Qələbənin mühüm tarixi əhəmiyyəti və qarşıda duran əsas vəzifələr

Qələbənin mühüm tarixi əhəmiyyəti və qarşıda duran əsas vəzifələr
  • Siyasət

  • Dövlət başçısı cənab İlham Əliyev vurğulayıb: “Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir”

     Başa çatan 2020-ci il Azərbaycan taixində ən mühüm səhifələrdən biri kimi nəsillərə ötürüləcəkdir. Ötən dövrün yekunu tarixi hadisə kimi ərazilərimizin işğaldan azad edilməsi və COVİD-19 pandemiyasının beynəlxalq iqtisadi əməkdaşlığa ciddi zərbə vurması, bir sıra təsərrüfat sahələrinin tənəzzülü, hətta bəzi məhsul istehsalının dayandırılması, bundan başqa, milli-dini toqquşmaların, qarşıdurmanın, müharibələrin davam etməsi şəraitində sosial-iqtisadi vəziyyətin qənaətbəxş olması ilə qeyd olunacaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına dair videoformatda keçirdiyi müşavirədə ötən 12 ayda əldə edilən nailiyyətlər sırasında ilk yerdə ərazi bütövlüyümüzün bərpasının və yurdumuzun cənnət guşəsi, zəngin sərvətlərə malik, əsrarəngiz təbiətli Qarabağın işğaldan azad edilməsi olduğu barədə demişdir: “Keçən ilin və nəinki keçən ilin, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Bu məğlubiyyət nəticəsində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb, təslim olub və biz 3 rayonumuzu bir güllə atmadan, bir şəhid vermədən siyasi yollarla geri qaytardıq. Beləliklə, Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu. Biz bunu hərbi yollarla həll etdik. Baxmayaraq, uzun illər ərzində beynəlxalq vasitəçilər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar bizə deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur”.

    Ermənistan prezidentləri Robert Köçaryan və Serj Sarkisyanın qeyri-konstruktiv mövqeləri ilə işğalı de-faktodan de-yureyə çevirmək məqsədilə vaxtı uzatmaları artıq mümkün deyildi. Azərbaycan rəhbərliyi elan edirdi ki, artıq mənasız danışıqlarla vaxtın uzadılmasına yol verməyəcəkdir. Beləliklə, Paşinyan hakimiyyətə gəldi. Lakin özünü qalib və məğlubedilməz sayan bir topluma baş nazir olan küçə siyasətçisi işğalçı dövlətin havadarlarına, onları maliyyələşdirən lobbilərinə, diasporlarına, büdcələrindən dəfələrlə dəyəri artıq, pulsuz-parasız silah verənlərinə o qədər arxayın oldu ki, bütün qırmızı xətti keçdi. Açıq-aşkar ən adi beynəlxalq normaları ayaqlar altına alan yeni iddialar irəli sürdü. Lakin dünya birliyi, Minsk üçlüyü “Yeni müharibə, yeni ərazilər” iddiası irəli sürən, “Qarabağ Ermənistandır, nöqtə” deyərək dünyanı yeni təhlükələrə sürükləyən faşist və militarist Ermənistan rəhbərliyinin ekspansionist siyasətini “görmürdü”. Dünyanın ermənipərəst qüvvələri ərköyünləşdirdiyi, silahlandırdığı, yeni iddialara həvəsləndirdiyi, saxta tarixlərini, faşist xarakterli milli təbliğatını reallaşdıraraq, monoetnik cəmiyyətə sahib dövlət yaratdığını ört-basdır edirdilər. Həmin güclər bu oyuncaq maşa dövlətini həmişə olduğu kimi, yenidən, 2020-ci ilin iyul ayının 12-də artıq ölkəmizin dövlət sərhədi olan Tovuz təxribatını törətməsinə imkan verdilər. Lakin bu dəfə də dünya birliyi tamam azğınlaşmış Ermənistana “dur” demədi. Çünki diqqət edildikdə bu təxribatın mahiyyətində bir çox maraqlar aşkar olur.

