Avropa Prokurorlarının Məşvərət Şurasının iclası keçirilib

Avropa Prokurorlarının Məşvərət Şurasının iclası keçirilib
  • Siyasət

  • 18-19 noyabr tarixlərində Avropa Prokurorlarının Məşvərət Şurasının videorejim formatında 15-ci plenar iclası keçirilmişdir.

    LEQAL.AZ xəbər verir ki, İclasda ekspert qrupu tərəfindən “Prokurorların fövqəladə hallarda, xüsusilə pandemiya dövründə rolu” adlı 15 saylı Rəy müzakirə edilərək qəbul edilmişdir.

    Rəydə fövqəladə vəziyyətlərdə insan hüquq və azadlıqlarının qorunması, pandemiya dövründə prokurorluğun normal fəaliyyətinin təşkili və rast gəlinən çətinliklərin aradan qaldırılması, bu sahədə beynəlxalq əməkdaşlıq və sair tövsiyələr nəzərdə tutulmuşdur.

    İclasda ölkəmizi təmsil edən Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanov çıxış edərək Ermənistanın Azərbaycana qarşı təcavüzü, otuz ilə yaxın dövr ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında azad edildiyi, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü bərpa etdiyi barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.

    Tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır ki, ölkə rəhbəri cənab İlham Əliyevin siyasətinə uyğun olaraq Azərbaycan Respublikasının prokurorluq orqanlarında da genişmiqyaslı islahatlar aparılmış, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkarların formalaşdırılması məqsədilə Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən qurulmuş, yeni idarələr yaradılmaqla ümumilikdə idarə və şöbələrin sayı 18-ə çatdırılmışdır.

    Həmçinin, koronavirus pandemiyası dövründə ölkəmizdə görülmüş sosial, hüquqi və preventiv tədbirlər haqqında, bu müddət ərzində prokurorluğun fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verilmişdir.

    Plenar iclasın sonunda İspaniyanın təmsilçisi Antonio Verşer Noquera Şuranın növbəti il üçün prezidenti, Niderlandın nümayəndəsi Han Moraal isə vitse-prezident vəzifəsinə seçilmişlər.

    Məlumat üçün qeyd edilməlidir ki, Avropa Prokurorlarının Məşvərət Şurası (CCPE) dövlətin cinayət ədliyyəsi sistemində və qanunun aliliyinin qorunmasında prokurorların müstəsna rolu və Avropa Şurasına üzv dövlətlərin prokurorları arasında əməkdaşlığın vacibliyi nəzərə alınaraq 2005-ci ilin iyul ayında Avropa Şurası Nazirlər Komitəsinin qərarı ilə təsis edilmişdir.


    PAYLAŞ:

    Oxşar xəbərlər