“Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfans keçirilib

“Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfans keçirilib
  • Cəmiyyət

  • Aprelin 25-də Azərbaycan Milli Elmlər Akademiyası Qadınlar Şurasının və Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə institutun akt zalında görkəmli oftalmoloq alim akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş “Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfans keçirilib.

    Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova, AMEA Qadınlar Şurasının sədri fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə, Biologiya və Tibb Elmləri Bölməsinin alimləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının nümayəndələri, eləcə də Qadınlar Şurasının üzvləri və aidiyyəti şəxslər iştirak ediblər.

    Tədbirdə giriş nitqi ilə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli 2023-cü ildə akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibətilə AMEA Rəyasət Heyətinin, Biologiya və Tibb Elmləri Bölməsinin və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı və ölkə ictimaiyyətinin iştirakı ilə görkəmli oftalmoloq alimə həsr olunmuş silsilə konfransların keçirildiyini, nəşrlərin ərsəyə gətirildiyini söyləyib. Qeyd edib ki, həmin tədbirlər və monoqrafik tədqiqatlarla akademik Zərifə Əliyevanın misilsiz xidmətləri Azərbaycan cəmiyyətinə və dünya oftalmologiya elmi ictimaiyyətinə yenidən tanıdılıb. Həmçinin AMEA-nın “Təbirlər planı”na əsasən, Mərkəzi Elmi Kitabxana tərəfindən akademik Zərifə Əliyevanın biblioqrafiyası hazırlanıb, Biologiya və Tibb Elmləri Bölməsinin “Həyat elmləri və biotibb” jurnalının akademik Zərifə Əliyevaya həsr edilmiş xüsusi buraxılışı dərc olunub.

    Akademik İsa Həbibbəyli Zərifə xanım Əliyevanın 100 illik yubiley tədbirlərində akademik A.Qarayev adına Fiziologiya İnstitutunun xüsusi fəallığı ilə seçildiyini, görkəmli oftalmoloq alimin yaratdığı və rəhbərlik etdiyi laboratoriyanın yerləşdiyi institutun onun qarşısında öz mənəvi borcunu ödədiyini bildirib. Həmçinin Akademiyanın Humanitar və İctimai Elmlər bölmələrinin müəssisələrində də görkəmli alimə həsr edilmiş tədbirlərin keçirildiyini vurğulayıb.

    AMEA rəhbəri Zərifə xanım Əliyevanın elmi və ictimai fəaliyyəti ilə yanaşı, Ulu Öndər Heydər Əliyevin vəfalı və sədaqətli ömür-gün yoldaşı kimi daim onun yanında olduğunu, Azərbaycan xalqına XXI əsrin dünya liderlərindən biri olan, xalqımıza misilsiz qələbələr qazandırmış və ərazi bütövlüyümüzü tam bərpa etmiş Prezident, Ali Baş Komandan İlham Əliyevi bəxş etdiyini söyləyib. AMEA prezidenti 2024-cü ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası COP29-un dövlətimizin və onun liderinin dünyadakı nüfuzunun bariz göstəricisi olduğunu deyib və bu uğurun təməlində Prezident İlham Əliyev kimi Lider yetişdirmiş həm Ulu Öndərin, həm də Zərifə xanımın müdrikliyinin dayandığını vurğulayıb.

    Akademik İsa Həbibbəyli bildirib ki, Zərifə xanım görmə qabiliyyətinin bərpası ilə bağlı mühüm tədqiqatlar aparıb, Azərbaycan xalqının gözünə işıq olub və onun tədqiqatları ölkə başçısı tərəfindən ölkəmizdə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili”nə, yaşıl dünyamıza tam uyğundur.

    AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova isə çıxışında bildirib ki, bugünkü tədbir iki mühüm hadisəyə - ölkə başçısının Sərəncamı ilə elan olunmuş “Yaşıl dünya naminə həmrəylik ili”nə və böyük şəxsiyyət, xalqımıza və dünya oftalmologiya elminə əvəzolunmaz töhfələri ilə adını XX əsr Azərbaycan tarixinə qızıl hərflərlə yazmış görkəmli alim, Əməkdar elm xadimi akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilib.

    Natiq qeyd edib ki, Əməkdar həkim, professor Əziz Əliyevin ailəsində dünyaya göz açmış akademik Zərifə Əliyeva Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı və mübariz silahdaşı, Azərbaycan Respublikasının hər qarış torpağının tam suverenliyinə nail olmuş Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin şəxsiyyət kimi təşəkkülündə həlledici rol oynamış ana, Azərbaycanda oftalmologiya elminin əsasını qoymuş elm korifeyi və mərhəmətli həkim, əməlləri insan adına şərəf gətirən parlaq şəxsiyyətdir.