    Beləliklə, danışıqların uzadılması Azərbaycana sonsuza qədər problemlərlə barışmaq demək idi. Hərbi yolla həll nəticədə siyasi yolla həllə şərait yaratdı və tarixi ədalət bərpa edildi və bununla həm də iqtisadi mənbələrimizin geri alınması ənənəvi təsərrüfat sahələrimizin bərpası və dirçəldilməsi üçün yeni imkanlar yarandı. Dövlət başçısı müşavirə, konfrans və digər tədbirlərdə həmişə deyirdi ki, son illər ərzində hərtərəfli inkişaf edən müstəqil Azərbaycan dövləti bu gün özünün ən şanlı dövrünü yaşayır və Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Həqiqətən də 44 günlük müharibə sübut etdi ki, Azərbaycanın xarici və daxili siyasəti çox uzaqgörən strategiyaya, dəqiq hədəflərə, qarşılıqlı maraqları təmin edən əməkdaşlığa, tolerantlığa, multikulturalizmin, birgə yaşayışın mükəmməl düsturu olmasına və digər bəşəri dəyərlərə əsaslandığına görə ən pozitiv istiqamətdir. Ölkəmizin siyasi xəttində insan kapitalı, sosial amil, multikulturalizm dövlətin milli təhlükəsizliyində nə qədər yüksək dəyərli amil olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu prioritet xətt öz gücünü 44 günlük müharibədə Azərbaycanda yaşayan müxtəlif etnik nümayəndələrin və dinlərin nümayəndələrinin Ana Vətənin doğma qardaşları kimi işğalçıya qarşı bir yumruq olub döyüşmələri, şəhid və qazi olmalarında özünü göstərdi. Azərbaycan xalqı bu döyüşlərdə özünün milli mənəvi dəyəri -multikulturalizminin və tolerantlığının hər bir xalqın ölüm-dirim məsələsi olan ərazi bütövlüyü və milli təhlükəsizliyində də nə qədər önəmli yer tutduğunu, “multikulturalizmin gələcəyi yoxdur” deyən Avropanın demokratiyadan dəm vuran, lakin bu insani dəyərdən çox uzaq olan siyasi liderlərə və digərlərinə əyani nümayiş etdirdi. Diqqət edək, misal üçün, rusiyalı jurnalist Maksim Şevçenko İvanovka kəndindəki rus sakinlərdən soruşur ki, siz mənşəcə özünüzü hansı xalq sayırsınız, sakinlər cavab verirlər ki, biz Azərbaycan ruslarıyıq, dini ibadətimiz, mədəniyyətimiz üçün çox yüksək şərait yaradılıb. Və vurğulayırlar ki, bizim kənddən 20 nəfər döyüşlərə qatılıb, bir şəhidimiz və iki yaralı qazimiz var. Lənkəran bölgəsindən isə “Talışlar oyaqdır, Qarabağa dayaqdır!” şüarı ilə döyüşlərə qatılırdılar, könüllü, ailədən xəbərsiz cəbhəyə gedən yəhudi əsilli David Sədiyev Azərbaycan, Türkiyə, İsrail bayraqlarını dalğalandırır və s.

    Bir sözlə, Azərbaycan xalqı 44 gündə VƏTƏNİMİZDƏ milli və dini ayrı-seçkiliyin olmadığını hər bir etnosun, dini icma üzvlərinin bu qələbədə müvafiq payı olduğunu və vəhdətliyin nümunəsini bütün dünyaya nümayiş etdirdi.

