
Bəşəriyyətin tarixi təkamül prosesi göstərir ki, hər hansı xalqın milli-mənəvi irsini, mental-əxlaqi dəyərlərini, tarixi kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək, suverenliyinə qovuşdurmaq və ən vacibi bu müstəqilliyi qoruyub saxlamaq kimi çətin missiya onun taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyətlərin fəaliyyəti ilə bağlı olub.
Ötən əsrdə xalqımızın dünya siyasi arenasına bəxş etdiyi fenomenal nadir şəxsiyyət olan ümummilli lider Heydər Əliyevin sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyduğu milli dövlətçilik düşüncəsi müstəqil Azərbaycan dövlətinin reallığına çevrilib. Ən vacibi Ümummilli Liderimizin böyük fədakarlıqları hesabına ata-babalarımızın qurub-yaratdığı dövlətin sarsılmazlığı, demokratik yüksəlişi, Azərbaycanın müstəqilliyinin əbədiliyi, daimiliyi, dönməzliyi təmin edilib. Ulu Öndərin Azərbaycanın sosial-iqtisadi, siyasi, hərbi və mədəni yüksəlişi üçün həyata keçirdiyi tədbirlər, milli şüurun oyanışı istiqamətində gördüyü böyük işlər olmasaydı, biz bu gün Azərbaycanın müstəqil xəttə malik suveren dövlət kimi mövcudluğundan danışa bilməzdik.
Tarixdən məlumdur ki, ordu dövlətin suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. O da məlumdur ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olub. Müasir Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu mənada fəxrlə deyə bilərik ki, Ümummilli Liderin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız 100 yaşlı Azərbaycan Ordusudur.Hakimiyyətdə olduğu illərdə ümummilli lider Heydər Əliyev Azərbaycan Ordusunu və onun formalaşması prosesini diqqət mərkəzində saxladı. Hələ sovet dönəmində Ulu Öndərin uzaqgörənliyi sayəsində Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması ilə gələcəkdə müstəqil Azərbaycanın Milli Ordusunun formalaşması üçün kadr probleminin həlli yolunda mühüm addım atıldı.
Ulu Öndər çıxışlarının birində belə demiş: "Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, C.Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax, bu cür baxacağam" Elə bu fikirlə ölkənin öncədən ordu quruculuğunun təməlini qoyan Heydər Əliyev düzgün siyasətilə dünyanın böyük dövlətlərində, nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyinə dəstək qazandıraraq özündən sonrakı zamana böyük və möhkəm təməl inşa edərək ordumuzu daha da möhkəmlətdi.
Azərbaycan Ordusunun hazırkı səviyyəsi ordu quruculuğu sahəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu bir daha sübut edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin siyasət indi Azərbaycan Ordusunun yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları arasında yer tutmasına imkan vermişdir. Təsadüfi deyil ki, Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan Ordusu indi dünyanın ən güclü orduları sırasındadır. Bu gün təməli Heydər Əliyev tərəfindən qoyulan Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarət olmaqla Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan ordu quruculuğu siyasəti nəticəsində gündən-günə artaraq daha da qüdrətlənir.
Bu gün bizlər işğal olunmuş əraziləri düşməndən azad edərək, tarixi varislik ənənəsinə məsuliyyətli formada yanaşaraq Prezidentin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun Azərbaycan Silahlı Qüvvələri Gününü “Qələbə” , “Zəfər” bayramı kimi qeyd edirik.
Qələbə, Zəfər və Silahlı Qüvvələri Günümüz mübarək!