Azərbaycan Prezidenti Ermənistanda baş qaldıran revanşist qüvvələrə sərt şəkildə xəbərdarlıq edib

Azərbaycan Prezidenti Ermənistanda baş qaldıran revanşist qüvvələrə sərt şəkildə xəbərdarlıq edib
  • Siyasət

  • Bu gün müzəffər Azərbaycan Silahlı Qüvvələri qarşıda duran bütün vəzifələri icra edir. Eyni zamanda, sərhədçilərimiz hazırda işğaldan azad edilən ərazilərdə Azərbaycan-Ermənistan sərhədini də qoruyur. Bu sərhəd də bərpa edilib və sərhəd boyunca bütün lazımi infrastruktur işləri aparılır, bütün texnika səfərbər edilib.

    LEQAL.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfəri zamanı Azərbaycan-İran sərhədində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışından sonra sərhədçilərlə görüşündə bildirib.

    Azərbaycan-Ermənistan sərhədinin 500kilometrə yaxın uzunluğu olduğunu qeyd edən dövlətimizin başçısı deyib: “Bu sərhəd 30 ilə yaxın müddət ərzində işğalçı qüvvələrin əlində idi. Biz Vətən müharibəsində Qələbə qazanaraq bu sərhədi də tam bərpa etdik, Zəngilan və Qubadlı rayonlarını, Laçın rayonunun bir hissəsini döyüşərək azad etdik. Laçın rayonunun böyük hissəsini və Kəlbəcər rayonunu düşmən artıq məcbur olub kapitulyasiya aktını imzalayaraq bizə qaytarıb. Hazırda o ərazilərdə lazımi işlər aparılır”.

    Ermənistanda baş qaldıran revanşist qüvvələrin yenə də Azərbaycana qarşı ərazi iddiası irəli sürdüyünü bildirən Prezident onlara sərt şəkildə xəbərdarlıq edib: “Biz Vətən müharibəsi dövründə kimin kim olduğunu göstərdik. Dəmir yumruq düşmənin başını əzdi. Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Biz təmkinlik göstərərək bu təxribata cavab vermədik. Amma bu, sonuncu xəbərdarlıqdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək. Biz öz sərhədimizi qoruyuruq və bundan sonra da qoruyacağıq. Hər bir ölkənin sərhədi onun dövlət rəmzlərindən biridir. Azərbaycan öz sərhədlərini, ərazi bütövlüyünü tam bərpa edib. Bizim Silahlı Qüvvələrimiz rəşadət, qəhrəmanlıq göstərərək Vətən müharibəsində Zəfər çaldılar. Sərhədçilərin ümumi zəfərimizdə rolu çox böyükdür. Mən bunu qiymətləndirirəm. Təsadüfi deyil ki, bir çox hərbçilər dövlətimizin yüksək orden və medalları ilə təltif edilmişlər”.
    PAYLAŞ:

    Oxşar xəbərlər