Bundan sonra oktyabr ayı zəngilanlılar üçün ancaq bayram ayı olacaq. Çünki həm Ağalı kəndi, həm Zəngilan şəhəri oktyabr ayında azad edildi.
LEQAL.AZ xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəngilan rayonunun sakinləri ilə görüşündə söyləyib.
Dövlətimizin başçısı sakinlərlə söhbət zamanı bir gəncin dediyi sözləri xatırladıb: “Bu gəncin sözlərinə qulaq asaraq bir daha görürük ki, Azərbaycan xalqının nə qədər güclü iradəsi və öz doğma torpağına bağlılığı var. Ermənilərin aləmində əsas ümidverici amil o idi ki, bizim camaat bu yerləri unudacaq, yaşlı camaat unudacaq, sonra vaxt keçəcək yaşlı camaat təbii olaraq həyatdan gedəcək. Gənclər, başqa şəraitdə böyüyüb başa çatan insanlar isə heç vaxt buraya qayıtmaq istəməyəcəklər. Bax, bu, onların böyük səhvi idi. Çünki biz qəlbində güclü Vətən sevgisi olan bir gənc nəsil tərbiyə edib yetişdirdik. Hətta buranı görməyən hər bir gənc, - indi sən görməmisən buraları, sən də görməmisən, - bir arzu ilə yaşayıb ki, qayıtsın öz doğma torpağına, ədalət bərpa olunsun və artıq biz bunu görürük”.
Prezident qeyd edib ki, Ağalı kəndi heç bir il keçmədən yenidən qurulacaq, dünyanın bəlkə də ən mütərəqqi kəndlərindən birinə çevriləcək.