AMEA Rəyasət Heyətinin iclasında Qarabağın Alban abidələrinə dair məruzə dinlənilib

AMEA Rəyasət Heyətinin iclasında Qarabağın Alban abidələrinə dair məruzə dinlənilib
  • Cəmiyyət

  • Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

    Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, eləcə də AMEA-nın Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

    İclasda müzakirəyə çıxarılan ilk məsələ “Qarabağın Alban abidələrinin arxeoloji tədqiqi: yekunlar və vəzifələr” haqqında olub. Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra işğaldan azad edilmiş ərazilərdə elmi araşdırmalar üçün, o cümlədən Qafqaz Albaniyasının abidələrinin tədqiqi üçün yeni imkanlar yaranıb. Akademik İsa Həbibbəyli bildirib ki, son günlər Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağdakı Gəncəsər monastırını ziyarətindən sonra ermənilərin süni şəkildə yaratdıqları məqsədyönlü hay-küyə cavab olaraq AMEA əməkdaşları elmi həqiqətlərə söykənən bəyanat yaydılar. Eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasında “Azərbaycanın Qarabağ ərazisində Alban abidələri: tarixi reallıq və erməni saxtakarlığı” mövzusunda elmi konfransın keçirildiyini, bir sıra vacib məruzələrin dinlənildiyini diqqətə çatdırıb.

    Qafqaz Albaniyasının tarixinin və mədəni irsinin öyrənilməsinin əhəmiyyətinə toxunan akademik İsa Həbibbəyli AMEA-nın müxbir üzvü Fəridə Məmmədovanın bu istiqamətdə uzun illər araşdırmalar apararaq mühüm elmi nəticələr ortaya qoyduğunu, həmin tədqiqatların nəticələrini və faktoloji materialları inkar etməyin mümkün olmadığını söyləyib.

    Akademik İsa Həbibbəyli son illər Azərbaycanda Qafqaz Albaniyası üzrə yeni nəsil tədqiqatçıların yetişdiyini vurğulayıb, AMEA-nın Arxeologiya və Antropologiya, Tarix və Etnologiya institutlarında bu istiqamətdə aparılan araşdırmaları yüksək qiymətləndirib. Qeyd edib ki, hazırda sözügedən institutlarda Qafqaz Albaniyası ilə bağlı şöbələr fəaliyyət göstərir və Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları tərəfindən arxeoloji, Tarix və Etnologiya İnstitutunun mütəxəssisləri tərəfindən isə yazılı mənbələr əsasında Qafqaz Albaniyasının tarixi öyrənilir.

    Akademiyada Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsinin başlandığını diqqətə çatdıran AMEA rəhbəri Qarabağ ərazisində yerləşən alban abidələrinin araşdırılması, onların fotoşəkillərinin çəkilməsi və siyahıya alınması məqsədilə Tarix və Etnologiya İnstitutunun əməkdaşları üçün də elmi ekspedisiyaların təşkil olunacağını söyləyib.

    Akademik İsa Həbibbəyli, həmçinin Fəridə Məmmədovanın və digər alimlərin əsərləri əsasında 2027-ci ildə “Elm” nəşriyyatında “Qafqaz Albaniyası” adlı tanıtma kitabının hazırlanmasının zəruriliyini bildirib. Qeyd edib ki, nəşrdə Qafqaz Albaniyasının tarixi inkişaf mərhələləri, hökmdarları, mədəniyyəti və abidələri haqqında əsas məlumatlar əksini tapmalı, kitab Azərbaycan və ingilis dillərində çap edilərək dünyaya tanıdılmalıdır.

    AMEA rəhbəri çıxışının sonunda Qafqaz Albaniyasının tarixinin öyrənilməsi və təbliği ilə bağlı geniş tədbirlər planının hazırlanmasının vacibliyini bildirib.

