LEQAL.AZ 1905.az-a istinadən müsahibəni təqdim edir:
Anar müəllim, məlumdur ki, Azərbaycan Demokratik Respublikası hələ Gəncədə olarkən, 1918-ci ilin mart-aprel hadisələrini araşdırmaq üçün Fövqəladə Təhqiqat Komissiyası yaratmışdı. Bu komissiyanın fəaliyyətini necə dəyərləndirirsiniz?
– Milli hökumət Azərbaycan xalqının tarixi üçün çox əhəmiyyətli qərarlar qəbul edib. Bu qərarlardan biri də 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması ilə bağlıdır. Məlumdur ki, 1918-ci ilin mart ayında Bakıda, Şamaxıda, Qubada, Qərbi Azərbaycanda, ümumilikdə Azərbaycanın bütün bölgələrində azərbaycanlı əhaliyə qarşı erməni-daşnak qüvvələri tərəfindən soyqırım həyata keçirilib. Halbuki baş verənlərin dünyada təbliğatı tamamilə başqa formada gedirdi. Guya öldürülən ermənilər, öldürənlər isə azərbaycanlılardır. İyulun 15-də yaradılan komissiyanın əsas məqsədi də hadisələrin əsil mahiyyətini dünyaya çatdırmaqdan ibarət idi. Fətəli xan Xoyskinin başçılığı ilə keçirilən iclasda Ələkbər bəy Xasməmmədov Fövqəladə Təhqiqat Komissiyasının sədri seçildi. Sonralar o, Məhkəmə Palatasının sədri oldu. Qeyd edim ki, komissiyanın üzvlərinin sayı və tərkibi çox maraqlı idi. Çünki komissiya üzvlərinin əksəriyyəti qeyri-azərbaycanlılar idi. Bu nə ilə bağlı idi? Təssüf ki, dünən də, elə bu gün də bizim söylədiklərimizə deyil, bizimlə yanaşı qeyri millətin nümayəndələrinin söylədiklərinə həqiqət kimi yanaşır, onlara inanır, dediklərini qəbul edirlər. Gəncədə yaradılan Komissiyaya kifayət qədər qeyri-azərbaycanlı hüquqşünaslar dəvət olunmuşdu. Xüsusi olaraq qeyd edim ki, onlar da öz növbələrində çox vicdanla çalışırdılar. Azərbaycanın tanımadıqları bölgələrinə, kəndlərinə səfərlər etdilər. Ümumilikdə 36 cild sənəd hazırlandı. Bu sənədlərin hər bir hissəsi ayrı-ayrılıqda Bakıda, Şamaxıda və Qubada törədilən soyqırıma həsr olunmuşdu. Ədalət naminə qeyd etmək lazımdır ki, bu gün dünyada ermənilərin bizə etdiklərini sübut etmək üçün bu sənədlər qədər dəqiq, etibarlı ikinci bir mənbə yoxdur. Ermənilər məsələni siyasiləşdirir, dünya da onlara hörmətlə yanaşır və kömək etmək üçün onların yalanlarını əsas tutur. Həmin yalanları dünyada ifşa etmək üçün Fövqəladə Təhqiqat Komissiyasının sənədləri əvəzsiz mənbədir. Doğrudur, hələ də dünya bu sənədləri görmək istəmir, amma nəticə etibarilə görəcək. Çünki haqqı heç cür inkar etmək olmaz. Bu baxımdan 1918-ci ildə yaradılan Fövqəladə Təhqiqat Komissiyasının türk-müsəlman əhalisinə qarşı, ermənilər tərəfindən həyata keçirilən soyqırımı öyrənmək üçün hazırladığı sənədləri çox yüksək qiymətləndirirəm. Və nə yaxşı ki, bu sənədlər sovet dövründə, bəzi arxiv idarələrinə ermənilərin rəhbərlik etmələrinə rəğmən, qorunub saxlanılıb, bu günə kimi gəlib çatıblar.
– Həmin dövrdə, azərbaycanlılara qarşı soyqırım törədən bəzi şəxslər, məsələn Andronik, Dro, Njde Ermənistanda müəyyən postlar tuturdu. Dro hətta Sovet Ermənistanında da vəzifə sahibi idi. Fövqəladə Təhqiqat Komissiyası bu adamların məsuliyyətə cəlb olunması məsələsini qaldırmışdımı?