    Azərbaycan döyüşçüləri şəhidləri, yaralıları arxada qoymayıb özləri ilə irəli - qələbəni görməyə aparırdılar. Bu, dünya praktikasında ilkdir. Çünki bu günədək yaralı və şəhidləri döyüş meydanından yığmaq üçün müəyyən dəstələr fəaliyyət göstərib. Azərbaycan ordusunun bu vəhdətliyi əsgərlərin ruhi və fiziki vəhdətliyinə bir də yüz minlərin bir, birin yüz minlər olmasının dünyaya nümayişidir. Elə bir ordu göstərin ki, subay əsgər evliyə desin ki, sənin övladların var, sən sağ qalmalısan ki, onları böyüdəsən, döyüşə mən getməliyəm, elə bir ordu göstərin ki, bir ağır yaralı öz bədəni ilə yaralı əsgər yoldaşının bədənini atəşdən qorusun. Elə bir ordu varmı ki, çiynində yaralı və ya şəhid olan əsgər bir əlində avtomat döyüşə-döyüşə irəli getsin və yoldaşını ruhən də olsa, qazanılan qələbəyə qovuşdursun. Dünya hələ ki, belə ruhi birlik görməyib. Beləliklə, tarix sübut edir ki, xalqın birliyi güclü ordunun təməl daşıdır, qüvvətli ordu dövlətin qüdrətində əsas amillərdən biridir, xalqın birliyi güclü ordunun zəminidir, məhz bu zəmində dövlət başçısı beynəlxalq aləmdə söz sahibi və yüksək nüfuz sahibi olur. Azərbaycanın dövlət başçısı 44 günlük müharibədə qazanılan qələbənin əsas amilləri barədə deyib: “Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik. Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi, demək olar ki, Ermənistan ordusu yoxdur. Müharibədən sonra müşahidə olunan mənzərə onu göstərir ki, bu gün Ermənistan silahlı qüvvələri faktiki olaraq tam dağıdılıb. Ermənistan məğlub edilib və biz istədiyimizə 44 gün ərzində nail ola bilmişik. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, keçmiş Hadrut rayonunu, Xocavənd rayonunun böyük hissəsini, Suqovuşan qəsəbəsini, Murovdağ silsiləsini və Şuşa şəhərini hərbi yollarla azad etdik. Bütövlükdə 300-dən çox yaşayış məntəqəsi hərbi yollarla işğaldan azad edildi. Bunun nəticəsində Ermənistan faktiki olaraq diz çökdü, məcbur olub noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Beləliklə, Ağdam, Laçın və Kəlbəcər rayonları bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı. Bu Qələbə tarixdə əbədi qalacaq. Bu Qələbə bütün dünyaya sübut etdi ki, - bir daha bunu qeyd etmək istəyirəm, - bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Mən demişdim ki, tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq. Mən demişdim ki, heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Mən demişdim ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq... Onlar bir daha Azərbaycan xalqının böyüklüyünü gördülər”.

    Dövlət başçısı öz nitqində işğal edilmiş yaşayış məskənlərinin erməni vandalları tərəfindən xarabazarlığa çevrildiyi, şəhərlərin və kəndlərin yer üzündən silindiyi barədə də danışmışdır. Qeyd edək ki, xarici kütləvi informasiya vasitələrində dağıdılmış Ağdamın mənzərəsini “Qafqazın Xirosiması” və “ruhlar şəhəri” adlandırmışlar. Ermənilərin törətdiyi bu vəhşiliklər dünya KİV-də böyük rezonans doğurmuşdur. Bundan başqa, yerli sakinlərin heç vaxt öz yurdlarına qayıtmayacaqlarına əmin olan işğalçılar bu ərazilərdə beynəlxalq qanunlara zidd olaraq xaricdən köçürdükləri erməniləri məskunlaşdırmışdılar və bu davam edirdi. Azərbaycan tərəfi qeyri-qanuni məskunlaşanlara ərazilərimizi tərk etməyə vaxt vermişdi. Amma erməni barbarları Birinci Qarabağ müharibəsində yerli əhalini ölümə məhkum edərək, yollarda kütləvi qırğına məruz qoyaraq şaxtada-qarda qovmuşdular. İndi onlara maneəsiz çıxışa icazə verildiyi halda evləri yandıraraq, unitaza qədər sökərək, meşələrə od vuraraq gedirdilər. Bütün bunlar ermənilərin necə mənəviyyatı çürük və qeyri-insani olduqlarını bütün dünyaya əyani sübut etdi. Ermənistan faşist ideologiyası ilə tərbiyə olunduğunu, bu ölkədə milli eqoizm, Azərbaycana fobiya hökm sürdüyünü Tərtərə, Bərdəyə, Gəncəyə atdıqları beynəlxalq qanunlarla qadağa qoyulmuş ballistik raketlərlə də sübut olundu. Lakin Minsk Qrupu həmsədrlərindən bu vandallığa qarşı yenə də təpki yox idi, əksinə Fransa işğalçıları himayə etməkdə önə çıxdı, hətta qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini belə tanıdı, bu isə bütün beynəlxalq qanunlara və vasitəçilik missiyasına zidd idi. Ermənistanın himayədarları işğalçı dövlət diz çökən kimi fəallaşdılar, Bakıya gəldilər və dövlət başçımızın sərt - mən sizi dəvət etməmişəm, sizi dinləyirəm -təpkisi ilə qarşılaşdılar.

