Səfəvi dövrü haqqında ən etibarlı mənbələrdən biri hesab olunan “Tarixi Aləmarayi Abbasi” (Müəllifi İsgəndər bəy Münşi – K.R) əsərində Səfəvi dövlətinin 17 qurucu tayfası haqqında məlumat verilib.
Ancaq müasir tədqiqatçılar Səfəvi dövlətinin quruluşunda daha çox tayfanın iştirak etdiyini qeyd edir. Ancaq bütün mənbələr əsas etibarı ilə 17 tayfanın ən böyük və əsas rol oynadığında ittifaq edir.
Oxşar say digər bir əhəmiyyətli Səfəvi dövrü əsəri hesab olunan Oruc bəy Bayatın xatirələrində Səfəvi dövlətinin qurucu tayfaları olaraq Şamlı (Şamlı), Ustaclı, Rumlu, Zülqədər, Əfşar, Qacar, Təkəli boyları sadalanır. Başqa sözlə, bu tayalar dövlətin əsas özəyini təşkil edib. Bu boyların əmirləri dövlətin ən yüksək postlarında təmsil olunub.
Səfəvi İmperiyasının qurucu tayfalarından biri də Talış tayfası olub. Görkəmli tədqiqatçı Petruşevskiyə görə, talışlar, Səfəvi təriqəti üçün istifadə edilən “qızılbaş” etnoniminə daxil olan yeganə irandilli xalq olmuşdu. (Petruşevski, 1949:69)
Talışlar türk əsilli olmasalar da Səfəvi dövlətinin quruluşu və sonrakı dövrlərində yaxından iştirak edib. Bu da bir neçə amillə izah olunur.
Birincisi, yerli amil. Talış tayfaları Azərbaycanın köklü etnik qrupu olaraq tarix boyu taleyüklü hadisələrdə iştirak edib. Babəkin Xürrəmi hərəkatından başlayaraq bütün tarixi proseslərdə Talış xalqı iştirak edib.
İkinci amil qohumluq telləri idi.
Şah İsmayıl Səfəvinin Ulu babası Şeyx Səfiəddinin ustadı böyük alim və zahid Şeyx Zahid Gilaninin tələbəsi olub və daha sonra Şeyxin qızı ilə evlənib. Bibifatimə və Şeyx Səfiəddinin 3 övladı — Məhiyəddin, Sədrəddin və Əbu Səid dünyaya gəlib.
Şeyx Zahid ana tərəfdən Şah İsmayıl Xətainin babası sayılır. Rəvayətə görə, Şeyx Səfiəddinə övladlarının tac sahibi olacağını ilk dəfə Zahid Gilani müjdə verir.
Təsadüfi deyil ki, Ağqoyunlu ordusu tərəfindən təqib olunan İsmayılı 6 yaşından etibarən qoruyub yetişdirən və daha sonra birlikdə yola çıxdığı 7 Qızılbaş fədaidən ikisi talış olub. 7 sadiq Qızılbaş fədai:
Hüseyn bəy Lələ Şamlı, Əbdüləli bəy Talış (Dədə bəy), Xadim bəy Xüləfa Talış, Rüstəm bəy Qaramanlı, Bayram bəy Qaramanlı, İlyas bəy Ayğut oğlu Xunuslu və Qarapiri bəy Qacar.
Talış əmirlər sonrakı dövrdə də Səfəvi dövlətində yüksək postlar tutub. Şah Təhmasibin dövründə talışlar orduda əsas mövqeləri tuturlar və dövlət ərazisində baş verən üsyanların yatırılması qarşı dəfələrlə istifadə edilir. Səfəvi talış sərkərdələri arasında Məhəmməd bəy Talış, Həmzə bəy və Qasım bəy Talış məşhur olub.
Ancaq Şah Təhmasibin ölümündən sonra talışların dövlətdə mövqeyi zəifləyir. Belə ki, talış əmirləri Təhmasibdən sonra taxt uğurunda mübarizədə onun oğlu Heydər Mirzənin tərəfində dayanır. Ancaq taxt mübarizəsində II Şah İsmayıl qalib gələrək hökmdar olur və talış əmirlərini cəzalandırır.
Lakin buna baxmayaraq sonrakı dövrlərdə Talış əmirləri Səfəvi dövlətində xüsusi yerə malik olur. Hətta Nadir Şahın Hindistan yürüşündə belə talış birlikləri ayrıca qüvvə kimi iştirak edir.
Müəllif: Kənan Rövşənoğlu,
Milli Kimlik Araşdırmaları Qrupunun üzvü