– Fövqəladə Təhqiqat Komissiyası əsasən Azərbaycan Xalq Cümhuriyyəti ərazisində həyata keçirilən soyqırımla bağlı tədqiqat işləri aparırdı. Qərbi Azərbaycan adlandırdığımız, lakin o zaman Ararat Respublikası deyilən ərazidə təhqiqat aparmaq mümkün deyildi. 1920-ci ilin əvvəllərinə qədər Fövqəladə Təhqiqat Komissiyası hadisələrdə ittiham edilən 300 nəfər erməniyə qarşı cinayət işi qaldırılmasına müvəffəq oldu. Əlbəttə, Fövqəladə Təhqiqat Komissiyasının özü cinayət işi qaldıra bilməzdi. Komissiya araşdırıb, cinayətləri müəyyənləşdirdikdən sonra, həmin sənədləri hüquq- mühafizə orqanlarına təqdim edirdi. Azərbaycanlılara qarşı cinayət törətmiş 300 nəfər erməni haqqında iş qaldırıldı və onlar həbs olundu. Həmin şəxslərdən biri də Stepan Lalayev idi. 11 yanvar 1920-ci ildə Paris Sülh Konfransı Azərbaycanı de-fakto müstəqil dövlət kimi tanıdı. Azərbaycan həm Qərb cəmiyyətinə öz demokratik imicini, həm də xoş niyyətini nümayiş etdirmək üçün amnistiya elan etdi və həmin 300 erməni azad edildi. Amma Stepan Lalayev amnistiyaya qədər həbsdə öldüyündən, 299 erməni azad olundu. Fövqəladə Təhqiqat Komissiyası Andronik, Dro, Njde və başqaları haqqında cinayət işi qaldıra bilməzdi. Çünki Fövqəladə Təhqiqat Komissiyası təhqiqat apardığı ərazilərdəki hadisələrlə bağlı cinayət işləri qaldırırdı. Amma bununla belə, Andronikin, Njdenin, Dronun Azərbaycan xalqına qarşı törətdikləri cinayətlər məlumdur. Ən ağır cinayətləri Dro və Andronik törədib. Dro və Njde isə həm də ermənilərin ideoloqları idi. Qeyd edim ki, Qaregin Njdenin sonralar xatirələri çıxıb. Njde 1884-cü ildə Naxçıvanda anadan olub və 1955-ci ildə ABŞ-da dünyasını dəyişib. Xatirələrində yazır: “1919-cu ildə italyanlar faşizmi yaratdılar. Amma istəklərinə nail ola bilmədilər. 1923-cü ildə nasizm yarandı və 1933-cü ildə isə hakimiyyətə gəldi. Faşizm istəyinə çata bilmədi. Ermənilərin də bir siyasi kursu var. Bu siyasi kursun uğur qazanması üçün, dünyadakı bütün türklər məhv edilməlidir. Hər bir erməni ömrünün sonuna qədər türklərə nifrət ruhunda tərbiyə olunmalıdır. Və bu nifrət bütün türklərin məhv edilməsinə yönəlməlidir”. Njde kimi ideoloqlar dünyada türk qövmünü, türk xalqını görmək istəmirlər. Buna görə də qadına, qocaya, uşağa rəhm etmədən, bütün türkləri məhv etməyə və bu ərazidə “Böyük Ermənistan” qurmağa çağırırlar. Erməni ideoloqlarının bütün həyatları boyu bizə münasibətləri bax, belə olub. Üstəlik kilsə də bu missiyanı “uğurla” yerinə yetirib. Dünyada heç bir din, heç bir din xadimi bu cür missiyanı öz üzərinə götürmür. Bütün dinlərin və din xadimlərinin ən böyük vəzifəsi xalqlar və insanlar arasında barışıq yaratmaqdır. Erməni kilsəsi isə əksinə, həmişə dövlətin missiyasını öz üzərinə götürür, insanlar arasına nifaq salır. Azərbaycan torpaqlarının 20% -nin işğal olunmasının və 1 milyondan artıq azərbaycanlının didərgin düşməsində də əsas rol erməni kilsəsinə aiddir. 1905-1907-ci illərdə, 1918-ci ildə də, 1980-ci illərin sonlarında da ermənilərlə azərbaycanlılar arasında nifaqın yaranmasına erməni kilsəsi xeyir-dua verib.