    Sonra AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin “Qarabağın Alban abidələrinin arxeoloji tədqiqi: yekunlar və vəzifələr” mövzusunda məruzəsi dinlənilib. Fərhad Quliyev bildirib ki, son dövrlərdə Qafqaz Albaniyası mövzusunun aktuallığı artıb və bu istiqamətdə aparılan tədqiqatların elmi əsaslara söykənməsi olduqca vacibdir. Onun sözlərinə görə, Qafqaz Albaniyası ilə bağlı elmi məsələlərin qeyri-mütəxəssislər tərəfindən sosial şəbəkələrdə müxtəlif və ziddiyyətli şəkildə təqdim edilməsi yolverilməzdir.

    Məruzəçi qeyd edib ki, Tarix və Etnologiya İnstitutu Qafqaz Albaniyasının xəritəsini hazırlayıb və onun tarixini yazılı mənbələr əsasında öyrənir, Arxeologiya və Antropologiya İnstitutu isə maddi-mədəni irsini tədqiq edir. O diqqətə çatdırıb ki, Arxeologiya və Antropologiya İnstitutu tərəfindən Qafqaz Albaniyasına aid kilsə kompleksləri, nekropollar və digər arxeoloji abidələr araşdırılır və radiokarbon analizi vasitəsilə abidələrin tarixini dəqiqləşdirmək mümkündür. Fərhad Quliyev bu istiqamətdə arxeogenetik tədqiqatların da mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

    İnstitut direktoru Qarabağ və Şərqi Zəngəzurda aparılan arxeoloji tədqiqatlardan da danışıb, Ağdam rayonunda yerləşən Şahbulaq kompleksində aparılan qazıntılar barədə məlumat verib.

    Fərhad Quliyev Qəbələdə yerləşən Kilsədağ kilsə kompleksində aparılan tədqiqatlara da toxunub. O qeyd edib ki, 2024-cü ildən burada arxeoloji qazıntılar davam etdirilir. Kilsədağ kompleksinin antik dövrə aid ola biləcəyi ilə bağlı ilkin ehtimalların olduğunu bildirən alim bu fikrin tədqiqatların nəticələri ilə dəqiqləşdirilməsinin vacibliyini vurğulayıb. Məruzəçi bildirib ki, Kilsədağ kompleksində ibadət məkanı ilə yanaşı, insanların yaşaması ilə bağlı izlərin və qəbirlərin də aşkar olunması abidənin daha geniş şəkildə araşdırılmasına imkan verir.

    Diqqətə çatdırıb ki, Mədəniyyət Nazirliyi tərəfindən Qarabağda, Şərqi Zəngəzurda bütün xristian dövrünə aid kilsələr, əsasən də Qafqaz Albaniyasının tarixi ilə bağlı olan məbədlər, kilsələr artıq qeydiyyata alınır.

    İnstitut direktoru Qəbələnin Səlbir ərazisində, Qax rayonundakı Torpaqqala qədim yaşayış yerində, eləcə də Kürmük məbədində aparılan tədqiqatları da diqqətə çatdırıb. O qeyd edib ki, Kürmük məbədinin daha qədim dövrü Qafqaz Albaniyasının maddi mədəniyyəti ilə bağlıdır və burada daha əvvəlki dövrə aid tikili qalıqları bunu göstərir.

    Məruzəçi Kəlbəcərdə Xudavəng komplekslərində aparılan tədqiqatların xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, Xudavəng və Gəncəsər komplekslərində uzunmüddətli və məqsədyönlü arxeoloji tədqiqatların həyata keçirilməsi nəzərdə tutulur.

    Fərhad Quliyev Gədəbəy rayonunda Xarxar nekropolunda “AzerGold”un dəstəyi ilə aparılan tədqiqatların da maraqlı nəticələr verdiyini, arxeoloji qazıntıların nəticələrinin ərazinin qədim əhalisinin öyrənilməsi baxımından əhəmiyyətli olduğunu deyib.

    Alim Qafqaz Albaniyası ilə bağlı tədqiqatların nəticələrinin məqalələr və monoqrafiyalar şəklində işıq üzü gördüyünü söyləyib.

