Azərbaycan silahlı qüvvələri yaranmasının 104-cü ildönümünü qeyd edir.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk Müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi.
Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli Ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad edə bilmişdi. 1920-ci ildə Azərbaycan sovet işğalına məruz qaldıqdan sonra hərbi nazirlik ləğv olundu, ordumuzun 15 generalı bolşeviklər tərəfindən güllələndi.
26 iyun silahlı qüvvələr günü tarixə qızıl hərflərlə yazılan 44 günlük vətən müharibəsindən sonra xüsusi qeyd olunur. Hərbçlərimiz deyirlər ki, xalqın sağlam inamı, sevgisi və dəstəyi onlara güc verir. Müharibədən qələbə ilə çıxan ordumuz inkişaf etməyə davam edir, müasir texnikalarla təmin olunur.
Azərbaycan ordusu yaranmasının 104-cü ildönümünü böyük ruh yüksəkliyi ilə qarşılayır.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin digər sahələrlə yanaşı, ordu quruculuğu sahəsində də apardığı siyasət Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ordumuz bu gün dayanmadan güclənir, möhkəmlənir və ən müasir silah-sursatla təmin olunur.
Qeyd edək ki, Azərbaycan Ordusu qələbədən sonra da gücünə güc qatmağa davam edir. Günün müxtəlif vaxtlarında, istənilən iqlim şəraitində irimiqyaslı taktiki təlimlərdə şəxsi heyət öz peşəkarlğını, yüksək döyüş qabiliyyətini durmadan təkmilləşdirir. Azərbaycan əsgəri quruda, havada və dənizdə Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirir, Ulu Öndərimizin ideyalarına sadiqdir, Vətənin hər bir çağırışına hər an hazırdır. Bu gün xalq ilə ordunun sağlam və monolit birliyi yaranıb. Xalq öz ordusuna inanır və onun gücünə güvənir.
www.Leqal.Az