqamətində müvafiq işlərin aparılacağını bildirmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını görüş iştirakçılarının nəzərinə çatdırmışdır.