Ukraynanın paytaxtı Kiyev şəhərində koronovirusun yayılmasının qarşısını almaq məqsədilə karantin rejimi yenidən sərtləşdirilib.
LEQAL.AZ Kiyev vilayət Dövlət Administrasiyasının saytına istinadla xəbər verir ki, martın 20-dən aprelin 9-dək Kiyev “qırmızı zona” elan edilib. Bu müddətdə qapalı məkanlarda kütləvi tədbirlərin keçirilməsi qadağan edilib və nəzarət tədbirləri gücləndirilib, ticarət mərkəzləri, kafe və restoranların, idman zallarının fəaliyyəti dayandırılıb. Orta məktəblərdə 5-11-ci siniflər məsafəli tədris həyata keçiriləcək.
Qərara əsasən 10 nəfərə qədər insan sanitar qaydalara əməl edərək dini tədbirlər keçirə bilər. İctimai nəqliyyatlara, bazar və ticarət mərkəzlərinə, uşaq bağçalarına nəzarət gücləndirilir.
Qeyd edək ki, son günlər Ukraynada koronavirusa yoluxma və bu virusdan ölənlərin sayı kəskin artıb.
Epidemioloji vəziyyət pisləşdiyindən artıq Ukraynanın bəzi vilayətlərində yenidən sərt karantin rejimi tətbiq edilir.(azərtac)