    Zərifə xanımın ətraf mühitə, yaşıl dünyaya münasibəti ilə bağlı bəzi məqamlara diqqət çəkən akademik İradə Hüseynova alimin Ulu Öndərin Azərbaycana ilk dəfə hakimiyyətə gəldiyi andan başlatdığı ekoloji siyasətini ürəkdən dəstəklədiyini, yeni yaşıllıq sahələrinin, park və meşə zolaqlarının salınması və sahələrinin genişləndirilməsinin vacibliyi ilə bağlı təbliğat apardığını, bu istiqamətdə müvafiq işlərin həyata keçirilməsində şəxsən fəallıq göstərdiyini söyləyib.

    “Ümumiyyətlə, Zərifə xanım göz xəstəliklərinin profilaktikası, görmə orqanına ekoloji amillərin təsiri məsələlərinə böyük diqqət göstərirdi. O bilirdi ki, insanın sağlamlığı onu əhatə edən mühitlə sıx bağlıdır, bir sıra hallarda ekologiyanın sağlamlaşdırılması xəstəliklərin qarşısının alınmasında mühüm, hətta həlledici rol oynayır. Zərifə xanım sənaye müəssisələrinin zərərli tullantılarının, kənd təsərrüfatı istehsalında pestisidlərin istifadəsinin azaldılması, zavod və fabriklərin ətrafında yaşıllıq massivlərinin salınması üzrə verdiyi tövsiyələrin reallaşdırılmasında israr edir, özü də ömür-gün yoldaşı ilə birgə ağacəkmə kampaniyalarına həvəslə qoşulmaqla insanlara nümunə olurdu”, - deyə akademik İradə Hüseynova vurğulayıb.

    Akademik bildirib ki, Zərifə xanımın insanların qəlbində və ölkənin tarixində, elm, təhsil və səhiyyəsində dərin iz qoymuş şərəfli fəaliyyəti bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir, biomüxtəlifliyin mühafizəsi, onun təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” kampaniyası, eləcə də İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 1 gündə 650 min ağacın əkilməsi, nadir və itmək təhlükəsində olan heyvan və bitki növlərinin bərpası istiqamətində görülən misilsiz işlər ölkəmizdə və dünyada da rəğbətlə qarşılanıb.

    AMEA-nın vitse-prezidenti v.i.e. akademik Gövhər Baxşəliyeva isə qeyd edib ki, Zərifə xanım ideal ömür-gün yoldaşı, ana olmuş, öz peşəkar elmi və həkimlik fəaliyyəti ilə bir çox həmyerlimizin gözlərinə nur vermişdir. Qeyd edib ki, Ulu Öndər daim Zərifə xanımın fəaliyyətini dəstəkləmiş, yüksəkixtisaslı oftalmoloq alim kimi yetişməsində ona dayaq olmuşdur.

    AMEA Qadınlar Şurasının sədri fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə isə bildirib ki, Zərifə xanım böyük alim, sadə, təvazökar insan olub, Əməkdar həkim, professor Əziz Əliyevin qızı, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, Prezident İlham Əliyevin anası olmaqla onun taleyinə 3 böyük seçilmiş dövlət xadimi yazılıb. Qeyd edib ki, insanların gözlərinə nur, şəfa bəxş etmiş Zərifə xanım elmi fəaliyyəti, həyat yoldaşı və analıq missiyası ilə hər bir Azərbaycan qadınına nümunədir.

    Giriş nitqlərindən sonra akademik Zərifə Əliyevaya həsr olunmuş film nümayiş etdirilib.

    Tədbirdə, həmçinin AR ETN akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Ulduz Həşimovanın “Akademik Zərifə xanım Əliyevanın ideyaları müasir dünyanın çağırışları prizmasından”, AR ETN Botanika İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevanın “Yaşıl şəhərlər və insan sağlamlığı”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektorunun müdiri filologiya elmləri doktoru, dosent Ataəmi Mirzəyevin “Klassik ədəbiyyatda bahariyyələr”, YAP Veteranlar Şurasının üzvü, AMEA-nın Qadınlar Şurası İdarə heyətinin üzvü, həkim-ictimaiyyətçi Zərifə Quliyevanın “Akademik Zərifə Əliyeva xatirələrdə: təbiətə həssas münasibət”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Vüsalə Gülmalıyevanın “Akademik Zərifə Əliyeva: insanların sağlamlığı keşiyində durmaq vətəndaşlıq missiyası kimi”, AMEA Folklor İnstitutunun Qadın təşkilatının sədri filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimovanın “Türk düşüncəsi və ekofolklor” və AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi biologiya üzrə fəlsəfə doktoru Səmra Mirzəyevanın “Gənclər elmin inkişafı və “yaşıl artım” siyasəti missiyasının daşıyıcılarıdır” mövzusunda məruzələri dinlənilib.

    Konfransdan sonra AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın Fəxri xiyabandakı məzarını ziyarət edib.

    Akademik İradə Hüseynova Ulu Öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı və sədaqətli silahdaşı, Qalib Prezident İlham Əliyevin anası, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstəsi qoyub, əziz xatirəsini ehtiramla anıb.

    Akademik İradə Hüseynova xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstəsi qoyub.

    PAYLAŞ:

    Oxşar xəbərlər