Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, “Florence Nightingale” Xəstəxanalar Qrupunun və Britaniya-Azərbaycan Həkimləri və Stomatoloqları Assosiasiyasının dəstəyi ilə “Ana və uşaq sağlamlığı: Multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda beynəlxalq elmi konfransda Azərbaycan Pediatrlar Assosiasiyasının üzvü, ATU-nun II uşaq xəstəlikləri kafedrasının dosenti, t.ü.f.d. Fəxriyyə Məmmədova “Pediatrik bioetika: klinik praktikada müasir etik problemlər və yanaşmalar” mövzusunda təqdimatla çıxış edib.
Təqdimatda uşaqlara tibbi yardım göstərilərkən meydana çıxan müasir etik məsələlərə, uşağın hüquq və mənafelərinin qorunmasına, valideyn və həkim qərarlarının sərhədlərinə, uşağın tibbi qərarlarda iştirakına, məxfilik məsələlərinə və pediatriyada süni intellektdən istifadənin yaratdığı yeni çağırışlara diqqət çəkilib.
Fəxriyyə Məmmədova çıxışında pediatrik bioetikanın niyə ayrıca sahə kimi formalaşdığını izah edib. Bildirib ki, uşaq sadəcə kiçik yaşlı yetkin deyil və onun orqanizmi, inkişaf mərhələsi, psixoloji xüsusiyyətləri və qərarvermə qabiliyyəti yaşa uyğun olaraq dəyişir. Buna görə də uşağın tibbi qərarvermə prosesində iştirakı, valideynin qərarvermə səlahiyyəti və həkimin uşağın sağlamlığını qorumaq məsuliyyəti böyüklərlə müqayisədə fərqli etik yanaşma tələb edir. Məruzəçi pediatrik qərarvermə ilə bağlı müasir yanaşmalarda valideynlərin geniş, lakin məhdud olmayan qərarvermə səlahiyyətinə malik olduğunu, həkimin isə ilk növbədə uşağın sağlamlıq mənafelərini qorumağa məsul olduğunu vurğulayıb.
Təqdimatda pediatrik bioetikanın mərkəzində uşağın üstün mənafeləri, ləyaqəti, iştirakı və məxfiliyinin dayandığı qeyd edilib. Bu prinsiplərin uşağın rifahını qorumaq, şəxsiyyətinə hörmət etmək, yaşına uyğun qərarverməyə cəlb etmək və etibarlı həkim-pasiyent münasibəti qurmaq məqsədi daşıdığı vurğulanıb.
Məruzəçi süni intellektin pediatriyada tətbiqi məsələsinə də toxunub. Süni intellekt pediatriyada diaqnostika, görüntülərin təhlili, nadir xəstəliklərin müəyyənləşdirilməsi və digər klinik istiqamətlərdə böyük imkanlar yaratdığını qeyd edib. Süni intellektlə bağlı etik risklər sırasında uşaqların tibbi məlumatlarının qorunması, uşaqlar üçün hazırlanmış və ya uşaqlara təsir edən süni intellekt sistemlərinin onların yaş və inkişaf xüsusiyyətlərinə görə nəzərə almasını xüsusi vurğulayıb.
Təqdimatda müasir pediatrik bioetikanın altı əsas prinsipindən bəhs edilib. Bu prinsiplərin uşağın sağlamlıq mənafelərinin qorunması, valideynlərin qərarvermə səlahiyyətinin sərhədləri, uşağın inkişafına uyğun şəkildə məlumatlandırılması və iştirakının təmin edilməsi, uşağın təhlükəsizliyinin qorunması, həkimin peşəkar məsuliyyəti və uşağın hüquq və ləyaqətinə hörmət kimi bir-biri ilə əlaqəli yanaşmaları əhatə etdiyi bildirilib.
Həmçinin pediatrik bioetikanın müasir klinik praktikada gündəlik həkim qərarlarının mühüm tərkib hissəsinə çevrildiyi, eyni zamanda süni intellektin pediatriyaya daxil olması ilə bu prinsiplərin yeni texnoloji mühitdə yenidən nəzərdən keçirilməsinin zəruriliyi bildirilib. Müasir pediatrik bioetikanın əsas məqsədinin xəstəliyin müalicəsi və tibbi yardım prosesində uşağın şəxsiyyətinin, hüquqlarının, ləyaqətinin və gələcək mənafelərinin qorunması olduğu vurğulanıb.
Təqdimatda Azərbaycan Pediatrlar Assosiasiyasının respublikada tibbi bioetika sahəsində görülmüş işlərin qısa tarixinə nəzər salınıb.
Qeyd edilib ki, 1999-cu ildən etibarən Azərbaycan Pediatrlar Assosiasiyasının həmin dövrdə sədri, görkəmli akademik Adilə Namazova tibbi bioetikanın əsaslarının və bu sahənin tibb təhsil proqramına inteqrasiyasının təşəbbüskarı olub.
Bildirilib ki, Azərbaycanda tibbi etikaya həsr edilmi. ilk monoqrafiya olan Akademik Zərifə Əliyevanın “Yüksək əqidə” əasəri 2003-cü ildə rus dilindən dilimizə akademik Adilə Namazova tərəfindən tərcümə edilib.
2000-ci ildən başlayaraq, Assosiasiyasının indiki sədri, tibb üzrə fəlsəfə doktoru Təranə Tağızadənin rəhbərliyi ilə bioetikanın inkişafı istiqamətində geniş həyata keçirilən bu işlər ölkəmizdə tibb elminin və səhiyyə xidmətlərinin beynəlxalq standartlara uyğun təşkili yolunda mühüm fəaliyyət olub və ötən müddət ərzində bu sahəyə müstəsna töhfələr verilib. ATU-nun Uşaq Xəstəlikləri kafedrasında ilk problem mühazirələri təqdim edilib, təlimlər keçirilib, müvafiq tədris materialları hazırlanıb. Həmin il ölkəmizdə əlamətdar bir hadisə olaraq “Tibb kolleclərində və universitetlərdə tibbi bioetikanın tədris metodları” mövzusunda ilk beynəlxalq konfrans keçirilib. 2002-ci ildə bu sahədə böyük nailiyyətlərdən biri kimi, üç dildə ilk tədris vəsaitləri çap olunub. Nəhayət, 2020-ci ildən başlayaraq, tibbi bioetika üzrə mühazirələr və praktiki dərslər keçirilb. Əldə olunan elmi nailiyyətlər təkcə ölkəmizdə deyil, beynəlxalq arenada da tanınıb. Bu işlər UNESCO-nun sessiyalarında, Parlamentlərarası Assambleyada, Bakı Humanitar Forumunda, MDB ölkələrinin forumlarında və digər beynəlxalq tədbirlərdə təqdim edilib.
Bundan əlavə, ABŞ-ın J.Hopkins Universitetinin nəşrlərində “Azərbaycanda tibbi etikanın tarixi və bioetika üzrə tibb sahəsində tədrisi” layihəsi geniş işıqlandırıldığı, UNESCO-nun nəşrlərində yer aldığı, bioetika kursunun bu gün də müvəffəqiyyətlə tədris olunduğu diqqətə çatdırılıb.