    Azərbaycan dünyaya beynəlxalq hüquqa hörmət və riayət nümunəsi də göstərdi. Ballistik raketlərin Ermənistan ərazisindən atıldığını sübut edən ölkəmizin təcavüzkarın ərazisinə müdafiə məqsədilə keçib bu silahları zərərsizləşdirmə hüququ vardı, lakin bu edilmədi, döyüş meydanında kəskin cavab verildi.

    Milli və mədəni sərvətlərimizin talan edilməsində beynəlxalq təşkilatların və biznes qurumlarının da ciddi rolu vardır. Hətta Vətən müharibəsi bitdikdən sonra da Ermənistan rəhbərliyi və xarici nümayəndələr Xankəndiyə səfər etmişlər. Rusiya sülhməramlıları isə buna mane olmamışlar. Dövlət başçısı icazəsiz və qeyri-qanuni səfərlər davam edərsə, ciddi tədbirlər görüləcəyi və orada olan sülhməramlıların funksiyası barədə deyib: “İndi mənə məlumat verildi ki, Ermənistanın xarici işlər naziri Xankəndiyə gedib. Sənin orada nə işin var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq. İndi münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır. Rusiya öz vasitəçilik imkanlarını tərəflərə təqdim edib. Bu yaxınlarda Ermənistana və Azərbaycana səfər etmiş Rusiya hökumət nümayəndələrindən ibarət heyət əsasən bu mövzular haqqında söhbətlər aparmışdır... Sülhməramlı qüvvələr. Onların orada funksiyası var. Noyabrın 10-da bu funksiya təsbit edildi. Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış Bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik”.

    İndi məlumdur ki, Ermənistanın ərzaq təhlükəsizliyi də Qarabağın talan olan sərvəti hesabına imiş. Artıq bu qıtlıq rəsmi şəkildə elan olunur və yenidən işğal haqda bəyanlar səngimir. Təsəvvür edin ki, Ermənistan 30 il bizim suyumuzu kəsib, 100 min hektar torpağı susuz qoyub. Amma həm Sərsəng, həm də Suqovuşan su anbarları o vaxt ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmişdi və işğalçılar bizə məxsus olan suyumuzu kəsmişdilər.

    Bu müharibədə Azərbaycanla Ermənistanın mənəvi fərqi də meydana çıxıb. İşğalçılar Birinci Qarabağ müharibəsində ən qəddar üsullarla etnik təmizləmə apardılar, əhalinin çıxması üçün açdıqları dəhlizdə mülki şəxsləri dəhşətli faciələrə və qırğınlara məruz qoydular. Bu dəfə də onlar öz qeyri-insani əməllərindən qalmayıblar. Bu, erməni faşizmidir, əsrlərlə xalqın beyninə yeridilən, onu nifrət ruhunda tərbiyə edən, vəhşiləşdirən, bətndən başlayaraq xalqın beyninə yeridilən ideologiyanın milli eqo-psixoloji təsiridir. Azərbaycan rəhbərliyi və xalq nə 44 günlük müharibə dövründə, nə də sonra bu vandalların səviyyəsinə düşmədiyini dünyaya nümayiş etdirdi və heç vaxt düşməyəcəyini bir daha bəyan etdi. Bütün beynəlxalq humanitar qaydalara riayət edildi. Dövlət başçısının istər Ermənistan və istərsə də sülhməramlılar qarşısında bir şərti var: “Hesab edirəm ki, noyabrın 10-da imzalanmış Bəyanat gələcək fəaliyyət üçün əsas olmalıdır. Bu Bəyanatdan başqa, hər hansı bir digər sənəd imzalanmayıb”.

