ABŞ-ın Portlend, Falmut, Cənubi Portlend, Qorhem və Uestbruk şəhərlərində Xocalı faciəsinə dair faktların əks olunduğu elektron lövhəli xüsusi avtomobillər küçələrdə hərəkət edib.
Bu barədə "Report"un yerli bürosuna Meyn ştatındakı Azərbaycan icmasının rəhbəri Tərlan Əhmədov məlumat verib.
Onun sözlərinə görə, məqsəd "Xocalıya ədalət!” (“Justice for Khojaly!”) beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində soyqırım haqqında həqiqətlərin dünyaya çatdırılmasıdır: "Kampaniya Meyn ştatındakı Azərbaycan icmasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub. "Xocalıya ədalət!" mesajlarının yazıldığı xüsusi avtomobillər yerli sakinlərin diqqətini çəkib".
T.Əhmədov yerli sakinləri ermənilərin xüsusi amansızlıqla törətdiyi soyqırımı haqqında məlumatlandırıb.
Qeyd edək ki, ABŞ-da yaşayan həmvətənlərimiz bir neçə gündür Xocalıya ədalət kampaniyası həyata keçirirlər.