“Birinci dəfə deyil ki, İran dövləti Azərbaycana və azərbaycanlılara qarşı terror aktları həyata keçirir”.
“Leqal” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev keçirdiyi Təhlükəsizlik Şurasının iclasında bildirib.
“Hamımız yaxşı xatırlayırıq ki, bir müddət bundan əvvəl Azərbaycanın Tehrandakı səfirliyi terror aktına məruz qalmışdır. Səfirliyə hücum çəkmiş İran xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmış şəxs Azərbaycan vətəndaşlarına qarşı qanlı terror aktı törədib. Bunun nəticəsində bir vətəndaş həlak olub, bir vətəndaş isə ağır yaralanıb. Onu da bildirməliyəm ki, Azərbaycanın xüsusi xidmət orqanlarının əliyalın nümayəndəsi avtomat “Kalaşnikov”la, “Molotov” kokteyli və balta ilə silahlanmış terrorçunu zərərsizləşdirib. O vaxt da bizdə şübhə yox idi ki, bunu törədən İran dövlətidir. Çünki bu terror aktı həm səfirliyin içində, həm səfirliyin ətrafında, təqribən 40 dəqiqəyə qədər davam edirdi. Bu 40 dəqiqə ərzində bir dənə də olsun nə təhlükəsizlik, nə polis nümayəndəsi səfirliyə yaxınlaşmayıb. Aydın məsələ idi ki, Azərbaycanı qorxutmaq, Azərbaycana qarşı çirkin əməllərini həyata keçirmək üçün bu terror aktı İranın dövlət qurumlarının ən rəhbər mərtəbələrindən sifariş edilmişdir.
Bildiyiniz kimi, o vaxt Azərbaycan bu hadisəyə çox sərt reaksiya vermişdi, Azərbaycan səfirliyi İrandan təxliyə edilmişdi, bütün diplomatik əlaqələr dayandırılmışdı. İran tərəfi bizdən üzr istəməyə, öz günahını etiraf etməyə məcbur olmuşdu. O terror aktını törədənə bizim təkidimizlə ən ağır cəza da verilmişdi. Hətta uzun müddət bu cəzanı həyata keçirməyə maraq göstərməyən, hətta cinayətkarı xilas etməyə çalışan İran dövləti məcbur olub terrorçunu Azərbaycan nümayəndələrinin gözü qarşısında edam etmişdi. Bu dəfə də cavab eyni olacaq. Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq. Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin”, - Prezident vurğulayıb.