    Müharibə bitib, lakin yenə də təxribat davam edir, həm Ermənistan tərəfdən keçənlərin, həm də azad olunmuş ərazilərimizdə qalanların diversiyaları səngimir. Bu artıq beynəlxalq qanunların kobud surətdə pozulmasıdır, terror və diversiya hərəkətləridir və cəzalanmalıdırlar. Ermənistan tərəfi isə yenə də yalan danışır, dəlil və sübut olduğu halda onlar tərəfdən heç kimin keçmədiyini deyirlər. Beynəlxalq qanunlara görə də Azərbaycan öz təhlükəsizliyini qorumaq hüququna malikdir. Dövlət başçısı bir daha həm Ermənistanı və onlara imkan yaradanları, həm terrorçulara göz yumanları, həm də işğalçı dövlətin və xarici nümayəndələrin azad olunmuş ərazilərə icazəsiz gəlişinə qarşı lazımi tədbir görməyən sülhməramlıları sərt şəkildə xəbərdar etmişdir ki, bu hərəkətlər bir daha baş verərsə, müvafiq addımlar atılacaqdır və onlar peşman olacaqlar.

    Qeyd etmək lazımdır ki, Qələbənin qazanılmasında müharibədən əvvəl aparılan islahatlar, kadr dəyişikliyi, güclü ordu quruculağı, müasir hərbi sənaye məhsulları istehsalı, müvafiq dövlət və beynəlxalq qurumlarla hərbi sahədə səmərəli əməkdaşlıq mühüm rol oynayıb. Lakin ölkə başçımızın dəfələrlə vurğuladığı kimi, zəfəri qazanmaqda ən əsas olan Azərbaycan Ordusunun zabit və əsgərlərinin yenilməz ruhu, onlara daim dəstək verən xalq birliyidir.

    Prezident İlham Əliyev müharibə dövründə birlik nümayiş etdirməyənlərə, küçə siyasətçisi Paşinyanı demokrat adlandıranlara qarşı sərt çıxış etmiş, ölkədə ciddi siyasi dialoq dövrünün başladığı və siyasi plüralizmin daha da təkmilləşdiriləcəyi və Azərbaycan həqiqətlərinin beynəlxalq partiya qurumlarına çatdırılmasının bir vəzifə olduğu barədə demişdir: “Beləliklə, müharibə başa çatdı. Biz istədiyimizə nail olduq. İndi artıq quruculuq dövrü başlayır. Biz bu gün bu barədə də danışacağıq... bir daha demək istəyirəm ki, müharibədən əvvəl artıq ölkəmizdə yeni bir siyasi iqlim yaranmışdır, müsbət iqlim. Çünki bizim hamımızın, bütün vətənpərvər qüvvələrin bir amalı var idi - torpaqlarımızın işğaldan azad edilməsi. Biz, Azərbaycan iqtidarı buna da nail olduq. Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına yol verməmək, beynəlxalq müstəvidə keçmiş münaqişə ilə və indiki reallıqlarla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında məlumat çatdırmaq vəzifəsi durur. Bizim partiyalarımızın bəziləri beynəlxalq partiya qurumlarına üzvdürlər. Bu məlumat o qurumlar çərçivəsində verilməlidir. Yəni bu, gələcək fəaliyyət üçün əsas istiqamət olmalıdır. Əlbəttə ki, ölkə daxilində demokratikləşmə proseslərinə müsbət təsir etmək, partiyalararası dialoqu möhkəmləndirmək, çatışmazlıqlar haqqında məsələ qaldırmaq və normal, sağlam rəqabət aparmaq - biz bunu istəyirik. Biz öz niyyətimizi ortaya qoymuşuq və şadam ki, bütün siyasi qüvvələr bu təşəbbüsə qoşulubdur”.

