Gənc rəssam və heykəltəraş Müstəqil Balayev Sakit Məmmədovun qorelyefini hazırlayıb.
Müstəqil deyir ki, Sakit Məmmədov təsviri sənət tariximizdə bir çox uğurlara imza atıb. Onun xarici ölkələrdə təşkil olunan fərdi yaradıcılıq sərgiləri, təltif olunduğu yüksək orden və medallar, mükafatlar rəssamın özünün şəxsi uğurları olmaqla yanaşı, həmçinin bütövlükdə ölkəmizin mədəniyyətinin dünyada layiqli təbliği istiqamətində qazanılmış uğurlardır.
Sakit Qulam oğlu Məmmədov 5 avqust 1958-ci ildə Neftçala rayonunda dünyaya göz açıb. O,uşaqlıqdan rəssam olmaq istəyib. Bu arzu onu 1978-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə, 1981-ci ildə isə İ.E.Repin adına Leninqrad (Sankt-Peterburq) Rəssamlıq Akademiyasına gətirib.
Sakit Məmmədov da seçdiyi sənətində uğurlar qazanacağına əmin idi. Yaradıcılığının ilk dövründə müxtəlif mövzular üzərində işləyib. Müxtəlif illərdə yaratdığı “Xatirə şəkli”, “Məşq”, “Falabaxanlar”, “Toy”, “Metro”, “13 nömrəli avtobus”, “Həvəskar”, “Emalatxana”, “Xatirə şəkil”, “Leninqrad xatirələri”, “Yaşasın İstanbul”, “Adəm və Həvva” kimi əsərləri onun sənətə böyük yaradıcı potensialla gəldiyini subut edib. Bu əsərlərdə işıq görünürdü. Bu işıq onun sonrakı yaradıcılığında, düyaya açılan yolunda daha da parlayıb. “Oyun”, “Səhnəyə hazırlıq”, “Əbədiyyə doğru”, “Bayram”, “Ad günü”, “Günaydın”, “Mən indi gəlirəm”, “Mən yorulmuşam”, “Yatmış mələk”, “Xatirələr” və s. kimi əsərləri onun yaradıcı dünyasının işığında həyat tapıb.
Xatırladaq ki, Sakit müəllim, YUNESKO Rəssamlar İttifaqının üzvü, Avropa Təbiət Elmləri Akademiyasının fəxri professoru, Vatikan Heraldika Akademiyasının qrafı, Ümumdünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Rusiya İmperial Rəssamlıq Akademiyasının fəxri üzvü, Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü, Dünya İncəsənət Akademiyasının həqiqi üzvü, "Türk Dünyası" Akademiyasının həqiqi üzvüdür o. Dünyanın müxtəlif ölkələrindən onlarca orden, medal, mükafat qazanıb.
Onun rəsmlərində o qədər rəng var ki, bu rənglər göz oxşayaraq həm də insanı sabahkı xoş günlərə ümidləndirir.
Müəllif: Leqal.az