Yəmənin Hutsi qiyamçılarının nəzarətində olan paytaxtı Sənada miqrantların toplaşma mərkəzində baş verən güclü yanğın nəticəsində 44 nəfərin öldüyü bildirilir.
LEQAL.AZ xəbər verir ki, bu barədə Əl Məsirah telekanalı məlumat yayıb.
Telekanalın xəbərində qeyd olunur ki, hadisə nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan 193 miqrant xəstəxanaya çatdırılıb. Onlardan 37-sinin vəziyyətinin ağır olduğu bildirilir. Sağ qalanlar yanğının yerli mühafizəçilərin etiraz edən miqrantlara qarşı gözyaşardıcı qazdan istifadəsi nəticəsində başladığını deyiblər.
BMT Sənada yerləşən hökuməti insidentin səbəblərini obyektiv şəkildə araşdırmağa çağırıb. Təşkilatın Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qrifits qeyd edib ki, təhqiqat müstəqil müstəntiqlər tərəfindən aparılmalıdır.
Sənada miqrantların toplaşma mərkəzində Avropa ölkələrinə getmək istəyən afrikalı miqrantlar sığınacaq tapıblar.(azərtac)