    Beləliklə, dövlət başçısı cənab İlham Əliyev sosial-iqtisadi sahədə qarşıda duran və icra edilən dövlət investisiya proqramında təsbit olan layihələrdən danışarkən diqqətə çatdırmışdır ki, icra edilən qazlaşdırma, elektrik, nəqliyyat infrastrukturları başa çatmaq üzrədir. Əsas məsələ azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işlərini reallaşdırmaqdır. İnşaat işlərini yerinə yetirmək, bu bölgəni ən yüksək səviyyədə abadlaşdırmaq, təsərrüfat sahələrini canlandırmaq və davamlı inkişaf etdirmək üçün əsas zəmin nəqliyyat və enerji infrastrukturunu bərpa etmək, onların fasiləsizliyinə nail olmaqdır və bu proses ləngimədən həyata keçirilir. Prezident İlham Əliyev bu barədə demişdir: “ ...bizim əsas diqqətimiz azad edilmiş torpaqlara olmalıdır və bu sahədə ilkin infrastruktur layihələrinin icrası artıq başlamışdır. Birinci layihə Şuşa şəhərinə yol layihəsidir. Çünki Şuşa şəhərinə ənənəvi yollar hazırda bizim üçün o qədər də məqbul deyil. Düzdür, biz bu yollardan istifadə edirik. Ancaq biz bu yollardan Rusiyanın sülhməramlı qüvvələrinin müşayiəti ilə istifadə edirik - həm Laçın dəhlizindən, həm də Qırmızı Bazar ərazisindən. Gələcəkdə əlbəttə ki, biz bu yollardan da sərbəst şəkildə istifadə edəcəyik, o cümlədən Ağdam-Xankəndi-Şuşa yolundan da istifadə edəcəyik”.

    Dövlət başçısı diqqətə çatdırıb ki, noyabrın 10-da imzalanmış Bəyanatda qeyd edilib ki, bütün kommunikasiyalar açılacaq, lakin bu gün Şuşa şəhərinə getmək üçün yeni yol çəkilişi mütləq lazımdır və biz bu sahədə işlərə artıq start vermişik. Ancaq Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu inşa olunur və hesab edirəm ki, nəzərdə tutulmuş qrafikdən daha tez bir zamanda inşa ediləcək. Azərbaycanın çox zəngin bu bölgəsinin ən qısa vaxtda dirçəldilməsi, sosial-iqtisadi dövriyyəyə qoşulması, dünya iqtisadiyyatına inteqrasiya edilməsi üçün son dərəcə mühüm layihələrə start verilir. İqtisadi inkişafın təməli ilk növbədə yol-nəqliyyat və enerji infrastukturlarının yaradılmasından başlanır, bu sosial-iqtisadi təchizat - “qan damarları” yaradıldıqda tikinti-abadlaşdırma və digər proseslər vaxtında fasiləsiz həyata keçirilir. Digər vacib layihəyə – Toğanalı-Kəlbəcər yolunun inşasına da artıq start verilib. Burada bəzi yerlərdə yüksəklik 3500 metr, çox çətin relyefli olduğuna görə qış aylarında bu yoldan istifadə etmək təhlükəlidir. Ona görə də tunellərin tikintisi layihələri də indi icra edilir. Eyni zamanda, Horadizdən Zəngilana, oradan Qubadlıya və oradan da Laçın rayonuna qədər yol çəkilişinə hazırlıq işləri gedir. Dövlət başçısı vurğulayıb ki, Toğanalıdan Kəlbəcərə çəkiləcək yol Laçın rayonuna da davam etdiriləcək. “Beləliklə, biz iki tərəfdən, - həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturu yaradacağıq. Eyni zamanda, mənim göstərişimlə Laçın və ya Kəlbəcər rayonlarının ərazisində müasir beynəlxalq hava limanının tikilməsi üçün yer axtarılır... Füzuli şəhərində isə beynəlxalq hava limanının tikintisinə artıq az vaxt qalıb. Qeyd etmək lazımdır ki, bütün növ təyyarələrin enməsinə imkan verən bu aeroportun inşası düşmən tərəfindən darmadağın edilmiş azad olunmuş ərazilərin bərpası, abadlaşdırılması, beynəlxalq aləmə açılması, müvafiq yük daşınmalarının fasiləsizliyi və operativliyi üçün mühüm hadisədir və “AZAL” bu məsələ ilə bağlı ciddi işləməyə başlayıb ki, müvafiq aeroport açılandan sonra dərhal bizim qonşu ölkələrin bəziləri ilə hava nəqliyyatı təmin edilsin.

    Qarabağda çox güclü həm ənənəvi, həm bərpa olunan enerji növləri potensialı mövcuddur. Bu sahələrin bərpası və müvafiqlərinin inşası ümumrespublika sisteminə inteqrasiyası mühüm sosial-iqtisadi dividendlərə imkan verəcəkdir. Dövlət başçısı vurğulayıb ki, enerji təchizatı ilə bağlı artıq bütün göstərişlər verildi. Qarabağ bölgəsi yaşıl enerji zonası kimi dünya üçün bir nümunə olacaq.

    Dəmir yolları ilə bağlı göstəriş verilib Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisi də nəzərdə tutulur. Şuşaya rahat gediş-gəlişi təmin etmək üçün dəmir yolunun da çəkilməsi mütləqdir və bu il həmin layihəyə start veriləcəkdir. Dövlət başçısı xüsusi geostrateji əhəmiyyətli Naxçıvan dəhlizinin açılması barədə deyib: “Eyni zamanda, Horadiz-Ağbənd dəmir yolu da, - Ağbənd Zəngilan rayonunda Ermənistan sərhədinə yaxın olan qəsəbədir, - yenidən tikiləcək. Çünki mənfur düşmən bu yolu dağıdıb və tamamilə sıradan çıxarıb. Naxçıvan dəhlizini açmaq üçün bu yol xüsusi əhəmiyyət daşıyır... Bu yoldan həm Azərbaycan, həm Türkiyə, həm Rusiya, həm Ermənistan, həm də İran istifadə edəcək. Bu yol gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün xüsusi əhəmiyyətə malikdir”. Naxçıvan dəhlizinin bərpası və müasirləşdirilməsi Rusiya və Mərkəzi və Orta Asiya ölkələrinin də mənafeyinə uyğundur. Dövlət başçısı diqqətə çatdırıb ki, Ermənistan dəmir yolları Rusiya dəmir yollarının mülkiyyətindədir, bizim tərəf müqabilimiz, əlbəttə, Rusiyadır. Çünki Ermənistan dövlətinin Mehri dəmir yolu layihəsinə heç bir aidiyyəti yoxdur. Biz bu məsələni Rusiya ilə müzakirə edirik. Çünki Rusiya dəmir yolları Ermənistan dəmir yollarının sahibidir. İlkin müzakirələr müsbətdir.

    Qarabağ ərazisi çox münbit və məhsuldardır. Kənd təsərrüfatının məhsuldarlığının artırılması üçün suvarma işlərinin sürətlə aparılması üçün müvafiq tapşırıqlar verilmişdir. Enerji təchizatı ilə bağlı artıq məruzə edilib, bütün göstərişlər verilib. Qarabağ bölgəsi yaşıl enerji zonası kimi dünya üçün bir nümunə olacaq.