    İnstitut direktoru Qafqaz Albaniyası irsinin öyrənilməsində birgə əməkdaşlığın və gənc kadrların hazırlanmasının vacibliyini vurğulayıb.

    Məruzə ətrafında çıxış edən AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov Qafqaz Albaniyasının tarixi, albanların etnik və dini transformasiyası, dövlətin ərazisi, dili, dini və maddi-mədəni irsi ilə bağlı məsələlərə aydınlıq gətirib.

    Alim 705-ci ildə sonuncu Alban hökmdarının xilafətin mərkəzi Samarraya aparılaraq edam edilməsi ilə Alban dövlətinin mövcudluğuna son qoyulduğunu bildirib. Kərim Şükürov vurğulayıb ki, albanlar müxtəlif tayfa birliklərini özündə birləşdirən konfederasiya olub və dövlətin süqutundan sonra da bu əhali müxtəlif tarixi proseslərin təsiri altında yaşamağa davam edib.

    O qeyd edib ki, IX əsrin ortalarında Ərəb xilafətinin zəifləməsi və parçalanmasından sonra Azərbaycanda ilk müsəlman dövlətləri meydana gəlib. Bu dövrdə Alban çarlığının bərpası uğrunda mübarizə də başlayıb. Kərim Şükürov bildirib ki, bu prosesin ən mühüm mərhələlərindən biri XII əsrin sonu – XIII əsrin əvvəllərində yaranan Alban-Xaçın knyazlığı ilə bağlıdır. Alim Gəncəsər monastırının inşasına XIII əsrdə başlanıldığını və Alban-Xaçın knyazlığının sonrakı dövrdə parçalanaraq beş məlikliyə çevrildiyini deyib. O vurğulayıb ki, Qarabağın dağlıq hissəsində mövcud olmuş bu məlikliklərin yalnız erməni məliklikləri kimi təqdim olunması tarixə birtərəfli yanaşmadır.

    Kərim Şükürov 1828-ci il Türkmənçay müqaviləsindən sonra ermənilərin Cənubi Qafqaza, o cümlədən Qarabağın dağlıq hissəsinə kütləvi köçünün başladığını, sonrakı proseslər nəticəsində həmin ərazilərdə yaşayan alban əhalisinin de-etnikasiya prosesinin baş verdiyini bildirib.

    Ərazi məsələsinə toxunan natiq qeyd edib ki, Azərbaycan tarixşünaslığında Albaniyanın sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm tədqiqatlar aparılıb. Professor Kərim Şükürov Albaniyada xristianlığın yayılmasının tarixinin xüsusi araşdırılmasının vacibliyini qeyd edib. Kərim Şükürov bu məsələlərin araşdırılmasında akademik Ziya Bünyadovun xidmətlərini xüsusi vurğulayıb. O, Ziya Bünyadovun VII–IX əsrlərdə albanların qriqoryanlaşması və sonrakı etnik proseslərlə bağlı konsepsiyasının Azərbaycan tarixşünaslığında mühüm yer tutduğunu deyib.

    Alim albanların özlərini alban kimi identifikasiya etməsinə dair tarixi sənədlərin də mövcud olduğunu bildirib. O, 1701-ci ildə albanların I Pyotra müraciət edərək özlərini alban kimi təqdim etdiklərini qeyd edib.

    Abidələr məsələsinə toxunan alim bildirib ki, Alban irsi yalnız eramızdan əvvəl IV əsrdən eramızın 705-ci ilinə qədər mövcud olmuş dövlətin abidələri ilə məhdudlaşmır. Onun sözlərinə görə, sonrakı dövrlərə aid alban xristian abidələri də XIX əsrə qədər gəlib çatıb və bu irsin sistemli şəkildə öyrənilməsi zəruridir.

    Məruzə ətrafında akademik Rasim Əliquliyev, akademik İradə Hüseynova, akademik Dilqəm Tağıyev, akademik Gövhər Baxşəliyeva, akademik Arif Həşimov, tarix elmləri doktoru Zemfira Hacıyeva, professor Nadir Məmmədli, tarixçi alim Ramin Əlizadə və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

    AMEA-nın Rəyasət Heyəti tərəfindən bu istiqamətdə müvafiq tapşırıqlar verilib.

