Aprelin 29-da AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda akademik Zərifə Əliyevanın 101-ci ildönümü və “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə “Klassik divan ədəbiyyatında bitki obrazı” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.
Tədbir institutun Türk dünyası əlyazmalarının tədqiqi və Türkdilli əlyazmaların tədqiqi şöbələrinin birgə təşkilatçılığı ilə baş tutub.
Konfransdan öncə Əlyazmalar İnstitutunun Ekspozisiya zalında Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin hazırladığı “Əlyazmalarda təbiət motivləri və nəbati elementlər” adlı sərgi nümayiş olunub. Sərgidə qonaqlar dahi Nizaminin poemalarına çəkilmiş illüstrasiyalardan ibarət miniatürlərlə, Xurşidbanu Natəvanın “Gül dəftəri” illüstrasiyalı şeirlər albomu, ona məxsus “Quran”dan nümunələrlə, Mir Möhsün Nəvvabın “Bəhrüz-hüzən”, XIX əsrə aid “Kəlilə və Dimnə” adlı illüstrasiyalarla, Firdovsinin “Şahnamə” əsəri, o cümlədən, Fəxrəddin Əlinin Füzuli əsərlərinə çəkilmiş təbiət motivli nəbati elementlərlə zəngin müasir miniatür nümunələri və bir sıra qiymətli əlyazma nüsxələri ilə tanış olublar. Ekspozisiya zalında, həmçinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşlarının əl işlərindən ibarət çiçək konsepsiyalı tətbiqi-sənət sərgisi də nümayiş olunub.
Sərgi ilə tanışlıqdan sonra konfrans öz işinə başlayıb.
Plenar iclası açılış nitqi ilə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli açıb və Azərbaycan elminin ən parlaq simalarından olan, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illik yubileyinə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş bugünkü konfransın orijinallığı və aktuallığı ilə seçilən mühüm bir mövzuya aid olduğunu bildirib. AMEA prezidenti akademik Zərifə Əliyevanın hər zaman öz zəngin dünyagörüşü və baxışı ilə fərqlənərək Azərbaycanda qadın ziyalıların aparıcı qüvvəsi olduğunu, əsərlərinin bir çox xarici dillərə tərcümə olunaraq yeni oftalmoloq alimlərin yetişməsinə töhfə verdiyini vurğulayıb və konfransın işinə uğurlar arzulayıb.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli konfransın ölkə başçısının “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Sərəncamına əsasən keçirildiyini qeyd edib. O, sıravi həkimlikdən akademik zirvəsinə ucalan Zərifə xanım Əliyevanın zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçdiyini, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verdiyini qeyd edib, onun elmi araşdırmalarının, alim kimi qazandığı böyük uğurların Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutduğunu vurğulayıb. Bildirib ki, Zərifə Əliyeva haqqında söhbət düşəndə gözümüz önündə əsl Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı canlanır.
Plenar iclas məruzələrin dinlənilməsi ilə öz işinə davam edib. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, Azərbaycan Dövlət Tibb Universiteti Oftalmologiya kafedrasının müdiri tibb elmləri doktoru, professor Paşa Qəlbinur, millət vəkili, tarix üzrə fəlsəfə doktoru Məlahət İbrahimqızı, millət vəkili, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Fatma Yıldırım və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Aygül Hacıyeva çıxışlarında Zərifə xanım Əliyevanın mənalı və zəngin həyat yolundan nümunələr gətirərək, onun Azərbaycan cəmiyyətinə verdiyi töhfələrdən söz açıb, alimin ictimai fəaliyyətinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən bu gün daha geniş miqyasda şərəflə, məsuliyyətlə davam etdirildiyini vurğulayıblar.
Konfrans məruzə ətrafında çıxışlarla öz işinə davam edib.