    Dövlət başçısı ölkənin milli təhlükəsizliyində mühüm amil olan Ermənistanla 100 kilometr və İranla 132 kilometr sərhədlərimizin mühafizəsi üçün bütün vacib işlərin görüldüyü barədə deyib: “Sərhədlərin qurulması istiqamətində təxirəsalınmaz işlər aparılmalıdır. Hər halda sərhədin mühafizəsi xüsusi əhəmiyyət daşıyır. Çünki Ermənistanda revanşist qüvvələr var və biz onların bəyanatlarını diqqətsiz qoya bilmərik. Amma hər kəs bilməlidir ki, əgər bizim sərhədimiz pozularsa, onu pozan cəzalandırılacaq və belə təxribatlar bu qüvvələrə çox baha başa gələcək”.

    Müasir dünyamızda informasiya mübarizəsi az qala bütün sahələrdə ən ön mövqedədir. Ölkə rəhbəri bu istiqamətdə mübarizənin davamının vacibliyi barədə deyib: “Azad edilmiş ərazilərə biz bundan sonra da xarici nümayəndələri, jurnalistləri, diplomatik korpus nümayəndələrini, Azərbaycana səfər edən nümayəndə heyətlərini dəvət etməliyik. Nümayəndə heyətinin bəzi üzvləri azad edilmiş ərazilərə getsinlər, ermənilərin, Ermənistan rəhbərliyinin dağıtdığı məscidlərə də baş çəksinlər, o məscidlərin qalıqlarına da baxsınlar və bütün dünya müsəlmanlarına bu barədə daha dolğun məlumat versinlər. Nəinki dünya müsəlmanlarına, bütün dünyaya ki, bizim tarixi, dini abidələrimiz düşmən tərəfindən necə dağıdılıb”.

    Azad edimiş ərazilərimiz çox zəngin milli mədəni abidələrilə, əsrarəngiz təbiətilə, müalicə mənbələrilə, yaşıllıq zolaqları və s. potensialları ilə turizm sənayesinin inkişafına çox güclü imkan yaradır. Dövlət başçısı bu istiqamətdə təcili tədbirlər görülməsi barədə deyib: “Ona görə indidən turizm marşrutları işlənib hazırlanmalıdır ki, artıq həyat bu bölgəyə qayıdandan sonra vaxt itirmədən turizm sektoru da inkişaf etsin. İndidən beynəlxalq turizm sərgilərində, - pandemiyadan sonra bu sərgilər bərpa ediləcək, - Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstərilməlidir ki, biz bu bölgəni doğrudan da dünya üçün çox cəlbedici bölgə kimi təqdim edək... Bir sözlə, bizim planlarımız böyükdür... Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin. Ona görə 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır. Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir”.

    Hər bir dövlətin sosial-iqtisadi inkişafında beynəlxalq əməkdaşlıq mühüm rola malikdir. Ökəmizin 44 gündə regionda sülhün, əməkdaşlığın, tərəqqinin tərəfdarı və icraçısı olması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 11 yanvar 2021-ci il tarixindəki görüşü nəticəsində edilən Bəyanatda da öz əksini tapıb. Lakin Paşinyan müharibə bitdikdən sonra Ermənistandan gələn və azad olunmuş ərazilərimizdə təxribat və diversiya törədərək əsir düşən hərbçilərinin qaytarılmasını istəyir. Bundan başqa, yenidən Minsk qrupunun dövriyyəyə girməsi, status məsələsinin gündəmə gəlməsi və danışıqlar masasının bərpasına ümid edir. Bu proses isə artıq mümükün deyil. Bəyanatın 1-ci bəndində deyilir: “2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir”. Beləliklə, Naxçıvan dəhlizinin açılması və region dövlətlərinin bu yeni yaranan transmilli dəmir yolu və avtomobil yolu infrastrukturu vasitəsilə geniş beynəlxalq iqtisadi əməkdaşlığın yaranmasına şərait yaranır.

    Ataş CƏBRAYILOV, “Respublika”.
    PAYLAŞ:

    Oxşar xəbərlər