    Daha sonra iclasda bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub.

    AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri 2026-cı il üçün AMEA-da fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri haqqında məlumat verib.

    Onun sözlərinə görə, təsdiq edilmiş qərarın icrası çərçivəsində doktoranturada tədqiqat aparacaq iddiaçılar üçün dissertasiya mövzuları və elmi rəhbərlərin müəyyənləşdirilməsi mərhələli şəkildə həyata keçiriləcək. Prosesin I mərhələsində elmi müəssisələr tərəfindən mövzu və elmi rəhbərlər müəyyən olunaraq Elmi şuralarda müzakirə edildikdən sonra AMEA-nın müvafiq elmi bölmələrinə və yekunda Rəyasət Heyətinə təqdim olunacaq.

    S.         Xavəri doktorantlar üçün dissertasiya mövzularının müəyyənləşdirilməsində əsas meyarlar kimi mövzuların müvafiq elm sahəsinə və ixtisasa uyğunluğu, elmi problemlərin aktuallığının ölkənin sosial-iqtisadi, mədəni-mənəvi və ideoloji tələbatları ilə şərtlənməsi, elmi problemlərin aktuallığının müvafiq elm sahələrinin ciddi nəzəri-metodoloji axtarışları və dünyanın müasir çağırışları ilə şərtlənməsi, fənlərarası, multidisiplinar və transdisiplinar tədqiqatlara üstünlük verilməsi, eləcə də humanitar və ictimai elmlərdə aparılan araşdırmalarda süni intellekt, rəqəmsallaşdırma və informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin tövsiyə olunduğunu söyləyib.

    AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bu istiqamətdə müvafiq tapşırıqlarını verib və Rəyasət Heyəti tərəfindən qərar qəbul olunub.

    Rəyasət Heyətinin iclasında müzakirəyə çıxarılan növbəti məsələ AMEA-nın “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” mövzusuna həsr olunmuş  XII  Bakı Beynəlxalq Kitab Sərgisində iştirakı haqqında olub. Məsələ ilə bağlı məlumat verən AMEA-nın “Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov bildirib ki, AMEA-da kitab festivalında öz pavilyonu ilə təmsil olunacaq və Akademiya əməkdaşlarının əsərləri beynəlxalq ictimaiyyətə təqdim ediləcək. O, kitab festivalı çərçivəsində AMEA-nın təşkilatçılığı ilə 21 oktyabr tarixində “Birinci Türkoloji Qurultay – 100” nəşrlərinin, 23 oktyabr tarixində isə “Azərbaycan Milli Elmlər Akademiyasının Pakistan və Pakistanın Azərbaycan nəşrləri”nin təqdimatlarının keçiriləcəyini söyləyib.

    Akademik İsa Həbibbəyli AMEA-nın XII  Bakı Beynəlxalq Kitab Sərgisində yüksək səviyyədə iştirakı ilə bağlı müvafiq tapşırıqlarını verib. Həmçinin festival çərçivəsində UNESCO və AMEA-nın birgə təşkilatçılığı ilə “Xəttatlıq və əlyazmalar” mövzusunda tədbirin də keçiriləcəyini bildirib.

    Daha sonra iclasda “AMEA-nın beynəlxalq əlaqələrinin təşkili və vəzifələrimiz” mövzusunda AMEA-nın Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri dosent Esmira Əlirzayeva çıxış edib.

    İclasda həmçinin AMEA-nın müxbir üzvləri İsmayıl İsmayılovun və Sevda Məmmədəliyevanın 80, AMEA-nın həqiqi üzvü Aslan Aslanovun və AMEA-nın müxbir üzvü Aqil Əliyevin 100 illik yubileyləri haqqında qərarlar qəbul olunub. 

    Rəyasət Heyətinin iclasında bir sıra digər məsələlərə də baxılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər