Azərbaycan tarixinin qanlı səhifələrindən biri olan Xocalı soyqırımının 29-cu ildönümü Bolqarıstanın informasiya məkanında da geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, bu ölkənin “Cross” xəbər portalında Xocalı soyqırımının canlı şahidi Dürdanə Ağayevanın “Xocalıda sağ qalmaq: Yada salmaq ağrılı, yaddan çıxarmaq mümkünsüzdür”, “Fokus” xəbər portalında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsinin müdiri Natiq Məmmədzadənin “Xocalı soyqırımı: tarixi ədalət faciənin ədalətli qiymətləndirilməsini tələb edir”, “Bgnesagency” xəbər portalında isə Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılovanın “Davamlı sülhün ilkin şərti ədalətdir!” sərlövhəli məqalələri dərc olunub.
Məqalələrdə Xocalı soyqırımı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dövründə günahsız insanların bir gündə baş vermiş ən böyük qətliamı adlandırılaraq, 29 il bundan əvvəl - 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin SSRİ ordusunun əsasən ermənilərdən ibarət 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinə xaincəsinə hücum etdiyi və dinc sakinlərin qəddarcasına qətlə yetirildiyi barədə məlumat verilib. Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində soyuq fevral gecəsində yerlə-yeksan edilmiş Xocalı şəhərindən xilas olmağa çalışan günahsız insanlar Ağdam şəhərinə üz tutmuş, lakin onların çox az hissəsi həyatlarını qurtara bilmişdir. Bir çox qadın və uşaq yolda donaraq həlak olub.
Xocalı soyqırımı nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan daxil olmaqla, 613 günahsız və silahsız azərbaycanlının oldürüldüyü, 487 nəfərin yaralandığı, 1275 nəfərin girov götürüldüyü, 150 nəfərin taleyinin naməlum qaldığı, 8 ailənin tamamilə məhv edildiyi, 130 uşağın 1 valideyni, 25 uşağın isə hər iki valideynini itirdiyi oxucuların diqqətinə çatdırılıb. Bildirilib ki, öldürülənlərdən 56 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib.
Ermənistan silahlı qüvvələri tərəfindən törədilən amansız qətliamı təsvir edən qanlı hadisənin şahidləri Xocalıda baş verənlərin hərbi tələbdən irəli gəlmədiyini, silahsız və günahsız mülki şəxslərə qarşı məhz azərbaycanlı olduqları üçün açıq-aşkar soyqırımı aktı törədildiyini diqqətə çatdırıblar. Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın bu ölkənin müdafiə naziri olduğu dövrdə Böyük Britaniyadan olan jurnalist Tomas de Vaala verdiyi müsahibədə azərbaycanlılar tərəfindən düşünülən “ermənilərin mülki insanlara qarşı əl qaldıra bilməyəcəyi” stereotipinin Xocalıda sındırıldığını etiraf etdiyi də məqalələrdə əksini tapıb.
Yazılarda, həmçinin 2020-ci ildə Azərbaycanın işğal altındakı torpaqlarını azad etdiyi və öz ərazi bütövlüyünü bərpa etdiyi vurğulanıb, Xocalıda olduğu kimi, Vətən müharibəsi dövründə də Ermənistanın dinc sakinləri hədəfə aldığı, nəticədə uşaqlar da daxil olmaqla, çoxlu sayda mülki azərbaycanlının qətlə yetirildiyi və ya yaralandığı diqqətə çatdırılıb, həm Xocalı soyqırımını, həm də son müharibə cinayətlərini törədənlərin hələ də cəzasız qaldıqları vurğulanıb.
Müəlliflər, eyni zamanda, 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası nəticəsində Xocalıda kütləvi soyqırımının insan haqları və beynəlxalq humanitar hüququn kobud pozuntusu olması barədə dünya ictimaiyyətində məlumatlılığı artırdığı, bir sıra beynəlxalq təşkilatlar tərəfindən pisləndiyi də diqqətə çatdırılıb.