
Özünü ifadəetmə vasitələrindən biri də incəsənətdir. Əl işlərinin insanların daxili aləminin güzgüsü olduğu rəssamlıq sənəti bir çoxları üçün, sadəcə, pul qazanmaq vasitəsi olsa da, bəziləri üçün sevgi və həvəslə gördüyü bir işdir. Belə insanlardan biri də gənc rəssam, heykəltəraş Akşin Balayevdir.
Akşin Balayev məşhur fransız rəssamı Pyer Ögüst Renuar büstünü hazırlayıb.
Məşhur fransız rəssamı Pyer Ögüst Renuar incəsənət tarixində özünün bənzərsiz əsərləri ilə qalıb. Gələcək rəssamın atası və anası dərzi idilər. Renuar üç yaşında olanda valideynləri doğma Limogesdən Parisə köçürlər.
Yeddi yaşında o, rahiblərin məktəbinə gedir, yazmağı və oxumağı öyrənir. 13 yaşı olanda atası onu bir keramika ustasının yanına şagirdliyə verir. Pyer keramika məhsullarını boyamağı öyrənməklə yanaşı, axşamlar Dekorativ sənətlər və rəsm məktəbinə gedib. Dörd il çalışdığı keramika emalatxanası bağlanıb və Renuar yelpik bəzəyən bir emalatxanada özünə iş tapıb. O, yelpiklər üzərində böyük ustalıqla rəsmlər çəkib. Bu işdən yaxşı pul da qazanıb, ancaq onun başlıca məqsədi rəssamlıqla dərindən məşğul olmaq idi.
Renuar sənətə başladığı ilk illərdə Eduard Monenin üslubunu bəyənib, bunu Qustav Kurbenin plastik ifadə tərzi və Ejen Delakruanın rəng dünyası ilə birləşdirib. 1862-ci ildə İncəsənət Akademiyasına qəbul olunur və isveçrəli rəssam Şarl Qleyrin emalatxanasında çalışmağa başlayıb. Burada o, sənətdə irəliləyişinə təkan verəcək rəssamlar Alfred Sisley ve Klod Mone ilə tanış olub. 1864-cü ildə “Esmeralda avaralar arasında rəqs edir” əsəri sərgiyə qəbul edilir. Bu arada Renuar çalışdığı emalatxanada düşüncələrinin dostlarıyla düz gəlmədiyini anlayır və İncəsənət Akademiyasından ayrılır.
Bundan sonra o, Fontenblo meşəsində açıq havada rəsmlər çəkir və rəssamın yaradıcılığında impressionizm dönəmi başlayır. Bu meşə bir çox rəssamların ilham qaynağı olub. Bu illərdə rəssam ona bir çox əsərində modellik edən Liza Treo ilə tanış olub. Renuar öz modelini böyük ilhamla çəkib, onun gözəl simasını bütün əsərlərində ifadə etməyə çalışıb.
1870-ci ildə Almaniyanın Fransaya qarşı savaşa başlaması Renuarın yaşamında və yaradıcılığında dəyişikliyə səbəb olub. Cəbhəyə gedən rəssam sonradan xəstəliyinə görə ordudan tərxis edilib. Yenidən yaradıcılığa başlayan sənətkar iki məşhur əsərini yaradıb. Onlardan biri dostunun sevgilisinin portreti, o birisi isə “Qadın tutuquşu ilə” əsəri idi. Bu əsərdə yenə də əsas obraz sevimli Liza idi.
Renuar 1872-ci ildə impressionistlərin böyük himayədarı Paul Durandla görüşür. O, rəssamın bir neçə əsərini alır. 1873-cü il aprel-may aylarında Renuar, Mone və başqa rəssamların impressionist əsərlərindən ibarət ilk sərgiləri açılır. Bu, impressionistləri qəbul etməyənlərə qarşı atılmış addım idi. Bir il sonra isə Parisdə fotoqraf Nadarın qalereyasında düzənlənən sərgidə hərrac yoluyla Renuarın üç əsəri satılır.
Bu illərdə Renuar yalnız impressionist əsərlər çəkir və rəğbətlə qarşılanır. 1879-cu ildə o, yavaş-yavaş bu cərəyandan uzaqlaşmağa başlayır. 1881-ci ilin fevralında Əlcəzairə gedir. Bir ay sürən səyahət zamanı rəssam çoxlu portret və mənzərələr çəkir. Həmin ilin oktyabrında İtaliyaya yollanır. Bu səfər də onun yaradıcılığına təsirsiz ötüşmür. Rəssam İtaliyada klassisizmlə daha yaxından tanış olur və onun təsirinə düşür, beləliklə, bu yöndə bir neçə əsərini yaradır.
1881-ci ildə bir varlı adamın Renuarın əsərlərini almasıyla maddi durumu yaxşılaşır. Rəssam uzun sürən maddi qayğı və sıxıntılardan qurtulur. Qeyd etdiyimiz kimi, bu illərdə o artıq impressionizmdən uzaqlaşaraq klassisizmə üz tutmağa başlayıb. Onun yaradıcılığında bunu göstərən ilk əsər “Çətirlər”dir. Rəssam bu əsərlə yeni bir üsluba yön aldığını anlayır. Bu müddətdə Renuarın açıq rənglərdən uzaqlaşdığı aydınca görünür. İmpressionizmdən uzaqlaşaraq bu cür əsərlər yaratması onun daha böyük sərgilərdə görünməsinə gətirib çıxarır.
Renuar yaradıcılığının ən yüksək nöqtəsinə çatdığı zaman amansız xəstəliyə tutulur. 1903-cü ildə ölkənin cənubundakı Kan-sür-Mer şəhərinə köçür. 1915-ci ildə xanımının ölümü sənətkara dərin üzüntü yaşadır. Bundan dörd il sonra,1919-cu ildə rəssam sətəlcəm xəstəliyindən vəfat edir.
Bu əvəzsiz rəssamdan bəşəriyyətə “Mulen de la Qaletdə bal”, “Böyük çimərlik”, “Yaz çiçəkləri”, “Esmeralda avaralar arasında rəqs edir”, “Liza çətirlə”, “Günəş işığında çılpaq”, “Gəzinti” və onlarla bu kimi bənzərsiz sənət əsəri qalıb. Onun gözəl rənglərdən, duyğulardan yaranmış tabloları insanlığın ən dəyərli mənəvi sərvətləri sırasındadır.




