İran Prezidenti Məsud Pezeşkian ölkədə 10 gündən artıqdır davam edən etirazlar fonunda təhlükəsizlik qüvvələrini maksimum təmkinli davranmağa çağırıb.
"Leqal"ın xəbərinə görə, Pezeşkian “Al Arabi” televiziyasına açıqlamasında bildirib ki, zorakılıq və məcburetmə qəbuledilməzdir.
Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri dialoq və dinc ünsiyyəti təmin etməli, İran xalqının tələblərinə qulaq asmalıdır:
“Hər cür zorakı hərəkətlərdən və məcburiyyətdən çəkinmək lazımdır. Maksimum təmkin, dialoq və dinc yanaşma əsas prinsip olmalıdır”.
Qeyd edək ki, dünən Tehran, Təbriz və Məşhəd şəhərlərində genişmiqyaslı etiraz aksiyaları keçirilib. Paytaxtda nümayişçilər Ayətullah Kaşani bulvarında, Yusifabad və Azadi rayonlarında toplaşaraq hökumət əleyhinə şüarlar səsləndirib, yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb ediblər.
Hazırkı aksiyalar İranda 2022-2023-cü illərdə baş verən iğtişaşlardan sonra ən genişmiqyaslı etirazlar hesab olunur. Həmin iğtişaşlar əxlaq polisi tərəfindən hicab qaydalarını pozduğu iddiası ilə saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlamışdı.
Əlavə edək ki, hazırkı etirazlar 29 dekabr 2025-ci ildə İran rialının məzənnəsinin kəskin ucuzlaşması və dərinləşən iqtisadi problemlər fonunda başlayıb.