– 1918-ci il soyqırımından danışanda, biz daha çox Qubada, Şamaxıda və Bakıda baş verən hadisələri qabardırıq. Bununla biz Zəngəzurda, İrəvanda, Naxçıvanda, Qarabağdakı faciəli hadisələri arxa plana keçirmirik ki?
– Mən belə deməzdim. Fövqəladə Təhqiqat Komissiyasının sənədləri əsasən Bakı, Şamaxı və Qubanı əhatə edir. Buna görə də 1918-ci il soyqırımından danışanda biz daha çox bu sənədlərə və həmin ərazilərə istinad edirik. Hərçənd Qərbi Azərbaycanda öldürülən insanların sayı, Şimali Azərbaycanda öldürülənlərdən qat-qat çoxdur. Əsas fərq isə o idi ki, Qərbi Azərbaycanda bu hadisələrdən əziyyət çəkən insanlara kömək edəcək kimsə olmayıb. Şimali Azərbaycanda heç olmasa, azərbaycanlılar bir-birilərinə dayaq dururdular. Qərbi Azərbaycandakı vəziyyətin ağırlığı isə Osmanlı ərazisində əllərində silah erməni dövləti yarada bilməyənlərin, silahsız azərbaycanlı əhaliyə divan tutması ilə şərtlənirdi. Bu baxımdan Qərbi Azərbaycanda törədilmiş qırğın daha dəhşətli idi. Qeyd edim ki, Qubada, Şamaxıda, Bakıda baş vermiş soyqırımla bağlı yazılar, əsərlər kifayət qədər çoxdur. Amma təəssüf ki, hələlik Qərbi Azərbaycanda baş vermiş soyqırımla bağlı yazılar azlıq təşkil edir. Düzdür, akademik nəşrlərdə Qərbi Azərbaycanda baş vermiş soyqırım məsələsi araşdırırlır.
– 1915-ci il hadisələri ilə bağlı hələ Kənan Evrenin dövründən Türkiyə hökuməti arxivlərini açmağa hazır olduğunu bildirir. Sizcə, ermənilər niyə bu fakta etinasız yanaşırlar?
– Qondarma erməni soyqırımı məsələsi tarixi məsələ deyil, siyasi məsələdir. Hansı tarixçinin fikri bu günə qədər dinlənilib? Bu siyasi məsələ olduğuna görə, onlar arxivlərdə araşdırma aparmaq fikrindən çox uzaqdırlar. Çünki arxivdə onların iddia etdiklərinin tam əksi var. Ona görə də onlar bütün bu məsələləri siyasi cəhətdən, dövlət başçıları ilə, parlamentlərdə həll etməyə üstünlük verirlər. Onlar heç vaxt arxiv sənədlərinin çözülməsinin tərəfdarı olmayıblar. Bu tarixi məsələ olsaydı, təbii ki, həmin işlərlə tarixçilər məşğul olardı. Ermənilərin ən böyük uğuru o oldu ki, onlar uydurduqları yalanı siyasi institutlara, siyasi idarələrə ötürə bildilər. Təbii ki, bu yalan ayrı-ayrı dövlətlərə də sərf edir. Bu məsələni tarixçilər müzakirə etsəydilər, burada birmənalı olaraq məğlub tərəf ermənilər olacaqdı.
– Anar müəllim, ermənilər daim xristian kartından məharətlə istifadə edirlər. Sizcə, Qarabağ probleminin həllinin yubanmasında da bu amil rol oynayırmı?
– Əlbəttə. Ermənilərin ən böyük arzusu “dənizdən-dənizə” “Böyük Ermənistan” dövlətini yaratmaqdır. Bu ərazinin isə bir hisssəsi Azərbaycan torpaqlarıdır. Ermənilər Azərbaycan torpaqlarının 20 %-ni işğal ediblər. Amma dünyaya bəyan ediblər ki, guya tarix boyu soyqırıma məruz qalan və torpaqları əlindən alınan xalq ermənilərdir. Ermənilər zavallı bir obraz yaradıblar və dünya onları müdafiə edir. Ermənilər özlərinə arxa, kömək tapmaqla, Qarabağ probleminin həllini ildən-ilə gecikdirirlər. Bu mənada məsələyə hansı müstəvidə yanaşsaq, dünyada ermənilərin müdafiə olunması, Qarabağ probleminin həll olunmasına, çözülməsinə problem yaradır.